Gündəm

Savaş və mübarizələrdə keçən 55 il: İrəvanda görüşərik

Savaş və mübarizələrdə keçən 55 il: İrəvanda görüşərik

Ötən əsrin sonlarında Azərbaycanda sovet imperiyasına qarşı başlayan Milli Azadlıq Hərəkatının veteranlarından olan Köçəri Nağıbəyli 55-ci doğum gününü qarşılayır.

Gənc yaşlarında milli azadlıq hərəkatına qoşulub, erməni təcavüzünə qarşı fəal vətəndaş və ziyalı mövqeyi ortaya qoyan Köçəri Nağıbəyli ömrünün 35 ilini bu mübarizəyə həsr edib. 1990-cı ildə sovet hərb maşını tərəfindən öldürülən şəhidlərimizin il dönümündə ölkəmizdə ilk dəfə “Boz qurd” heykəli onun müşayiəti altında indiki 20 yanvar dairəsindən Şəhidlər Xiyabanına aparılıb. Sovet hakimiyyəti sözsüz ki, uzun illərdən sonra türkçülük simvolunu paytax Bakı küçələrində peyda olmasını ona bağışlamayıb və elə həmin günün axşamı Nağıbəyli həbs edilib.

Qərbi Azərbaycandan 1988-ci ildə deportasiya edilən 100 minlərlə insanın ilk istinad etdiyi Zəngəzur Təşkilatı da onun tərəfindən qurulub. Bu təşkilat deportasiya edilən soydaşlarımızın hüquqlarını qoruyub. Təşkilat Vəzirov-Mütəllibov cütlüyünün qaçqınların yerləşdirilməsinə biganə münasibəti ilə barışmayaraq deportasiyaya məruz qalan insanları müdafiə edərək onların haqq səsinin carçısı olub. Həm sovet imperiyasının Bakıdakı nökərlərinə, həm də təcavüzkar Ermənistana qarşı mübarizə aparıb. Ermənilərin Azərbaycandan dinc və zorakılıq olmadan çıxarılması işini də Zəngəzur Təşkilatı həyata keçirib.

55 yaşını tamamlayan K. Nağıbəyli eyni zamanda ilk dəfə “İrəvan” qəzetini təsis etməklə Ermənistanın nəzarəti altında olan qədim türk torpaqlarının unutdurulmaması, Qərbi Azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması uğrunda mübarizəni təşkil edib.

Köçəri Nağıbəyli bu gün də indiki Ermənistandan qovulan 100 minlərlə insanın tarixi torpaqlarına qayıtması, bu ərazilərin unudulmaması uğrunda mübarizə aparan Deportasiya Qurbanları Cəmiyyətinə rəhbərlik edir, bu müqəddəs məqsədlərə nail olmaq üçün həm təbliğat, həm də ideoloji mübarizənin önündə gedir.

Bu fəaliyyətinə görə, Köçəri Nağıbəyli zaman-zaman təqiblərə də məruz qalıb. Bir zamanlar Vəzirov-Mütəllibov cütlüyünün, daha sonra Ramiz Mehdiyevin haqsız hücumları ilə üzləşib, işindən edilib, çörək imtahanına çəkilib. Təsadüfi deyil ki, Nağıbəyli 2000-ci ildə deportasiya günü münasibətilə tədbir keçirməsi səbəbindən Ramiz Mehdiyev və onun tör-töküntüləri tərəfindən işindən çıxarılıb.

Nağıbəyli bu illər ərzində dövlətinə və millətinə bağlı şəxs kimi özünü təsdiq edib, milli mövqe tələb edən məsələlərdə daima öndə olub, türkçülük və millətçilik xəttinin aparılmasında fədakarlığı ilə seçilib.

Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda illərlə mübarizə aparmış K.Nağıbəyli 55 illik ömrünü şərəflə yaşayan, ən ağır şərtlər altında ölkəsinin, dövlətinin, bayrağının təəssübünü çəkən və bunların uğrunda ölümə belə hazır olduğunu dəfələrlə sübut edən millət fədaisidir.

Zaman-zaman müxtəlif pillələrdə və postlarda olmasına baxmayaraq səmimiyyəti, dəyişməzliyi, insanlara xoş münasibəti heç zaman dəyişməyib. Ömrü mübarizələrdə keçən, milli davada öndə olan Nağıbəyli bu gündə faşizmdən fərqlənməyən ermənizmə qarşı ön səngərdədir.

Deportasiya Qurbanları Cəmiyyəti yubliyarı təbrik edərək ona can sağlığı, fəaliyyətində uğurlar arzu edir.

Cavid Turan Demokrat.az

D
demokrat.az