“Rusiyanın Xankəndi və erməni əsilli Azərbaycan vətəndaşlarının yaşadığı, hələ bizim nəzarət edə bilmədiyimiz ərazilərdə ürəklə, səxavətlə təmir-bərpa işləri görməsi, humanitar yardım kisəsini açması qıcıq yaradır, sanki, yalnız erməni əsilli vətəndaşları qorumaq, onların sayını artırmaq, şəraitlərini yaxşılaşdırmaq üçün gəliblər (əslində, elə ona görə gəliblər). Təklif edirəm ki, Azərbaycan hökuməti bir az fərqli davransın. Hökumətimiz Rusiyaya ermənilər yaşayan Azərbaycan ərazisində humanitar yatırımlar üçün təşəkkür etsin və ciddi israrla təklif etsin ki, eyni bərpa işləri Xocalıda da aparılsın və bu şəhərdən olan məcburi köçkünlərin qeri dönməsi üçün Kreml öhdəlik götürüb işlək qrafik təqdim etsin - bir daha, bu israrla, təkidlə səsləndirilsin və bu müraciət Kreml üçün test rolu oynasın. Qoy Kreml Xocalıda da məktəb, xəstəxana tiksin, avtobusla bizim köçkünlərimizi ora köçürsün, Ağdam və Şuşadan Xocalıya yol açılmasına zəmanət versin”.
Demokrat.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.
“Kreml Ermənistanı mental olaraq itirib (hərbi-iqtisadi olaraq caynağında saxlasa da), Azərbaycanı mental olaraq 1990-cı illərdə itirmişdi, indi atdığı addımlar zorla bölgədə mövcudiyyətə hesablansa da, orta-uzun vadədə Cənubi Qafqazın tamam itirməsi ilə nəticələnək. Və ən qəribəsi budur ki, Kremlin bölgədən uzaqlaşdırılmasının ən asan variantı Ermənistanla birgə addımlar atmaqla mümkündür. Buna görə də, 10 illik strateji plan (iqtisadi və siyasi islahatlar) və demokrafik üstünlüklərə əsaslanan addımlarla Ermənistanı orbitimizə salmağı bacarmalıyıq...” – N.Cəfərli bildirib.


