Gündəm

"Azərbaycanın Ukraynadakı Səfirliyi jurnalist Mübariz Aslanovun məsələsini diqqətdə saxlayır" – DİN-nin nümayəndəsi

Azərbaycanın Ukraynadakı Səfirliyi jurnalist Mübariz Aslanovun məsələsini diqqətdə saxlayır – DİN-nin nümayəndəsi

Azərbaycanın Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı Səfirliyi nəzdində nümayəndəsi, polis polkovniki Şahin Qocayev “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun Kiyevdə mütəmadi naməlum şəxslər tərəfindən təqiblə və silahlı hədələrlə üzləşməsi məsələsinə münasibət bildirib.

Şahin Qocayev Demokrat.Az-a açıqlamasında deyib ki, sözügedən hadisə barədə Mübariz Aslanov özü məlumat verib.

"Məsələdən xəbər tutan kimi biz dərhal lazımı addımlar atmağa çalışdıq. Həmin günü iş vaxtı bitmişdi. Ancaq bütün bunlara baxmayaraq, mən və Azərbaycanın Ukraynadakı Səfirliyi Mübariz Aslanovun Ukrayna polisinin "102" xidmətinə müraciətinin qeydə alınmasının təmin edilməsinə köməklik göstərib. Bizdə olan məlumata görə, artıq Ukrayna polisi onun müraciəti əsasında əməliyyat-axtarış işi başladıb. Azərbaycanın Kiyevdəki Səfirliyi isə Mübariz Aslanovu rəsmi qaydada səfirliyə dəvət edib. Hazırda da məsələ bizim diqqətimizdədir. Ümumiyyətlə, Azərbaycanın Ukraynadakı Səfirliyi hər bir vətəndaşımızın hüquqlarının qorunması və müdafiəsi üçün əlindən gələn köməyi edir".

Xatırladaq ki, Ukraynanın paytaxtı Kiyevə ezam olunmuş “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov mütəmadi naməlum şəxslər tərəfindən təqiblə və silahlı hədələrlə üzləşib.

Belə ki, noyabrın 20-də, yerli vaxtla saat 19:30-da Kiyevdə, "Şota Rustaveli" 4 ünvanında qaldığı yerə yaxın kafelərin birindən çıxarkən AA6164BI dövlət nömrə nişanlı, "Şkoda" markalı avtomobildən naməlum şəxslər tərəfindən nümayişkəranə formada izlənərək fotosunun çəkildiyini görən M.Aslanov avtomobilə yaxınlaşmaq istəyərkən ona tərəf silah tuşlanıb. Avtomobildə 2 kişi, 1 qadın olub. Jurnalist atəş açılmasından ehtiyat edərək kafe qapısında daldalanıb və bir müddət sonra avtomobilə yaxınlaşmaq istəyəndə yenidən fotosu çəkilib. Sonra avtomobil hadisə yerindən uzaqlaşıb. Jurnalist hadisə ilə bağlı Ukrayna polisinin "102" xidmətinə və Azərbaycanın Ukraynadakı səfirliyində Daxili İşlər Nazirliyinin nümayəndəsinə məlumat verib.

Demokrat.Az

D
demokrat.az