Yevlax rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan 1972-ci il təvəllüdlü Mehti Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az xəbər verir ki, Mehti Nəsibov keçmiş arvadı Sevinc Nəsibovanın Yevlax rayonu Aran qəsəbəsi ərazisində müvəqqəti olaraq yaşadığı evə gedib. O, içmək üçün çay istəyib, amma Sevinc Nəsibova ona çay verməyib.
Bu səbəbdən Mehti Nəsibov Sevinc Nəsibova ilə mübahisə edib. O, arvadını nalayiq söyüş söyüb, onunla dalaşıb.
Daha sonra arvadını yumruqla vuraraq ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Mehti Nəsibovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehti Nəsibov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, hadisə baş verən günü oğlanları Vüsal və Tamerlanla görüşmək üçün işlədiyi fermadan çıxaraq Sevincin yaşadığı ünvana gəlib: “Vüsalla görüşərək, onunla söhbət etdim. Həmin gün spirtli içki qəbul etdiyindən evdə baş verənləri o qədər də yaxşı xatırlamıram. Sərxoş olduğum üçün hərəkətlərimi idarə edə bilmədim, Sevinci nalayiq söyüşlərlə söydüm və istəmədən onu yumruqla vurdum. Əməlimdən peşmanam və hazırda zərərçəkmişlə barışmışam”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevinc Nəsibova bildirib ki, Mehti ilə 1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub: “Mehti ilə nikahımdan Vüsal və Tamerlan adlı iki oğlum olub. Əvvəllər Mehtinin mənə qarşı münasibəti yaxşı olub və mənimlə dalaşmayıb. Təxminən 5-6 ildir Mehti hər gün çox miqdarda spirtli içki qəbul edib. Birlikdə yaşadığımız müddət ərzində Mehti sərxoş vəziyyətə düşdükdən sonra heç bir səbəb olmadan mənimlə mübahisə edib, dalaşıb və evdə olan qab-qacaqları sındırıb. Mehtinin bu hərəkətlərinin nəticəsində oğlanlarım ilə birlikdə rahat yaşaya bilməmişəm. Həmin müddət ərzində Mehti dəfələrlə sərxoş vəziyyətdə mənimlə münaqişə və dava-dalaş edib”.
Zərərçəkmişin sözlərinə görə, son iki ildir Mehtidən ayrı yaşayır: “Mehtidən boşanmaq üçün Yevlax rayon Məhkəməsinə müraciət etmişəm. Həmin məhkəmənin qətnaməsi ilə Mehti ilə aramda bağlanmış nikah pozulub”.
Sevinc Nəsibova bildirib ki, Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən yaşadığı evdə olub: “Evdə məndən başqa oğlum Vüsal da olub. Həmin vaxt Mehti giriş qapısını açaraq evə daxil oldu. Mehti oğlum Tamerlanın doğum günü münasibəti ilə əlaqədar yaşadığım evə gəldiyini dedi. Mehti sərxoş vəziyyətdə idi. Mehtiyə Tamerlanın evdə olmadığını, iş yerində olduğunu dedim. Mehti məndən içmək üçün çay istədi. Mehtiyə yaşadığım evdən çıxaraq getməsini, məni narahat etməməsini, içmək üçün çay verməyəcəyimi dedim. Vüsal da Mehtiyə evdən çıxaraq getməsini dedi. Həmin vaxt Mehti məni nalayiq söyüşlər söydü və yumruqla dəfələrlə başımdan, sol gözümdən, sol qolumdan vurdu. Vüsal Mehtini məndən aralaşdıraraq evdən çıxardı. Vüsal zəng edərək hadisə barədə Mehtinin qardaşı Mahirə məlumat verdi. Mahir polis əməkdaşları ilə birlikdə mənim yaşadığım evə gəldi. Mehti tərəfindən döyülməyim barədə ərizə yazdım”.
Bu cinayət işinə Yevlax rayon Məhkəməsində hakim Günay Cavadovanın sədrliyi ilə baxılıb.
Məhkəmənin hökmü ilə Mehti Nəsibovun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


