Bəzi Kütləvi İnformasiya Vasitələrində iki milyonluq dələduzluq etməkdə təqsirləndirilən “Avangard Travel” MMC-nin direktoru Yeganə Nağıyevanın həbs olunduğu ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Legitim.az-a açıqlama verən Y. Nağıyevanın vəkili Ceyhun Yusifov bildirib ki, müvəkkili barəsində istintaq tam şəkildə əsassız aparılıb:
“Dəfələrlə həmin cinayət işi üzrə müxtəlif şikayətlər olub. Bildirim ki, o iş üzrə ittihamda yazılan pul yüksək faizə verilib. Həmin məbləğ müvəkkilim tərəfindən artıqlaması ilə geri qaytarılıb. Qaradağ rayon Polis İdarəsində, Nərimanov rayon Polis İdarəsində, Bakı Baş Polis İdarəsində bu işdə Yeganə Nağıyevanın pulu artıqlaması ilə qaytardığı sübuta yetirilsə də, qarşı tərəfin himayədarları vasitəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanmasına nail oldular. İndidə hüquqlarımızı məhdudlaşdırmaqla məşğuldurlar. Həmin şəxsi acınacaqlı vəziyyətə salıblar. Qadını intihar həddinə çatdıran yüksək faizlə pul verən şəxslər məsuliyyət daşımalı olduğu təqdirdə bizim müdafiəmizi saxlatmaq üçün bu hadisədə heç bir iştirakı və xəbəri olmayan, faktiki olaraq formal təsisçilikdən başqa heç bir işdən xəbəri olmayan qadının həyat yoldaşına da qəsdən ittiham verdiriblər”.
Vəkil onu da qeyd edib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi faiz verən şəxslərin əməlini araşdırıb qiymət vermək əvəzinə, sələm və faiz verən şəxslərin hüquqlarının müdafiəsi ilə məşğuldur.
Demokrat.az


