"Rusiyanın miqrantlarla bağlı qərarını siyasiləşdirmək və qloballaşdırmaq lazım deyil. Burada heç bir ölkənin hədəf seçilməsindən söhbət gedə bilməz".
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov deyib.
Deputat bildirib ki, Rusiyanın bir sıra dövlərlərin miqrantlarının ölkədən çıxarılması ilə bağlı verdiyi qərar öz qanunlarına uyğundur.
Azər Badamovun sözlərinə görə, kimsə hansısa ölkənin qanunlarını pozursa, təbii ki, deportasiya olunmalıdır: "Əgər ölkədə qeyri rəsmi şəkildə yaşayanlar varsa, ölkə öz qanunlarından istifadə edə bilər. Rusiyanın qəbul etdiyi qərar təkcə Azərbaycan üçün deyil, bütün MDB ölkələrinə aiddir. Azərbaycanlılarla bağlı ilə qeyd etmək istərdim ki, əgər onlar Rusiyada hansısa problemlərlə üzləşirlərsə, qısa müddətdə lazımi prosedurları həyata keçirərək ölkəyə qayıda bilərlər. Təkrar edirəm, bu, Rusiyanın daxili işidir və sadəcə, qanunlarını tətbiq edir".
Qeyd: Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılmasını tələb edir. Statistikaya görə, Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 min, Qazaxıstanın 49 min vətəndaşı Rusiyada qeyri-qanuni əsaslarla yaşayır.
Demokrat.az


