Gündəm

"Məhkəmələrdə qeyri-prosesual təxirə salınma yolverilməzdir" — Ceyhun Yusifov

Məhkəmələrdə qeyri-prosesual təxirə salınma yolverilməzdir — Ceyhun Yusifov

Bəzi hallarda məhkəmə prosesləri əvvəlcədən xəbərdarlıq edilmədən əsassız şəkildə təxirə salınır. Məhkəməyə gəldikləri halda prosesin təxirə salınmasından vətəndaşlar və vəkillər narazılıq edirlər. Uzaq bölgələrdən gələn vətəndaşlar üçün də bu hal çətinlik yaradır. Bəs məhkəmə iclaslarının bu formada təxirə salınması doğrudurmu?

Məsələ ilə bağlı e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Ceyhun Yusifov bildirib ki, bu problem obyektiv və subyektiv səbəblərdən qaynaqlanır.

“Elə hal olur ki, məhkəmə zalları məhdud olur, hakimlərin sayına uyğun olmur. Burada hərtərəfli inzibati binaların təşkili, eyni zamanda məsuliyyətin artırılması lazımdır. İlk növbədə məhkəmənin sürətli keçirilməsi zəruridir. Həmin işlə bağlı təqsirləndirilən şəxs barəsində cinayət təqibi gedir. Bu da onun bir çox hüquqlarını məhdudlaşdırır. Məhkəmə prosesi ağlabatan müddətdə olmalıdır. Ağlabatan müddət lüzumsuz uzadılmanın yolverilməzliyini göstərir”, - deyə o qeyd edib.

C.Yusifov təxirə salınmanın yalnız prosesual əsaslarla ola biləcəyini vurğulayıb: “Məhkəmələrdə qeyri-prosesual təxirə salınma yolverilməzdir. Burada vətəndaşlarla yanaşı, müdafiə tərəfinin də hüququ pozulur, işləri yüklənir. Məhkəmədə süründürməçiliyə yol verilməməlidir".

Vəkil bu problemin aradan qaldırılmasının yollarını da təklif edib: "Hesab edirəm ki, "Elektron məhkəmə" informasiya sistemi normal işləsə, təxirin əsaslandırılması da qeyd olunsa, bu, hakimlərin işə kifayət qədər məsuliyyətlə yanaşmasını tənzimləyər, bəzi sui-istifadə hallarına yol verilməz. Ona görə də elektron məhkəmə sistemi kifayət qədər təkmilləşdirilməli və əlçatan olmalıdır. Bu və ya digər formada ictimai nəzarətin artırılması elektron məhkəmə institutunu daha da gücləndirə bilər".

Demokrat.az

D
demokrat.az