“Təkcə kanalizasiya xətlərinə deyil, açıq su mənbələrinə də murdar olmuş heyvanın leşləri atılır”
Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Biləcəri qəsəbəsində qəssablar tərəfindən kanalizasiya kollektorlarına atılmış heyvan başlarından danışarkən deyib. E.Hüseynov bildirib ki, bu çox ciddi məsələdir və müvafiq qurumlar tədbir görməlidir:
“Qəssabların kəsdikləri heyvanın içalatını və başını kanalizasiya xətlərinə atması ilə bağlı bizim quruma vətəndaşlar tərəfindən illər boyu şikayətlər daxil olur. Sabirabad rayonu ərazisindən keçən “Sabir” kanalına ölmüş at, it və digər heyvan leşləri atılır. Sakinlər bu kanalın suyundan içməli su kimi istifadə edirlər. Yaxınlıqda qaçqın düşərgəsi də var. Təkcə kanalizasiya xətlərinə deyil, açıq su mənbələrinə də murdar olmuş heyvanın leşləri atılır. Bura oğurluq heyvaların da kəsilmiş başlarının atılması daxildir”.
E.Hüseynov bildirib ki, bunun qarşısını almaq üçün “Azərsu” ASC ictimaiyyətlə fəal işləməlidir:
“Çox təəsüflər olsun ki, “Azərsu” ASC bu istiqamətdə ictimaiyyətlə fəal iş aparmır ki, bunların qarşısı alınsın. “Azərsu” ASC kütləvi informasiya vasitələri ilə və ictimaiyyətlə elə bir iş apara bilər ki, bizə zəng daxil olan kimi bunu edənləri dərhal ifşa edə bilərik. Buna bələdiyyələr də diqqət yetirməlidir, çünki çox ciddi məsələdir”.


