Gündəm

Rəşad Baxşəliyev: Ermənilərin üstünə yeridikcə silahlarını, bayraqlarını, “qeyrətlərini” atıb qaçırdılar

Rəşad Baxşəliyev: Ermənilərin üstünə yeridikcə silahlarını, bayraqlarını, “qeyrətlərini” atıb qaçırdılar

30 ildir ki, gözlədiyimiz Qələbə artıq bizimlədir. Azərbaycan xalqı xeyli vaxtdır ki, ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfəri qeyd etməkdədir. 44 günlük Vətən müharibəsində iştirak edənlər arasında bütün təbəqələrdən olan insanlar, həmçinin qələmi silaha dəyişən xeyli sayda jurnalist var.

“İki sahil”in növbəti müsahibi Vətən müharibəsi iştirakçısı, “Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyevdir.

- Rəşad bəy, müsahibəmizə ilk olaraq özünüz haqqında təqdimatla başlasaq yaxşı olardı...

- 1978-ci ildə anadan olmuşam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini (1996-2000-ci illər) bitirdikdən sonra ordu sıralarına yollanmışam. 2001-2003-cü illərdə Vətən qarşısında xidməti borcumu tağım komandiri vəzifəsində, leytenant rütbəsində uğurla yerinə yetirmişəm. 1999-cu ildən mətbuatda çalışıram. İlk olaraq “Şərq” qəzetində fəaliyyətə başlamışam. 2012-ci ildən rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzetində çalışıram. Qəzetin Parlament və siyasət şöbəsinin əməkdaşıyam. Bu qəzetə gələndən sonra hərbi sahədə müəyyən qədər biliklərə sahib olduğum üçün cəbhə bölgələrindən silsilə reportajlar hazırlamışam. Azərbaycanın elə bir döyüş səngəri yoxdur ki, oraya getməyim. Yəni, döyüş tapşırığı yerinə yetirən bütün hərbi hissələrdən reportajlar hazırlamışam. 17 il sonra – 2020-ci ildə isə yenidən əlimə silah alıb, hərbi mundir geyinərək Vətən müharibəsinə yollandım. Çünki jurnalist olsam da, həm də zabit idim və Vətənin mənim kimi hərbçilərə ehtiyacı vardı.

- İkinci Qarabağ müharibəsinin iştirakçısı olmusunuz. Necə oldu ki, müharibəyə yollandınız?

- Müharibəyə çağırılanda Ağdam rayonunda atəş altında reportaj hazırlayırdım. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mənə zəng gəldi və dedim ki, Ağdamdayam. Oradan mənə deyildi ki, sən elə xidmətdəsən. İşinlə məşğul ol, başqa zabiti göndərərik, zabitlərimiz çoxdur. Mən isə dedim ki, yox, mümkün deyil, sabah özümü çatdıracağam. Axşam Bakıya qayıtdım. Səhər redaksiyaya gəldim, reportajı hazırlayıb verdim. Sonra dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə yollandım. Oradan mənə dedilər ki, get gözlə, zəng edəcəyik. 2 gündən sonra özüm zəng etdim ki, bəs necə oldu? Dedilər ki, sən jurnalistsən, arxa cəbhədə xidmətlərin yetərlidir. Razılaşmadım və təkid etdim. Bir gün sonra zəng gəldi ki, hazırlaş gəl. Beləliklə, ailəmlə sağollaşıb Vətən müharibəsinə yollandım.

Əvvəlcə məni Ağcabədiyə apardılar. Orada ayrı-ayrı hərbi hissələrə bölündük. Çox qəribə bir hadisə oldu. Vaxtilə xidmət etdiyim hərbi hissənin zabitləri məni tağım komandiri seçdilər. Bunu yolda - onlardan hara getdiyimizi soruşanda bildim. Çoxları, o cümlədən dostlarım məni qəhrəman kimi qiymətləndirirlər. Çünki mən savaşa gedərkən övladım ağır xəstə idi. Uşağı xəstəxanaya yerləşdirib cəbhəyə yollandım. Vətən sevgisi övlad sevgisindən üstün oldu. Bəlağətli, pafoslu görünür. Çünki adətən belə şeyləri bədii ədəbiyyatlarda oxuyurduq. Amma mən bunu yaşadım. Fərarilik edə bilməzdim.

- Rəşad bəy, müharibə xatirələrinizi bizimlə bölüşərsinizmi?

- Böyük məmnuniyyətlə. Komandiri olduğum şəxsi heyətdəki 27 əsgərin hər birinin bir gözü arxada idi. Kimi xəstə valideynini, kimi isə övladını qoyub gəlmişdi. Hətta Rusiyada hər cür şəraiti olduğu halda, savaşa könüllü qatılan əsgərim də var idi. Axı, Vətən sevgisi özgə hissdir. Gör, Vətən nə oğullar yetişdiribmiş...

Mən hərbi hissəyə Qubadlı istiqamətində qoşuldum. Biz Qubadlının sol cinahı istiqamətində irəliləyirdik. Tapşırığımız irəlidə gedən xüsusi təyinatlı qüvvələrdən canını qurtaran, gizlənən erməniləri neytrallaşdırmaq idi. Düşmən hərbçiləri Ermənistanla sərhəddə idilər. Biz onları ya tamamilə ərazimizdən çıxarmalı, ya da məhv etməli idik. Çox ağır döyüşlərdə iştirak etdik, şəhidlər verdik. Yaralılar oldu. Amma döyüş tapşırığını uğurla yerinə yetirdik. Vətən sevgisi, əsgərlərin əzmkarlığı hər şeydən üstün oldu, bütün çətinliklərə sinə gərdik. Hər kəs bir nəfər kimi irəli gedirdi. Yüksəklikdən-yüksəkliyə keçdikcə daha çox ruhlanırdıq. Biz ən yüksək təpəliklərin birində - Qubadlı dağlarında idik. Bu dağlar çox çətin relyefə malikdir. Lakin aşağıda olan əsgərlərimiz bizə hər gün təminat gətirir, ac, susuz qalmağa qoymurdular. Onları görən kimi bağrıma basırdım. İnanın, heç də bizdən az yorulmurdular. Noyabrın 10-na kimi burada qaldıq. Sonra isə yüksəkliyi başqa bir hərbi hissəyə təhvil verib, istiqamətimizi dəyişdik.

- Əsgər və zabitlərimizin İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyi, şücaəti necə dəyərləndirirsiniz?

- Mən Vətən müharibəsində Azərbaycan əsgərlərinin, zabitlərinin əzmkarlığının bir daha şahidi oldum. Hər kəs bir qəhrəman idi. Orada döyüş tapşırığını yerinə yetirərkən taborumuzdan 25 nəfər şəhidlik zirvəsinə ucaldı. Onlar Vətən sevdalıları idilər. Fikrimcə, Allah bu gördüklərimi yazım deyə, mənim şəhadətə qovuşmağıma icazə vermədi.

Bu gün Azərbaycan Ordusu həqiqətən də dünyanın ən qüdrətli orduları sırasındadır. Bizim hərbçilərimizin əzmkarlığı, qətiyyəti, Vətən sevgisi çox yüksəkdir. Bunu jurnalist kimi yox, zabit kimi deyirəm. Həqiqətən Ali Baş Komandan İlham Əliyev olduqca müasir, güclü ordu yaradıb. Ölümün gözünə dik baxaraq savaşan hərbçilərimiz qürur mənbəyimizdir.

- Vətən müharibəsində tarixi Qələbəmizi şərtləndirən əsas amillər haqqında nə deyə bilərsiniz?

- Vətən müharibəsində tarixi Qələbəmizi şərtləndirən əsas amillər xalqın mütəşəkkilliyi, birliyi, hərbçilərin döyüş əzmi və Ali Baş Komandanın qətiyyətidir. Bu 3 amil bizi qələbəyə apardı. Bizlər şəhid olmaq üçün yox, qisas almaq üçün silaha sarılmışdıq. Bilirdik ki, qarşımızdakı erməni əsgərləri çox qorxaqdırlar. Ermənilərin üstünə yeridikcə silahlarını, bayraqlarını, “qeyrətlərini” atıb qaçırdılar. İllərlə düzəltdikləri müdafiə istehkamları da imdadlarına çatmadı. Azərbaycanın igid oğulları həmin istehkamları darmadağın etdilər.

Mən Vətən müharibəsini jurnalist kimi yox, bir zabit kimi yaşadığım üçün çox qürurluyam. Müharibəyə leytenant kimi yollansam da müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə baş leytenant rütbəsi aldım. Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundum. Bu, bir döyüşçü-jurnalist kimi mənim üçün böyük fəxarətdir.

Demokrat.az

D
demokrat.az