Maraqlıdır, əgər biz 44 günlük müharibədə Ermənistana uduzsaydıq, buna lağ-luğaz edəcəkdik? Sanıram ki, əsla belə bir şey olmayacaqdı. Buna dili dönən şəxs bu millətdən ola bilməz, olsa da o şəxsdə nəinki vicdan, heç adi insanlıq da olmaz.
Amma futbolda uduzmağımıza lağ edirik. Hətta lağdan da o tərəfə keçirik, oyunçularımızı, bütövlükdə milləti aşağılayırıq, “əlimizdən (o biri yeri yazmıram ta) bir iş gəlmir” deyə rəy yaradırıq.
Hələ bir var, bu rəy dünyanın dev komandalarından birinə uduzandan sonra ortaya çıxsın, bir də var oyundan öncə. Həmişə belə olur. Dünya və Avropa çempionu olmuş milli yığmalardan biri ilə qarşılaşanda uzaqgörən futbol bilicilərimizin bir xeylisi ürəkaçan proqnozlar verir: “Bizə azı dörd-beş dənə vuracaqlar”; “Qapımızı aşsüzənə döndərəcəklər”; “Allah ürəklərinə insaf sala, heç olmasa üçdən artıq vurmayalar”; “Rüşvət vermək lazımdır ki, az vursunlar”; “Alman maşınının altında xurd-xəşil olacağıq”; “Portuqaliya bizi portağal kimi yeyəcək” və sair və ilaxır. Bu xüsusda məzəli status və şərh yaza biləcək zəka sahiblərimiz çoxdur. Maşallah, çoxu da döyülməkdən, əzilməkdən ləzzət alan mazoxistlər kimi səbirsizliklə oyun saatının başlanmasını, dediklərinin düz çıxmasını, oyunun bitməsini gözləyirlər ki, matçdan sonra oturub yazsınlar: “Mən deməmişdimmi (yazmamışdımmı) belə olacaq?”
Hələ bununla bitsəydi nə vardı ki? Ardınca belə bir geniş yayılmış rəy qanadlanıb uçacaq: “Yox e, yox. Futbol bizlik deyil. Başını buraxaq, getsin. Bizimki güləşdir, taekvondodur. Bir-birimizə badalaq vurmaq, təpik atmaq işində ustayıq biz. Futbol hara, biz hara?”
Yenə maraqlıdır, məgər biz o vaxt Qarabağ müharibəsində dürlü səbəblərdən (əsasən də müharibə aparmaq məşqi etməməyimizdən) uduzandan sonra “müharibə bizlik deyil, başını buraxaq, torpaqları verək, getsin” deyirdikmi? Demirdik. Əksinə, deyirdik, toparlanaq, silahlanaq, güclənək, düşmənə həddini göstərək. Axırda elə oldu. Ordumuz bütün xətlərdə etibarlı mübarizə apardı, artilleriyamız düşmənin qapısına, bunkerinə sərrast top atəşləri vurdu, XTQ-miz xet-trik elədi, hələ Şuşada “çerez sebya” deyilən atletik fənd həyata keçirdi və qələbə qazandıq. Demək, pəs etməyə dəyməzmiş.
Futbol nədir ki, o boyda qanlı, odlu müharibəni udan bir millətin oğulları onun əlində əsir-yesir qalsınlar?
O vaxt, “camaatını evdən çölə çıxa bilmədiyi illər”də müdafiə naziri Dadaş Rzayev demişdi ki, 11 nəfər tapıb düz-əməlli futbol oynada bilmirik, mən qısa müddətdə necə ordu qurum, müharibə aparım.
Bu söz adamların qulağına xoş gəlmişdi və müəyyən mənada gerçəkliyi əks etdirirdi. Amma zaman keçdi, biz bir neçə yüz min oğlan yığdıq və ordu qurduq, amma hələ də rəqiblərini meydana çıxmağa peşman edəcək 11 nəfər tapa bilməmişik.
Belə oğullar varmı? Var. Özü də bəs qədər. Təkbətək yarışlarda rəqiblərini tatamidə süpürləyən, dünya çempionu olan, olimpiya medalı qazanan, bu sayədə və medal sayında ölkəmizi dünya dövlətlərinin içində ilk əlliliyə salan onlarca atletimiz var. Demək, biləyimizin gücü, dizimizin təpəri, qəlbimizin odu var.
Bəs çatışmayan nədir? Bizim çatışmayan cəhətimiz kollektiv oyunların fəlsəfəsini çözə bilməməyimizdir, bu məsələyə intellektual yanaşmamağımızdır və bir də özgüvənimizin sıfırın üstündə olmasıdır. Adlı-sanlı komanda ilə oynayanda elə bilirik ki, onlar meydana 22 nəfərlə çıxıblar və hamısı əjdahadır, hərəsinin dörd ayağı, iki başı var, bizi “hopp” edib udacaqlar.
Elə deyil. Bütün komandalar meydançaya eyni sayda oyunçuyla çıxırlar. Sadəcə, onların bizdən fərqli şeyləri ustalıqları və intizamlı olmalarıdır. Onlar daima öz üzərlərində işləyirlər, çoxlu məşq edirlər, məşqdən sonra qəlyan çəkməyə, maşın ötüşdürməyə getmirlər, başqa ölkələrin futbol oynamaqlarına əyləncə üçün baxmırlar, incə-incə analiz edirlər, bir də beyinlərində “barı az qol yesəydik” fikri olmur, “bacardıqca çox qol vuraq, sonra lazım olacaq” düşüncəsi olur.
Elə dünən dünyanın 1 və ya 2 nömrəli futbolçusu Ronaldo və Portuqaliya millisi də meydana o niyyətlə çıxmışdı, Ronaldo xet-trik etmək istəyirdi, Portuqaliya isə azı 5 qol vurmaq fikrindəydi. Nə oldu? Vura bilmədilər. Oyinda cəmi bir qol vuruldu, onu da özümüz vurduq. Demək istəyəndə vura bilirik.
Axırıncı cümlə zarafat idi, amma qətiyyən lağlağı deyil.
Hesab edirəm ki, bu mövzuda lağlağını, aşağılayıcı, pisikdirici rəy istehsalını bitirməliyik. Xüsusulə də avtoqol statistikası barədə zarafatlara son verək. Xoşagələn şey deyil.
Qoy futbolçularımız da səngərə girən döyüşçülərimiz kimi arxalarında daima dəstəyimizi hiss etsinlər.(musavat.com)
Demokrat.az


