Xəbər verdiyimiz kimi qanlı 20 Yanvar hadisəsindən artıq 30 il ötür. Bəs bu 30 ildə qan yaddaşımız olan 20 Yanvar hadisəsini dünya ictimaiyyətinə yetərincə təqdim edə bilmişikmi?
Moderator.az-ın sualını professor Qulu Məhərrəmli cavablandırıb və o, 20 Yanvar hadisəsiylə bağlı dillərdə dastan ola biləcək bir filmin çəkilməsinin vacibliyini vurğulayıb:
“20 Yanvar əslində bizim xalqın qan yaddaşıdır, onun mübarizə tarixinin bir səhifəsidir, Azərbaycan istiqlalına gedən yolun bir mərhələsidir. Bu baxımdan ölkə içində 20 Yanvar hadisəsi yaddaşlara çox dərin hopub. Çünki burda itkilər var və bu itkilər də xalqın mübarizəsindən, böyük ruh yüksəkliyi ilə, coşquyla birləşməsindən keçir. Yəni biz o mübarizəni, onun doğurduğu sevinci, gətirdiyi faciəni və kədəri bir yerdə yaşamışıq. Bu baxımdan hesab edirəm ki, xalqın qan yaddaşında 20 Yanvarın ayrıca yeri var.
Amma bunu dünya səviyyəsinə çıxarmaq üçün müəyyən cəhdlər var. Yəni bunun qarşısında SSR-nin varisi olan Rusiyanın dayanması müəyyən qədər maneələr yaradır. Faktiki olaraq bunun birbaşa Rusiyaya aidiyyatı yoxdur, amma o SSR-nin varisi kimi əlbəttə ki, burda Rusiyanı qıcıqlandıran çox məqamlar var. Amma buna baxmayaraq hesab edirəm ki, 20 Yanvarla bağlı bizim sənət əsərlərində, ədəbiyyatda, rəssamlıqda bunu əbədiləşdirmək üçün müəyyən cəhdlər olub. Amma mən düşünürəm ki, bununla bağlı xüsusi bir filmin çəkilməsinə ehtiyac var. Çünki dünyanın bu dəqiqə baxdığı, yaddaşına verdiyi şey vizual əsərlərdir. Ona görə 20 Yanvar haqqında həqiqi bir dastana çevrilə biləcək filmin çəkilməsi çox önəmlidir. Çünki bu böyük bir imperiyanın dağıdılması yolunda Azərbaycan xalqının verdiyi ciddi bir töhvədir. Bu bizim milli azadlıq, xalq hərakatımızın qürur verən bir epizodudur. Bizim üçün həm hüzün günü olmaqla yanaşı, həm də qürur, ləyaqətli bir tariximizdir. Ona görə hesab edirəm ki, bunun dünya çapına çıxarılması üçün xeyli işlər görməliyik”.
Demokrat.az


