“Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatını oxudum. Müəyyən edilib ki, Fuad Rəsulzadəni döyənlər şəhidimiz Xudayarın qardaşı, dayısı və xalası oğludur. Bir daha təkrar edirəm, hadisəni təqdir etmirəm.
Bir insan kimi isə açıq bildirirəm ki, onların yerinə mən də olsam hisslərimi cilovlayıb onlar kimi davranmayacağımı, sadəcə baxılmayan şikayətlər verməklə kifayətlənəcəyimi deyə bilmərəm. Hadisənin tam araşdırılması üçün cinayət işinin başlanmasına normal yanaşıram. Bununla belə, əminəm ki, Vətən Müharibəsində şəhidlər vermiş DİN bu hadisəyə anlayışla yanaşıb, Fuad kimi yaramazlardan "qəhrəman" obrazı düzəldilməsinə yol verməyəcəklər”.
Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov qeyd edib ki, əxlaq, mənəviyyət bilməyən bəzi yaramazlar artıq Fuad Rəsulzadədən "qəhrəman" obrazı düzəltməyə girişiblər: “Cəmiyyət olaraq Xudayara qarşı baş vermiş əxlaqsızlığı hamımız qınamalıyıq ki, gələcəkdə belə yaramazlar peyda olmasınlar”.
Demokrat.az


