Gündəm

Etimadı itirən sülhməramlı missiya

Etimadı itirən sülhməramlı missiya

Müharibə cinayətkarı Arutunyan rəsmi Moskvanın icazəsi olmadan Rusiyaya səfər edə bilərdimi?

Qarabağ ətrafında təxribatların ardı-arası kəsilmir. 44 günlük müharibədə qazanılan Zəfərin ardından bölgədə yenidən gərginlik yarada biləcək hərəkətlərə rəvac verilməkdədir. Məğlub, ordusu məhv olmuş, iqtisadiyyatı çökmüş Ermənistan məqsədli şəkildə təxribatçı hərəkətlərə müəlliflik etmək üşün həvəsləndirilir, alət rolunda missiyasını davam etdirir.

Əslində tam əksi olmalı idi. 10 noyabrda imzalanan bəyanatın mərhələli şəkildə icrası tədricən bölgəyə davamlı barışın gəlməsi üçün baza rolunu oynamalı idi. Amma görünən odur ki, Rusiya və bu ölkədəki müəyyən qüvvələr Ermənistandan alət kimi yararlanmaq siyasətinə ara vermək niyyətində deyil. Rusiyanın sülhməramlı missiyasına kölgə salan hərəkətlər Ermənistandan çox məhz elə bu ölkənin əli ilə törədilir.

Müharibə cinayətkarı olan Araik Arutunyanın Moskvaya səfəri də məhz bu hadisələrdən biri, bəlkə də birincisidir.

Arutunyanının Rusiyada səfərdə olmasını Ermənistan mediası işıqlandırıb və bu olduqca təhlükəli, münasibətlərə ciddi zərbə vuran bir addımdır.

Birincisi, Azərbaycan tərəfindən barəsində axtarış elan olunmuş cinayətkar bir şəxsin Moskvaya səfərinin təşkili Rusiyanın sülhməramlı missiyası ilə daban-dabana ziddir.

İkincisi, rəsmi Moskvanın icazəsi olmadan cinayətkar və axtarışda olan bir şəxsin Rusiyaya sərbəst səfər etməsi nə dərəcədə mümkün ola bilər?

Bundan əvvəl də Arutunyanın Rusiyaya səfəri təşkil olunmuşdu və görünən odur ki, Rusiyada müəyyən dairələr bölgədə gərginliyin, seperatizmin alovlanmasında maraqlıdır. Təəssüf ki, buna başqa ad tapmaq mümkün deyil!

Bunun əksi olsaydı, Moskva böyük həvəslə cinayətkara qucaq açmazdı. Suallar çoxdur. Arutunyanın Rusiyaya hansı ölkənin pasportu ilə səfər etməsi da bu suallar sırasındadır.

Bütün bu sualların cavabı isə susqunluq nümayiş etdirən Moskvadadır. Necə ki, “İsgəndər-M”lə bağlı açıq qalan, cavabını gözləyən sualların cavabı Rusiyadadır.

Bu davranışlar strateji müttəfiqliyə zərbə vuran, bölgədə gərginliyə rəvac verə biləcək ciddi hadisələrdir. Xüsusilə, müharibə cinayətkarının hər hansı ölkəyə səfəri, o ölkə ki, bölgədə sülhməramlı missiya daşıyır, dözülməz haldır. Maraqlıdır, analoji addım Rusiyaya qarşı sərgilənsəydi, hansı reaksiyanı verərdi? Separatizmin nə olduğunu öz təcrübəsində görən Rusiyanın belə şəxsləri himayə etməsinə izah tapmaq çətindir.

Məgər Moskva bilmirmi ki, Arutunyan müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edən bir şəxsdir? Bilmirmi ki, bu şəxs seperatçı rejimə rəhbərlik edib, müharibə cinayətləri törədib və Azərbaycan tərəfindən axtarışa verilib?

Artıq Dağlıq Qarabağda sülhməramlı missiya həyata keçirən Rusiyanın bu istiqamətdə fəaliyyətinə kölgə düşüb desək, yanılmarıq. Arutunyanın Moskva səfərinin təşkili bunun ən bariz nümunəsi kimi ortadadır.

Təkcə bumu? Məlumdur ki, ermənilər aprelin 22-də sərhəddə növbəti təxribat törədib və Azərbaycanın Dövlət Sərhəd Xidməti bununla bağlı geniş məlumat yayıb. Azərbyacan tərəfi Rusiyanın xahişi ilə hadisəyə dözüm nümayiş etdirib. Maraqlıdır, Ermənistan tərəfinin analoji təxribatlara əl atmayacağına zəmanət varmı? Seperatçı, müharibə cinayətkarının səfərini təşkil edən Rusiya tədricən sülhməramlı kimi etimad və inamını itirdiyinin fərqində deyilmi?

Azərbaycan tərəfi problemlərin diplomatik yollarla cözümünə çalışır, strateji müttəfiqliyə zərər vura biləcək hərəkətlərə rəvac vermir, imzalanan bəyanata sadiqliyini nümayiş etdirir. Amma belə hallar təkrarlanacağı təqdirdə Azərbaycan Ermənistan tərəfinə adekvat cavab vermək zorunda qalacaq.

Bölgədə əməkdaşlıq əlaqələrinin qurulması, kommunikasiyaların açılması istiqamətində fəaliyyət göstərildiyi bir zamanda belə hadisələr qəsdən, məqsədli şəkildə törədilən təxribatdan başqa bir şey deyil. Ən azından ortada sülhməramlı missiyanın adekvat reaksiyası ortada yoxdur! Moskvaya müharibə cinayətkarının səfəri təşkil olunur və s.

Anlamaq lazımdır ki, bütün bu təxribatlar hədəfinə çatmayacaq. Ermənistandakı təxribatçı dairələr və onların himayədarları unutmamalıdır ki, qalib Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü qorumaq, bərpa etmək qüdrətini 44 günlük müharibə ilə bütün dünyaya nümayiş etdirib. Azərbaycanın məsələnin diplomatik yollarla həllinə çalışması strateji müttəfiqliyi qorumaq, gücləndirmək niyyətindən qaynaqlanır. Və eyni davranışı qarşı tərəfdən gözləyir.

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az