Gündəm

"Cabbarov təhsil naziri təyin ediləndən sonra rüşvətin əsas mənbəyini ləğv etsə də, kimlərsə həmin əmri geri oxutdurub" - Tanınmış vəkildən ŞOK AÇIQLAMA

Cabbarov təhsil naziri təyin ediləndən sonra rüşvətin əsas mənbəyini ləğv etsə də, kimlərsə həmin əmri geri oxutdurub - Tanınmış vəkildən ŞOK AÇIQLAMA

"Bu gün 220 saylı məktəbin direktoru Tural Mirzəliyevin canlı efirdə baş verənlərə izahını dinlədim (video şərhdə) və bir daha qənaətimə əmin oldum. Yəqin ki, bir çoxlarınızı nə üçün məktəb direktoru Tural Mirzəliyevlə aktyor Rza Rzayev arasındakı problemə bu qədər diqqət ayırdığım maraqlandırır. Sizi bilmirəm mənim üçün bu sıradan, xüsusilə T.Mirzəliyev R.Rzayev qarşıdurması deyil, baş verənlər bu günümüzlə, ola biləcək, gələcəyimizin mübarizəsidir. Mikayıl Cabbarov Təhsil naziri təyin ediləndən az sonra təhsildə rüşvətin əsas mənbəyi olan rayon təhsil idarələrini ləğv etdi. Səssiz səmirsiz həmin əmri geri oxutdurdular. O vaxtlar da bu məsələnin çox ciddi olduğunu yazsam da diqqət verən olmadı və təhsildəki mühafizəkar qüvvələr, təhsilin hesabına milyardlar toplayıb gələcəyimizi məhv edənlər qalib oldular. İndi yenə həmin mübarizə, bu dəfə başqa istiqamətdə davam edir".

Demokrat.Az xəbər verir ki, bu fikirləri tanınmış vəkil Aslan İsmayılov bildirib.

A.İsmayılov deyib ki, məktəbə rüşvətin kökünü kəsmək tapşırığı ilə yeni bacarıqlı, savadlı, vicdanlı direktor təyin edilir və islahatlara başlamaq istəyir:

"Köhnə mexanizmin başında dayanan xanım havadarlarına arxalanıb direktorun göstərişlərinə əməl etmir, hər vəchlə onu gözdən salmaq istəyir. Direktor tərəfindən xanım vəzifəsindən azad edilmir, hərçənd ki, belə də olmalı idi, sadəcə onun vəzifəsi dəyişdirilir. Köhnə komanda direktorun yerinin dəyişdirilməsinə, rüşvətxor məhkəmələr hesabına xanımın vəzifəsinə qaytarılmasına nail olmasına baxmayaraq bununla da kifayətlənmirlər. Haqqımda son iki ildə baş verənlərdən sonra anlayıram ki, T.Mirzəliyevin hansı əzabları çəkib, hansı aşağılamaları keçib... T.Mirzəliyev hansı güclərlə üz-üzə dayandığından, məhz onlardan ehtiyat etdiyindən, çox güman ki, Təhsil Nazirıiyinin göstərişinə görə bu gün belə son dövrlər haqqında olan qanunsuzluqları, özbaşnalıqları tam açıqlamadı.

Bu gün Tural müəllimi dinlədikdən sonra baş verənləri təsəvvür etdiyimdən qismən fikirlərimi bölüşüm:

- Öz vəzifə borcunu vicdanla yerinə yetirən, haqlı olan məktəb direktorunun iş yerinin dəyişdirilməsi artıq ona olan basqı, aşağılanmadır;

- Söyülən, döyülən T.Mirzəliyev polis qapısında saatlarla gözləyir və bu müddətdə R.Rzayev rəisin otağında çay içib şellənir. Bu da hamının, o cümlədən Tural müəllimin gözünün qabağında baş verir. Məktəb direktoru olan zərərçəkən saatlarla polis binasının qabağında gözlədilməklə aşağılanır, dərhal tibbi müayinəyə getmək üçün veriləsi qərar iş vaxtı bitəndən sonra verilir;

- Haqqımda olmayan yerdən xuliqanlıq işi saxtalaşdıran hüquq-mühafizə orqanlarının gözləri kor olur və direktorun iş otağında baş verən klassik xuliqanlıq hərəkətini cinayət işi kimi qiymətləndirməyib, hansısa inzibati, ya mülki mübahisə kimi dəyərləndirir;

- T.Mirzəliyevi müdafiə edən valideynlər bilərəkdən məhkəmələrə cəlb edilməklə məktəb direktoru haqqında mənfi imic yaradılır və onun müdafiəsiz qalması üçün zəmin yaradılır. Bu azmış kimi şahid kimi məhkəmələrə gedən Tural müəllim ittiham edilir ki, o məhkəmələrə getməsin və sonra onu müdafiə edən valideynlər tərəfindən qınaq obyektinə çevrilsin;

- İkinci dəfə xuliqanlıq etmiş R.Rzayev haqqında dərhal həbs qətimkan tədbiri seçilməsi əvəzinə ondan qəhrəman obrazı düzəldilir. Prezidentin köməkçisi Əli Həsənovun trolları vəzifəsini icra edənlər direktor haqqında mənfi fikir formalaşdırmağa çalışırlar. Hər yerdə hadisə bilərəkdən, insanları çaşdırmaq üçün iki nəfərin qarşılıqlı davası kimi təqdim edilir. Əminəm ki, “Bütün qatı ƏLİYEVÇİLƏRİN sonu budur!” yazısı da Əli Həsənovun məhsuludur. Dinlədiyim R.Rzayevin o məqaləni yazacağına əsla inanmıram.

- Yeni Musavat qəzetinin guya obyektiv araşdırma apardığını deməsi, həmişəki kimi riyakarlıqdan başqa bir şey deyil. Diqqətli izləyicilər üçün açıq aşkar görünür ki, qəzet R.Rzayevin müdafiəsi üçün əlindən gələni edir və bu istiqamətdə bacardığı hiylələrdən bolluca yararlanır. Bir tərəfdə zərərçəkən, digər tərəfdə qanunu kobudcasına pozanın açıq aşkar olduğu halda hadisənin qarşılıqlı qanun pozuntusu kimi təqdim etməyə çalışır. Buna görə də özlərindən humanist obrazı düzəldib tez-tez tərəflərə barışıq təklif edirlər, sanki qarşılıqlı davada olan kimi. Tural müəllimi əsas olmadan xəstəxanada yatmaqda ittiham edən qəzetin, R.Rzayevin guya sınmış qolu ilə janqlyorluq etməsini görməməzliyə vurur. Bəzən sualları ilə qolunun qipsdə olduğunu tərəfin yadına da salır.

- Baş verənlər sırf Əli Həsənov üsuludur və 1937-ci ili xatırladır. Artıq Tural müəllimi müdafiə edən hər kəsə FETOçu damğası vurulur. Ə.Həsənovun səlahiyyətlərinin davam edəcəyi təqdirdə gələcəkdə xalq düşmənlərini, vətən xainlərini ittihamları da olacaq. Buna şübhə etməyin. Bu məsələdə bu gün məni qınayanları dediklərimi yaxşıca yadlarında saxlasınlar.

Son iki ildə keçirdiklərimdən T.Mirzəliyevin bu müddət ərzində cəhənnəm əzabı çəkdiyinə şübhəm yoxdur. Əgər biz kölə yox, vətəndaşıqsa, balalarımız üçün təhsil, onların cinçıxardan yox, alim olmalarını istəyiriksə hamımız Tural müəllimi müdafiə etməliyik.

Mənim üçün bu, xeyirlə şərin mübarizəsidir.

P.S. Bundan artıq nələr olmalıdır ki, Yazıçılar Birliyinin üzvləri, Anar başda olmaqla özlərini Azərbaycanın ziyalı təbəqəsi hesab edənlər ölkədə baş verənlərə münasibət bildirsinlər?! Yoxsa onlar üçün 26-lar kafesinin bağlanması vətənimiz üçün daha önəmli hadisə sayılırdı?!".

Demokrat.Az

D
demokrat.az