“Aparıcı Avropa ölkələri iki dövlətin münasibətinin yaxşılaşdırılmasına kömək etmək əvəzinə, düşmənçiliyi artırırlar. Bu məsələyə başqa cür qiymət vermək mümkün deyil. Bütün bunlar, sözsüz ki, erməni lobbisinin təbliğat kampaniyasının nəticələridir”. Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Eldar Quliyev deyib. Deputat bildirib ki, Almaniyanın Azərbaycana qarşı qərəzli mövqeyi bizim onlara qarşı xoş münasibətimizə adekvat deyil: “Almaniyanın ölkəmizə qarşı qərəzli mövqeyinin mərkəzində erməninin barmağı var, başqa cür ola bilməz. Biz işğalda olan torpaqlarımızı 44 günlük Vətən Müharibəsində azad etdik. Yəqin ki, Almaniya bu qələbəni həzm edə bilmir. Elə qəbul edə bilməmələrinin səbəbini də araşdırsaq, məlum olacaq ki, bu işdə də erməni rol oynayır. Almaniyanın hər zaman Azərbaycanla yaxşı münasibətdə olmasına baxmayaraq, son zamanlar müəyyən dəyişiklikləri müşahidə edirik. Azərbaycanda olan səfirliklərin nümayəndələri işğaldan azad edilmiş ərazilərə gedərkən Almaniyanın Azərbaycandakı səfiri diplomatlara qoşulmadı. Hesab edirəm ki, bu ikili yanaşmadır. Bu, bir daha onu göstərir ki, erməni lobbiləri Almaniyada Azərbaycan əleyhinə kampaniyalara davam edirlər. Çünki Almaniyanı hər zaman qabaqcıl dövlətlərdən biri kimi tanımışıq. Biz belə kampaniyaları Niderlanddan, Fransadan görmüşdük, amma Almaniyadan heç vaxt. 1993-94-cü illərdə BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnaməsi qəbul olundu. Bilirik ki, ATƏT-in aparıcı üzvlərindən biri də Almaniyadır. Bu münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu hər zaman sülh təklif edirdi. Lakin ATƏT Minsk Qrupunun yaradılmasından 26 il keçməsinə baxmayaraq münaqişənin həlli istiqamətində bir addım da olsa, irəliləyiş əldə edə bilməmişdik. Beləliklə, münaqişə sülh yolu ilə həll edilə bilməsə də, Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyümüzü təmin etdi”. Eldar Quliyev həmçinin vurğulayıb ki, aparıcı Avropa ölkələri bizim şanlı qələbəmizi dəstəkləmək əvəzinə, planlarımızın qarşısına şlaqbaum qoymağa çalışırlar: “Digər tərəfdən, Almaniya Türkiyənin Azərbaycana dəstəyini niyə qəbul edə bilmir?! Türkiyə bizə əsgər, yoxsa silah göndərib?! Azərbaycan Rusiyadan, İsraildən, Ukraynadan aldığı kimi, Türkiyədən də silahları pulu ilə alıb. Əlbəttə ki, Azərbaycan ciddi şəkildə ordusunu hazırlamalı və torpaqlarını azad etməli idi və biz Ali Baş Komandanın rəhbərliyi ilə bunun öhdəsindən gəldik! Aparıcı Avropa ölkələri iki dövlətin münasibətinin yaxşılaşdırılmasına kömək etmək əvəzinə, düşmənçiliyi artırırlar. Bu məsələyə başqa cür qiymət vermək mümkün deyil. Təkrar edirəm, bütün bunlar, sözsüz ki, erməni lobbilərinin təbliğat kampaniyasının nəticələridir”. Demokrat.az
Eldar Quliyev: “Almaniya Vətən Müharibəsindəki qələbəmizi həzm edə bilmir”
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


