Gündəm

Deputat: “Türkiyə ən müasir hərbi sənaye dövlətinə çevrilib”

Deputat: “Türkiyə ən müasir hərbi sənaye dövlətinə çevrilib”

"Baydenin erməni sevdası, əslində, Ermənistanın özünün Rusiyadan asılılığını gücləndirməklə ermənilərə zərbə oldu, bölgədə Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı üçün yeni perspektiv açdı. Lakin unutmayaq ki, baş verənlər ABŞ-Türkiyə və ABŞ-Azərbaycan tərəfdaşlığının sonu demək deyil, sadəcə, Bayden öz tarixi səhvi ilə bu münasibətlərin daha sürətli inkişafı yoluna süni əngəllər yaradaraq hər şeydən öncə Vaşinqtonun bölgədə mövqeyini zəiflədib nüfuzuna zərbə vurdu".

Bunu Pravda.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Baydenin saxta tarixi siyasətə alət etməsi ABŞ-ı regionda çətin duruma salıb: "Cozef Baydenə qədər bir dəfə, 40 il öncə Ronald Reyqan "soyqırım" ifadəsini işlətmişdi və bu ifadə Türkiyə Amerika münasibətlərini müəyyən dövrdə gərginləşdirməkdən başqa bir nəticəyə səbəb olmadı. Bu gün də eyniylə, Baydenin dedikləri 2020-ci ildə Azərbaycan qarşısında məğlub olmuş dünya erməniliyi üçün təsəllidən başqa bir şey deyil. Əlbəttə, yenə də Türkiyə ABŞ münasibətlərində problemli dövr başlayacaq. Lakin 40 il öncəkindən fərqli olaraq bu gün Türkiyənin geosiyasi durumu və imkanları əhəmiyyətli dərəcədə güclənib, ən müasir hərbi sənaye dövlətinə çevrilib. Həmçinin Sovetlərin dağılması ilə müstəqillik qazanan türkdilli dövlətlərin simasında ciddi strateji tərəfdaşlıqlar mövcuddur, habelə, Rusiya ilə münasibətlərin xarakteri dəyişib".

Bəhruz Məhərrəmov mövcud durumun Rusiya-Türkiyə münasibətlərində yeni bir mərhələ üçün başlanğıc olacağına şübhə etmir. Deputatın sözlərinə görə, Bu əməkdaşlıq formatı postmünaqişə dövrü Cənubi Qafqazda sülh və stabilliyin möhkəmlənməsi və Ermənistan üzərindən kommunikasiya xətlərinin açılması prosesini sürətləndirəcək.

"Aydındır ki, Ermənistanda söz sahibi Rusiyadır və rəsmi Moskva Türkiyə ilə yeni münasibətlər fonunda Qərbin təsir dairəsində olan və erməni diasporunun dəstəklədiyi revanşistlərin fəallaşmasına imkan verməyəcək, Ermənistanı vəziyyətlə daha tez barışmağa vadar edəcək. Bu mənada Baydenin erməni sevdası, əslində, Ermənistanın özünün Rusiyadan asılılığını gücləndirməklə ermənilərə zərbə oldu, bölgədə Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı üçün yeni perspektiv açdı", deyə B.Məhərrəmov əlavə edib.

Demokrat.az

D
demokrat.az