Sosial

"Prezident xalqın sözünü eşidir, məsələləri yoluna qoyur, islahatlar davam etdiriləcək"

Prezident xalqın sözünü eşidir, məsələləri yoluna qoyur, islahatlar davam etdiriləcək

"Son dövrlər cəmiyyətdə səhiyyə sisteminə qarşı hədsiz dərəcədə neqativ fikirlər dövriyyədə idi. Bu da öz növbəsində islahatların həyata keçirilməsini qaçılmaz edirdi. Hesab edirəm ki, indi Səhiyyə nazirliyi ilə TƏBİB-in funksiyalarının aydınlaşdırılması üçün əsl fürsətdir".

Demokrat.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bu məsələyə reaksiyasından məmnundur.

Prezident xalqın sözünü eşidir, məsələləri yoluna qoyur, islahatlar davam etdiriləcək
T.Kərimli hesab edir ki, belə uğurlu islahatlar davam etdiriləcək və ölkədə daha sağlam tibb orqanları yaradılacaq: "Prezident İlham Əliyevin sərəncamı ilə Oqtay Şirəliyev vəzifəsindən azad edilib. Səhiyyə sahəsində islahatların aparılması, TƏBİB yaradılaraq bir sıra səlahiyyətlərin bu quruma keçməsi orqanlar arasında paralellik yaratdı. Bəzən bu qurumların funksiyaları tam aydın deyildi, çünki funksiyalar zaman-zaman birindən alınıb digərinə verilirdi. Bundan başqa, son dövrlər vəzifəli həkimlərin həbsi, onların məsuliyyətə cəlb edilməsi halları da artmışdı. Qısacası, cəmiyyətdə səhiyyə sisteminə qarşı hədsiz dərəcədə neqativ fikirlər dövriyyədə idi. Bu da öz növbəsində islahatların həyata keçirilməsini qaçılmaz edirdi. Hesab edirəm ki, bu, artıq Səhiyyə Nazirliyi ilə TƏBİB-in funksiyalarının aydınlaşdırılması üçün əsl fürsətdir. Yaxşı olar ki, ümumən belə ikili sistem aradan qaldırılsın - ya Səhiyyə Nazirliyi olsun, ya da TƏBİB. İki paralel struktur nəyə lazımdır ki?! Şübhəsiz ki, səhiyyə sistemində də idarəetmənin korporativ formasına keçiriləcək. Fikrimcə, Müşahidə Şurası yaradılarsa, daha yaxşı olar, nəticədə şəffaflıq təmin olunar. Xəstəxanalarla, pandemiya ilə bağlı məsələlərdə, həmçinin dərman sektorunda xalq tərəfindən çox ciddi narazılıqlar var idi. Bundan məmnunam ki, Prezident xalqın sözünü eşidir, məsələləri yoluna qoyur".

Tahir Kərimli həmçinin qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklərdən biri də "səhiyyə orqanları" əvəzinə, "tibb orqanları" ifadəsinin daxil edilməsidir: "Bu, artıq islahatların istiqamətini göstərir. Yəni səhiyyə sistemində daha çox "tibb" terminin işlənməsi onu göstərir ki, inzibatçılıq aradan qaldırılacaq, xalq üçün xidmət göstərən tibb müəssisələrinə çevriləcək. Belə olan halda, ağırlıq mərkəzi daha çox tibb müəssisələrinin vəzifəli şəxslərinin üzərinə düşəcək".

Qeyd: Aprelin 23-də Prezident İlham Əliyev Oqtay Şirəliyevin Azərbaycan Respublikasının Səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

D
demokrat.az