Siyasət

"Ermənistandakı vəziyyət bir bankadakı iki hörümçəyə bənzəyir, biri digərini məhv edəcək" - Deputat Elman Nəsirov

Ermənistandakı vəziyyət bir bankadakı iki hörümçəyə bənzəyir, biri digərini məhv edəcək - Deputat Elman Nəsirov

"Hazırda Ermənistanda vəziyyət gərgindir. Dağlıq Qarabağdakı separatçı rejimlə Nikol Paşinyan arasında gərginlik hökm sürür. Bu, bir qabda iki hörümçəyin olmasına bənzəyir. Bir bankada iki hörümçək yerləşə bilməz. Onlardan biri digərini mütləq məhv etməlidir. Bu gün Ermənistandakı vəziyyəti məhz buna bənzədirlər".

Bu fikirləri Demokrat.Az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.

Deputat deyib ki, ya Nikol Paşinyan qalib gələrək Qarabağdakı separatçı rejimin rəhbərliyini məhv edəcək, yaxud da onlar Paşinyanı məhv edəcəklər:

"Bu gün reallıq məhz belədir. Amma hesab edirəm ki, bu məsələdə Nikol Paşinyanın Qarabağdakı klanı hakimiyyətdən uzaqlaşdırması nəticə etibarı ilə regionda müsbət proseslər üçün müsbət şərait yarada bilər. Ancaq hər şey hadisələrin gedişatından asılı olacaq. Çünki bu gün Ermənistanda gərginlik pik nöqtəsinə çatıb".

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Milanda keçirilən görüşünə də toxunan E.Nəsirov qeyd edib ki, bu görüşdən hər hansı ciddi nəticə gözləməyə dəyməzdi:

"Çünki Ermənistan parlament seçkiləri astanasındadır. Seçkilərdə də Dağlıq Qarabağ məsələsi həlledici rol oynayır. Hakimiyyət və müxalifət bir-birini məhz Dağlıq Qarabağ münaqişəsi məsələsində ittiham edirlər. Hətta, müxalifət ittiham edir ki, əgər Paşinyan hakimiyyətdə qalsa, biz Dağlıq Qarabağı itirəcəyik. Paşinyan isə deyir ki, əksinə erməni müxalifəti Dağlıq Qarabağı Azərbaycana verməyə hazırlaşırdı. Bu cür populist bəyanatlar fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən müsbət irəliləyiş gözləmək çətindir. Çünki Ermənistan tərəfi konustruktiv mövqe sərgiləmir və daxili auditoriyaya hesablanan populist çıxışlar edirlər. Amma Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra köklü dəyişikliklərin baş verməsi istisna deyil. Çünki Ermənistan hakimiyyəti ilə separatçı Dağlıq Qarabağ rəhbərliyi arasında gərginlik artıb. Artıq erməni mətbuatı da yazır ki, Dağlıq Qarabağdakı klanla Paşinyan arasında müharibə gedir. Bu müharibədə ya Paşinyan qalib gəlib separatçı rejimin rəhbərliyini siyasi səhnədən uzaqlaşdıracaq, yaxud da uduzacaq. İndiki halda Paşinyan daha güclü görünür. Paşinyan qalib gələcəyi təqdirdə Xocalı soyqırımının törədilməsində günahı olan siyasi qüvvələrin hakimiyyətdən tam uzaqlaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesə müsbət töfhələr verə bilər".

Zaur Hacılı Demokrat.Az

D
demokrat.az