Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyası zamanı həmin tədbirdə iştirak edən Milli Məclisin deputatı Əflatun Amaşovun qarşısında qoyulan Azərbaycanın üçrəngli bayrağının düzgün qoyulmaması ilə bağlı müzakirələr davam edir. Müzakirələr zamanı Azərbaycan bayrağının Ermənistanda keçirilən tədbir zamanı səhv yerləşdirilməsi iddia olunur. Hətta, bayrağımızın səhv taxılmasına görə İrəvanda həmin tədbirdə iştirak etmiş Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da qınanılır.
Eyni zamanda qarşı tərəf isə sözügedən fotoların montaj olunduğunu iddia edir.
Demokrat.Az sözügedən fotonun montaj olub-olmamasını aydınlaşdırmaq üçün internetdə kiçik araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, bayrağımız Ermənistanda keçirilən beynəlxalq tədbirdə heç də səhv asılmayıb. Bunu Ermənistanda keçirilən beynəlxalq tədbirdə iştirak etmiş deputat Əflatun Amaşovun yaydığı fotolardan da aydın görmək olur.
Ancaq üçrəngli Azərbaycan bayrağının səhv taxıldığını əks etdirən fotolar 2017-ci il oktyabrın 19-da Albaniyanın paytaxtı Tiranada keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 6-cı toplantısı zamanı Türkiyənin Anadolu Dövlət Aganetliyinin fotoqrafı tərəfindən çəkilib. Sözügedən foto agentliyin rəsmi internet saytında da yerləşdirilib. Fotodan da görmək olur ki, azərbaycanlı millət vəkilinin qarşısında qoyulan Azərbaycan bayrağı səhv şəkildə dayanıb.
Həmin fotoları təqdim edirik:
Zaur Hacılı Demokrat.Az





