Siyasət

Tanınmış jurnalist: Yalanlara sarılmaq nə Paşinyanı xilas edər, nə də Ermənistanı

Tanınmış jurnalist: Yalanlara sarılmaq nə Paşinyanı xilas edər, nə də Ermənistanı

44 günlük müharibə həm də Ermənistanın hərbi-siyasi rəhbərliyinin öz xalqını necə aldatması ilə yadda qaldı. Azərbaycanın hərbi əməliyyatların ilk günündən imza atdığı qələbələr zamanında etiraf olunmadı, bu ölkənin Müdafiə Nazirliyi “taktiki geriçəkilmə” kəlməsinin arxasında əsl həqiqəti ört-basdır etdi. Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən düşmən reallığı etiraf etməyə özündə güc tapmadı.

Erməni ictimaiyyəti Azərbaycanın hansısa döyüş bölgəsində geri çəkilməsi, təyyarələrinin vurulması kimi montaj olunmuş köhnə videolarla və başqa bu kimi yalanlarla aldadıldı. Mahiyyətcə diktator olan Paşinyan və komandası ilk gündən bütün mediada, sosial şəbəkədə yalanlarla süslənmiş xəbərlər dövriyyəyə buraxdılar, bütün məlumatlar hakimiyyətin maraqlarına uyğun tənzimləndi. İnsanlara saxta məlumat verməklə onların kənar informasiya axtarışlarının qarşısını aldılar.

Paşinyan Rusiya, Fransa prezidentlərinə yalvarış dolu zənglərinin əsl mahiyyətinin nə olduğunu öz xalqına açıqlamadı.

Nəticə göz önündədir. Ermənistan Azərbaycanın qarşısında diz şöküb, işğal altında olan torpaqlarımız qısa müddətdə azadlığına qovuşub. Digər ərazilərimizin təhvil verilməsi ilə bağlı konkret tarixləri əks edən qrafik təqdim olunub.

Sütətlə yaşanan məğlubiyyətin şokundan hələ də tam ayılmayan Ermənistanda bütün sferalarda xaos hökm sürür. Erməni ictimaiyyətindən müharibədəki real itkilərin sayı hələ də gizlədilir. Hansı ki, bu rəqəmin 5 mini ötdüyü ilə bağlı səhih məlumatlar mövcuddur.

Ermənistanın həm indiki, həm də bundan əvvəlki hakimiyyətinin illərdir öz xalqına tutuquşu kimi təkrarladığı ən böyük yalan isə “yenilməz” ordu ilə bağlı idi. Bu millətin mahiyyəti yalanla yoğrulduğundan hamı belə bir orduya malik olduqlarına inanmışdılar. Azərbaycan Ordusu bu mifi 2-3 günə məhv etdi, 44 günə isə torpağa gömdü. Ermənistanın “yenilməz” ordusundan əsər-əlamət belə qalmayıb.

Ermənistanın baş naziri Paşinyan öz xalqına yalan danışdıqlarını hələ indi etiraf etməyə başlayıb. İtkilərin miqyasından bəhs edən Paşinyan əsl həqiqətləri tam dilə gətirməsə də Qarabağda baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın "prezidenti" kimi təqdim edən Araik Arutyunyanın da etitrafları davam etməkdədir. O, 44 günlük hərbi əməliyyatlar zamanı yalan danışdığını dilə gətirib.

Amma görünən odur ki, Ermənistan hakimiyyəti bu yalanların acı nəticələrindən dərs almayıb. Yenə də ictimaiyyətin artan narazılığını səngitmək üçün yalanlar danışılır. Real mənzərə, Ermənistanın acınacaqlı durumu gizlədilir, Dağlıq Qarabağla bağlı gerçəklik təhrif olunur, hər şeyin qarşıda olduğu kimi sərsəm informasiyalar dövriyyəyə buraxılır. Müharibə zamanı gəmirici sinfin nümayəndəsi kimi yerin altında gizlənən Arutyunyan gündə bir şəkil yaymaqla həm özünü, həm də erməni ictimaiyyətini dolamaqla məşğuldur.

Ermənistan hakimiyyəti, Dağlıq Qarabağdakı tör-töküntü yaxın gələcəkdə onları nə gözləyəcəyini anlamamış deyil. Erməni ictiimaiyyəti müharibənin real nəticələrini tədricən dərk edəcək. Bu rejimin müharibə cinayətləri təkcə Azərbaycan xalqına qarşı deyil, həm də öz xalqına qarşı olub.

Azərbaycan cəmiyyəti isə bu dövrdə erməni yalanlarına uymadı. Düşmənin riyakar mahiyyətini yaxşı bilən xalqımız düşmənin bütün məlumatlarının qayəsinin yalan olduğunu yaxşı bilirdi. Son bir neçə gündə erməni tərəfinin yalanları yenidən genişlənib. Bu yalanlardan məğlubiyyəti ört-basdır etmək niyyəti boylanır.

Fəqət hər şey bitib. Ermənistan hakimiyyəti gerçəkliyi həzm etməli, xalqa həqiqətləri açıqlamalı, öz xalqını gələcəyinə xidmət edən yol tutmalıdır. Qarabağın Azərbaycanın olmasını dünənə qədər bütün dünya sözdə etiraf edirdisə, bu gün Azərbaycan Ordusu bunu gerçəyə çevirib və tarixi ədaləti bərpa edib. Üstəlik birgə bəyanatla Azərbaycan öz qələbəsini rəsmiləşdirib. Digər torpaqların Azərbaycana verilməsi dekabrın 1-i başa çatır. Bu reallığı dərk edib illərdir sığındığı yalanlardan qopmaq Ermənistanın ən düzgün çıxış yoludur. Əks istiqamətə meyllənmək tam çökməkdə olan bu ölkəyə yaxşı heç nə vəd etmir.

Elman Babayev

Əməkdar jurnalist

D
demokrat.az