Xarici siyasət

Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü — YENİLƏNİB

Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü — YENİLƏNİB

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə işgüzar səfərdə olan İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşü keçirilib.

Bu barədə Demokrat.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətləri iştirak ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfi salamlayıb, ölkələr arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. O, dövlətlər arasında siyasi dialoqun davamlılığının təmin olunması, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazir bölgədə olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış, o cümlədən Azərbaycan ərazilərinə terrorçu qrupun göndərilməsi, bu ölkənin hərbçilərini mülki geyimdə Azərbaycan ərazilərinə göndərmək cəhdləri, Azərbaycanın onilliklər ərzində işğal altında saxlanılan ərazilərində geniş minalanmanı həyata keçirən Ermənistanın hazırda mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi və digər məsələlər barədə həmkarına məlumat verib. Nazir Ann Linde Azərbaycan Respublikasının dövlət başçısı ilə çox yaxşı görüşün keçirildiyini və ətraflı müzakirəkərin aparıldığını qeyd edib. O, bölgədə mövcud olan cari vəziyyətdə ATƏT-in töhfə verə biləcəyi məsələlərin müəyyən edilməsinin əhəmiyyətini bildirib.

Nazirlər Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. ATƏT-in hər üç ölçüsü üzrə Azərbaycanın təşkilatla əməkdaşlığı, həyata keçirilən layihələr, gələcək planları müzakirə ediblər.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***11:55

Xarici İşlər Naziri Ceyhun ilə İsveç Xarici İşlər Naziri Ann Linde arasında bir görüş başlandı.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Görüşdə ikitərəfli Azərbaycan və İsveç əməkdaşlıq məsələləri, bölgədəki mövcud vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi, ATƏT ilə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Demokrat.az

D
demokrat.az