Ramazan ayında məhdudlaşdırma olmayacağı təqdirdə daha acı nəticələrlə üzləşə bilərik.
COVİD-19-la bağlı mövcud statistika heç də ürəkaçan deyil - yoluxanların sayı yenidən getdikcə artır. Hətta ölənlərin sayında da artım var. Həm də təkcə Azərbaycanda yox, dünyanın hər yerində vəziyyət oxşardır və təəssüfedicidir. Görülən tədbirlərə, başlanmış vaksinasiyaya rəğmən, xəstəliklə mübarizədə istənilən nəticəyə hələ ki, nail olmaq mümkün deyil. Demək ki, həyatın normala qayıtması üçün hələ zamana və şübhəsiz ki, gigiyenik tədbirləri daha ciddi davam etdirməyə ehtiyac var. Başlıcası, müəyyən qapanma tədbirlərinə getmədən bu bəlanı aradan qaldırmağın çarəsi görünmür. Mövcud durum bunu zərurətə çevirməkdədir. Hazırda COVİD-19 virusuna yoluxma sayı sürətlə artırsa, ətrafımızda bu virusdan xəstələnmə, ölüm adi hala çevrilirsə başqa yol qalırmı?
Bu gün dövlətin üzərinə düşən bütün vəzifələri icra etməsinə, mümkün tədbirləri operativ şəkildə həyata keçirməsinə, həkimlərin məsələyə daha peşəkar yanaşmalarına rəğmən durum mənfiyə doğru dəyişməkdədir. Deməli, dünya ölkələrinin və əvvəlki dövrdə Azərbaycanın özünün təcrübəsi (ciddi artım varsa və proqnozlar yayılmanın daha da genişləyəcəyini təsdiqləyirsə) qapanmanı zəruri hala çevirir.
Gəlin xatırlayaq; ötən ilin bu vaxtlarında dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də pandemiya ilə mübarizə sərt bir mərhələyə qədəm qoymuşdu. Ramazan ayında kütləvi toplanma ehtimalına görə, bütün yığıncaqların, bayramlaşmaların qadağan olunması, qapanmaya gedilmsi vacib idi və cəmiyyət də buna anlayışla yanaşdı. Sərtliyin nəticəsi o oldu ki, yay aylarında yoluxma sayında əməlli eniş baş verdi. Ölənlərin sayında da təbii şəkildə azalma müşahidə olundu.
İndi mövcud təcrübədən yararlanmaqla müsbət nəticələr əldə etmək mümkündür. Söhbət ondan gedir ki, Ramazan ayında məhdudlaşdırma olmayacağı təqdirdə daha açı nəticələrlə üzləşə bilərik. Yəni qapanmalara gedilməsə, iftar süfrələri arxasında insanların kütləvi şəkildə toplaşmasının qarşısını almaq mümkün olmayacaq və nəticə etibarilə yoluxmanın daha da artacağı mənzərəsi ilə baş-başa qalacağıq. İstənilən halda Ramazan ayında kütləvi tədbirlərin yolverilməzliyini dərk etməliyik və bu rəsmi qaydada məhdudlaşdırılmalıdır. Bunun əksi xoş heç nə vəd etmir.
Beləliklə, ortada müsbət təcrübə artıq var və hazırkı yoluxma səviyyəsi diktə edir ki, dövlət qapanmada sərt addımları təkrarlasın. Burada tənqid olunası məqam odur ki, cəmiyyət əvvəlki şəkildə qapanmaya razı yanaşmır, halbuki bütün məhdudiyyətlər elə vətəndaşın özü üçündür. Doğrudur, pandemiyanın uzanması insanlarda əsəbilik, gərginlik yaradır, onları doğmaları ilə təmasdan uzaq salır, normal iş həyatından, maddi qazancından bir qədər məhrum qoyur, bu, başadüşüləndir. Lakin emosional olarkən, baxmaq lazımdır dünyadakı mənzərəyə. Bütün mübarizə formaları oxşar deyilmi? Məhdudlaşma eyni vaxtda getmirmi? Əgər dünya bu mübarizədə hələ də acizdirsə, demək tənqid etmək, narazılıq göstərmək yerinə, bizdən tələb olunanlarla razılaşmaqdan başqa yol yoxdur.
Müsbət məqam odur ki, vaksinasiya ilə bağlı təbliğat və peyvəndlənmə prosesi yaxşı başlayıb və sürətlə davam edir. Bəzi ölkələrdən fərqli olaraq vaksinlə bağlı problem yaşamırıq. Vaksinin pis təsiri ilə bağlı heç bir fakt ortaya qoyulmayıb. Hətta vaksin olunan insanların xaricə çıxışına da əngəl qalmayacaq. Bu temp bir müddət sonra daha uğurlu nəticələrin əldə olunmasına məhdudiyyətlərtin yumşaldılmasına, əvvəlki həyatımıza dönüşə imkan verəcək. Məhz həmin müddətdə səbr və anlayış nümayiş etdirməyimiz olduqca vacibdir...
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


