Ermənistandakı 102-ci Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsini ölkənin şərqində, yəni Zəngəzurda, Azərbaycanın Qubadlı və Zəngilan rayonları ilə həmsərhəd bölgədə yerləşdirmək planları Yerevanda etirazla qarşılanıb. Politoloq Stepan Qriqoryan bunu “Ermənistanın suverenliyini məhdudlaşdıracaq addım” kimi dəyərləndirib.
102-ci bazanın genişləndirilməsi və onun bölmələrinin bir qismini Ermənistanın şərq sərhədlərinə yerləşdirilməsi barədə müzakirələrin getdiyi haqda müdafiə naziri Vaqarşak Arutyunyan “RİA Novosti”-yə müsahibəsində demişdi.
Politoloq Qriqoryan isə hesab edir ki, Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsinin yerinin dəyişdirilməsi zamanı şərtlərin dəqiqləşdirilməsi mühümdür. Lakin narahatlıq var ki, bu proseslər Ermənistanın suverenliyindən güzəştə gedilməsinə gətirib çıxaracaq. 
Politoloq əlavə edib ki, 102-ci baza haqda mövcud müqavilə qoşunların yerləşdirilməsinin şərtlərini dəqiq müəyyən edir və onların dəyişdirilməsi üçün yeni müqavilə lazımdır. Belə müqavilə isə parlamentin müzakirəsinə təsdiq edilməli, Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir. 


