"Prezident İlham Əliyevin "İsgəndər-M" raketləri ilə bağlı bu yaxınlarda Rusiyadan cavab tələb etməsinə görə Kreml hakimiyyəti Azərbaycana təzyiq etməyə çalışır. Amma bununla Rusiya heç nəyə nail ola bilməyəcək".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyyatda olan general-mayor Kürşat Atılgan bildirib.
Türkiyəli general deyib ki, Rusiya Dağlıq Qarabağı öz nəzarətinə keçirməyə çalışır:
"Bilirsiniz ki, Ermənistanın indiki hakimiyyəti Qərbə doğru inteqrasiya yolunu tutub. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan istefa verəcək və növbədəkənar seçkilər keçiriləcək. Əgər Paşinyan seçkilərdə qalib gələrsə, o zaman Ermənistanın Qərbə inteqrasiyası sürətlənəcək. Təbii ki, Rusiya bunu yaxşı anlayır və çox çalışır ki, Paşinyan devrilsin. Əgər Paşinyan qalib gəlsə, yəqin ki, Rusiyanın Gümrüdəki hərbi bazası da Ermənistandan çıxarılacaq. Bu baxımdan da Rusiya Ermənistanda keçiriləcək seçkilərə qədər çalışır ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərə öz nəzarətini gücləndirsin. Amma Paşinyan seçkilərdə qalib gəlsə, o zaman Rusiya Qərbə doğru can atan Ermənistana dəstəyini dayandıracaq. Bu isə Azərbaycan üçün yeni avantajlar yaradır".
Kürşat Atılgan Azərbaycan Ordusunun gözlənilən təxribatlara hər an hazır vəziyyətdə olduğunu söyləyib:
"Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Bu ordu 44 günlük Vətən müharibəsində öz gücünü həm düşmənlərə, həm də dünyaya nümayiş etdirdi. Amma Azərbaycan Silahlı Qüvvələri daim güclənməli və təkmilləşməlidir. Bu istiqamətdə Türkiyə ilə Azərbaycan silahlı qüvvələrinin ortaq hərbi təlimləri keçirilir. Bu gələcəkdə də davam etdiriləcək. Türkiyə Azərbaycanı heç zaman yalnız buraxmaz. Bunu Rusiya da yaxşı anlamalıdır. Necə ki, 44 günlük müharibədə bunu dünya gördü. Əgər qardaş Azərbaycana qarşı kənar dövlətlərin hərbi təxribatı olarsa, o zaman Türkiyəni qarşılarında görəcəklər".
Vaqif Hüseynli Demokrat.az


