Criminalaz.com saytının redaktoru Anar Məmmədov dünən vəkilləri ilə birlikdə ABŞ səfirliyində görüşdə olub.
Demokrat.Az xəbər verir ki, səfirliyin siyasi məsələlər üzrə müşaviri Christine Singh və mətbuat katibi Natan Consla görüşdə redaktora qarşı cinayət işi ilə bağlı vəziyyət müzakirə olunub.
"Biz diplomatlarla Azərbaycanda mətbuat azadlığının vəziyyəti, mənim işim üzrə bu günlərdə başlayacaq məhkəmə prosesi haqqında geniş müzakirələr apardıq", - deyən Məmmədov söhbətim təfsilatını açıqlamayıb.
Xatırladaq ki, iyulun 9-da Baş Prokurorluq İnternetdə bu ilin yayında Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların yayılması haqqında cinayət işi açıb.
Bundan sonra Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.
Noyabrın 30-da Məmmədov təqsirləndirilən şəxs statusuna keçirilib. Ona qarşı CM-in 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyliyə qarşı da bu cür ittihamlar irəli sürülüb.(Turan)


