Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun fəaliyyətilə bağlı Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb.
Demokrat.Az xəbər verir ki, müraciətində Nüsrət Məmmədov səfir Hidayət Orucovu mərhim prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin "bir nömrəli düşməni" adlandırıb.
Həmin müraciəti təqdim edirik:
Cənab Prezident!
Qırğızıstana təyin etdiyiniz səfir Hidayət Orucov Ulu Öndər Heydər Əliyevin bir nömrəli düşməni olduğunu növbəti dəfə sübut etmiş oldu.
Bu vaxta kimi saysız hayqırtılarımı müraciətlərimə tökərək Hidayət Orucovun yaramaz biri olduğunu, Azərbaycan xalqının, Azərbaycan Prezidentinin bir nömrəli düşməni olduğunu nəzərinizə çatdırmaq istədim. Çox təəssüflər olsun ki Azərbaycan tərəfdən heç bir reaksiya olmadı.
Hidayət Orucovun Ulu Öndərə düşmən münasibətini sübut edən fakt. Bu günlərdə Ulu Öndər Heydər Əliyevin təbliği çərçivəsində fondumuzun sifarişi ilə Bişkekdə “İki dahi Şəxsiyyət...” adlı film çəkdirmişik. Həmin filmin təqdimatını Bakıda keçirmək istəyirdik. Çox təəssüflər olsun ki Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov həmişəki kimi, bu tədbirin də Bakıda keçirilməsinə mane oldu. Fikirləşdik ki filmi Qırğızıstan telekanallarında nümayiş etsinlər. Filmi Qırğızıstanın İctimai TeleRadio kompaniyası olan ElTR-a təqdim etdik. Noyabr ayının 30 da saat 17.35 də film həmin telekanalda nümayiş edilməli idi. Filmin nümayiş edilməsinə bir gün qalmış, yəni noyabr ayının 29 da Ulu Öndər Heydər Əliyevin düşməni, səfir Hidayət Orucov məktub yazaraq filmin nümayişinin proqramdan çıxarılmasını tələb edir. O məktubunda göstərir ki filmdə Heydər Əliyev haqqındakı faktlar təhrif olunub.
Birincisi, ulu öndər haqqında bütün məlumatlar Qafar Əliyevin (Kitabın müəllifi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyevdir - müəllif) yazmış olduğu “müasir azərbaycanın banisi, xilaskarı və qurucusu” kitabından alınmışdır. İkincisi, filmin adından da görünür ki Ulu Öndər Dahi şəxsiyyət kimi təqdim olunub. Hidayət Orucovun məktubuna əsasən Ulu Öndərin Dahiliyi şübhə altına alınır.
Hidayət Orucovun ElTR ə məktub yazdığını mənə TeleRadiokampaniyanın direktor müavini Kılıçbek Murzaliyev telefon danışığımızda dedi. Məktubun tam mətnini telefonda mənə oxudu. Mənim, “Məktubu kim imzalayıb?” sualına “Dərin hörmətlə, Orucov Hidayət Xuduş Oğlu” dedi.
Qeyd edim ki Hidayət Orucov məktubu ElTR-ə Vyana konvensiyasının tələblərinə zidd olaraq birbaşa göndərib. Kılıçbek Murzaliyevdən məktubun kopiyasını mənə verməsini istədim. Razılaşdı. Getdim ElTR-ın ofisinə. Katibəsi çıxdı və məktubun kopiyasın verə bilməyəcəklərini, əgər məktubun kopiyasını versələr beynəlxalq skandal olacağını dedi.
Kılıçbek Murzaliyevə +996312880940 nömrəli telefona zəng edərək danışmışdım. Onun əl telefonu isə belədir:+996559067426-dır.
Azərbaycan hakimiyyətindən xahiş edirəm Azərbaycan XİNə göstəriş verib səfirin ElTRə yazdığı məktubu tələb eləsin və Hidayət Orucovun həqiqi sifətini üzə çıxarsın. Mən də öz tərəfimdən bütün qanuni vasitələrə əl ataraq həmin məktubu əldə etməyə çalışacağam".
Daha sonra Nüsrət Məmmədov onun təşəbbüsü ilə planlaşdırılan tədbirlərin keçirilməsinə səfir Hidayət Orucovun mane olduğunu bildirib:
"Bundan başqa yerli mətbuatlara verdiyi məlumatlarda həmişə özünün ucuz təbliğatını apararaq xalqa sırınmaq istəyir. 2008 ci ildə Çingiz Aytmatovun Bakıda səfərdə olduğunu “Veçerniy Bişkek” qəzetində yazan Hidayət Orucov qeyd edir ki guya o “ezamiyyətdə olduğuna görə Çingiz Aytmatovla görüşə bilməyib. Çingiz Aytmatov Hidayəti soruşub, onunla görüşmək istəyib” Nə qədər ucuz bir piar. Mən Çingiz Aytmatovun Azərbaycana səfərinin təşkilatçısı kimi hər gün onun yanında olmuşam. Yalandır! Soruşmayıb!!!! Hidayəti mən tanımırdım. Çingiz Aytmatov kimi dahi bir şəxs onu haradan tanıya bilərdi?".
Zaur Hacılı Demokrat.Az


