Müsahibə

Televiziya efirlərinin ziyalı qonaqları: tamaşaçılar efirdə ən çox kimləri görmək istəyir?

Televiziya efirlərinin ziyalı qonaqları: tamaşaçılar efirdə ən çox kimləri görmək istəyir?

Bu gün televiziya adi məişət cihazı deyil, həyatımızın ayrılmaz hissəsi, əsas məlumat mənbəyimiz, həmsöhbətimizdir. Qısaca desək, Televiziya cəmiyyətin güzgüsüdür. Bəs görəsən, televiziya kanallarının ictimai-siyası verilişləri bu güzgüdə öz əksini nə dərəcədə göstərə bilir? Və ya göstərə bilirmi? Televiziyalarda ictimai-siyasi verilişlərdə tamaşaçılar ən çox kimləri görmək istəyir və görməlidir?

Demokrat.azbu suallarla Azad Azərbaycan (ATV) telekanalının ictimai-siyasi verilişlər departamentinin redaktoru İlkin Nadirova müraciət edib. Redaktorla müsahibəni təqdim edirik.

-İlkin müəllim, sizcə bugün telekanallar cəmiyyəti kifayət qədər maarifləndirə bilirmi?

- Təşəkkür edirəm sualınıza görə, çox maraqlı mövzuya toxunmusunuz. Bu gün televiziya kanalları o qədər çoxalıb ki, ekranda onları dəyişməklə, tamaşaçı özü qeyri-adi bir kollaj yaradır. Bu kollajda isə hərə öz istədiyinə baxır. Gözəl deyim var ki, televiziya cəmiyyətin güzgüsüdür. Cəmiyyətin problemləri eyni zamanda televiziyanın problemləridir. Yəqin oxucularımız da razılaşar ki, xüsusən son aylarda ölkəmizdə baş verən gerçək hadisələr televiziyada göstərilir. Tamaşaçı efirdən gördükləri ilə, saytdan, qəzetdən oxuduqları ilə mənəvi qida alır. Bu baxımdan düşünürəm ki, son dönəmlər xüsusilə telekanallar cəmiyyəti kifayət qədər maarifləndirə bilir və bu iş daha da inkişaf etdirilməli, daha üst səviyyəyə qalxmalıdır.

-İctimai siyasi verilişlərə qonaq dəvət edərkən nələr nəzərə alınır və alınmalıdır?

- İlk olaraq efirlər mövzunu günün nəbzinə, ölkənin əsas gündəminə uyğun seçməlidirlər. Mövzu təyin olunandan sonra efir üçün qonaq axtarışına çıxılır. Bu zaman isə cəmiyyətin qəbul edib hörmət etdiyi, daha irəli gedib desəm sevdiyi, dövlətin milli maraqlarını, xalqın mənafeyini hər şeydən üstün tutan, günün mövzusuna obyektiv yanaşacağı ilə bağlı zərrə qədər belə şübhə olmayan şəxslər, ictimai-siyasi xadimlər seçilir və verilişə dəvət olunur.

-Kütlənin, televiziyanın sadiq tamaşaçılarının, xalqın efirdə görmək istədiyi konkret şəxslər varmı?

- Əlbətdə, var!

-Ad çəkə bilərsiz?

- Niyə də yox? Hərbi ekspert Şair Ramaldanov, Politoloq Arzu Nağıyev, tanınmış hüquqşünas Aslan İsmayılov, iqtisadçı ekspert, artıq isə millət vəkili olan Vüqar Bayramov, tanınmış jurnalist Elçin Şıxlı və adını unutduğum bir çox şəslər var ki, tamaşaçı da sevir, onlar efirə də yaraşır və əsl mövqe ortaya qoyaraq natiqlik edə bilirlər.

-Adlarını sadaladığınız şəxslərin tamaşaçılar tərəfindən sevildiyini necə müəyyən etmək olur?

- Məsələn. Son dərəcə düşünülmüş, məntiqə əsaslanan çıxışları ilə yadda qalan hüquqşünas Aslan İsmayılovun kifayət qədər güclü sosial şəbəkə hesabı və həmin hesabda onu izləyən yüzminlərlə insan var. Bu hesabda bu qədər sağlam insanın yığılma səbəbi, hüquqşünasın hadisələrə doğru yanaşması, tutarlı şərh verməsi, dövlətə və dövlətçiliyə verdiyi dəyərlə yanaşı, ən əsası səmimi olmasıdır. Siz Aslan bəyin yazdığı statusa gələn reaksiya və şərhlərə baxsanız, vətəndaşların ona olan rəğbəti, onun müsahibələrinə müsbət reaksiyasının şahidi ola bilərsiniz. Kimsə bəlkə də, hörmətli hüquqşünasın yazdığı tənqidlə razı olmaya bilər.Amma baxaq, o tənqid realdırmı?Realdırsa niyə də razı qalınmasın? Cənab Prezidentimiz öz çıxışlarının birində bildirmişdi ki, mən məlumatı mediadan alıram. Və bu işlərdə Ali Baş komandanın köməkçiləri media işçiləri və yuxarıda adını qeyd etdiyim və qeyd etmədiyim ziyalılardır.Eləcə də Vüqar Bayramov. Hörmət iqtisadçımız çox yaxşı analitikdir. Öz sahəsinin peşəkarı olmaqla yanaşı, şərh etdiyini bütün məsələlərə obyektiv yanaşır və real çıxış yollarını göstərir. İzləyici isə bunu çox gözəl hiss edir və eyni zamanda dərindən anlayır. Axıcı nitq və konstruktiv yanaşma, efirləri də məcbur edir ki, Vüqar müəllim, Aslan müəllim,eləcə də Arzu müəllim verilişlərdə görünsün. Bilirsiz, yuxarıda maariflənmə məsələsin qeyd etdiniz. Bu şəxslərlə efir üzərindən cəmiyyətin maariflənməsi heç vaxt öz müvazinətin itirməz. Tamaşaçı, Elçin Şıxlı kimi ziyalının çıxışlarını, media sahəsi ilə bağlı yanaşmalarını necə maraqla qarşılamaya bilməz? Odur ki, efirdə belə şəxslər nə qədər çox olsalar, bir o qədər də, cəmiyyətin güzgüsü şəffaf olar.

-Son olaraq. Oxucularımıza nə sözünüz olar?

- Səbrlər oxuduqları üçün təşəkkür edirəm (gülür). Hər bir izləyicinin, hər bir tamaşaçının fikirləri bizim üçün çox önəmlidir. Atdığımız hər addımda onların fikirlərini almaq çox xoş və vacibdir. Odur ki, təklifləri, sözləri, fikirləri olsa mütləq çəkinmədən bildirsinlər. Unutmasınlar ki, biz birlikdə güclüyük!

Demokrat.az

D
demokrat.az