Sosial

“Yazdıqlarımdan ibarət 5-6 kitab buraxdırmaq fikrindəyəm” – Ramiz Əzizbəyli

“Yazdıqlarımdan ibarət 5-6 kitab buraxdırmaq fikrindəyəm” – Ramiz Əzizbəyli

“Ümumiyyətlə, 5-6 kitab buraxdırmaq niyyətindəyəm. Hələ ki, ikisini çap etdirmişəm. Hələ 4-5-i qalıb, onları da gələcəkdə çap etmək fikrindəyəm. Sadəcə, xəstə vaxtıma düşdü deyə, kitabla bağlı işlərim ləngidi. Yoxsa, bir neçəsi çoxdan hazır olacaqdı. Bir şeirlər kitabım var; “Cızma-qara şeirlər” adlanır. Ondan sonra birini də çapdan çıxardım, daha sonrası qaldı. Amma təkrar edirəm, fikrimdə var ki, bundan sonra daha 4-5 bədii kitabım işıq üzü görsün”

Demokrat.Azxəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycanın teatr və kino aktyoru, rejissor, xalq artisti Ramiz Əzizbəyli deyib. Qeyd edək ki, onun səhhəti ilə bağlı media uzun müddətdir ki, ictimaiyyəti bilgiləndirir. Ardıcıl bir neçə xəstəlikdən sonra, təəssüf ki, Xalq artisti uzun müddətdir, sənətdən, pedaqoji fəaliyyətdən kənarda qalıb.

Lakin bu o, onun bədii yaradıcılığına təsir etməyib. Xalq artisti bu istiqamətdə fəaliyyətini davam etdirir. Özünün də dediyi kimi, qarşıdakı məqsədi daha bir neçə kitabı çap etdirməkdir.

Bununla yanaşı, səhhətindən də danışan Xalq artisti yenə də bəzi nasazlıqların olduğunu, xəstəliyin davam etdiyini qeyd edib.

Xatırladaq ki, Ramiz Əzibəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. M.A.Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə "Debüt" studiyasının çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb.

R.Əzizbəyli 1991-ci ildə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və Azərbaycanın yeni tarixində çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.

Demokrat.Az

D
demokrat.az