“Böyük Vətən Müharibəsi bizə çox sevincli, qürur duyulası, fəxr ediləsi müsbət anları yaşatdı. Əlbəttə, hamımız birinci növbədə işğal olunmuş torpaqlarımızın qaytarılmasına sevindik. Ancaq bu müharibə bizim çox müsbət tərəflərimizi də göstərdi. Əminəm ki, bu halların hamısı ayrı-ayrılıqda öyrəniləcək, təbliğ ediləcək”.
Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Müharibə başlayan ilk günlərdən düşmənlər, birinci növbədə erməni tərəfi Azərbaycanda yaşayan millətlər arasında nifaq salmaq istədilər, ona görə ki, Azərbaycanın zəifləməsi üçün hər dəfə bu amildən istifadə etmişdilər. Bu dəfə bu təbliğat hər dəfə əks effektini göstərdi. Hər dəfə bu murdar cəhdlərinə Azərbaycanda yaşayan bütün millətlərin təpkisini gördülər. Bu müharibədə türklər, talışlar, ləzgilər, yəhudilər, kürdlər, avarlar, ingiloylar, ruslar və adlarını çəkmədiyim, Azərbaycanda yaşayan bütün millətlər öz Vətənlərinin müdafiəsinə qalxdılar. Qardaş Türkiyəyə dil uzadanlara türklərdən əvvəl talışlar, ləzgilər və digəriləri cavab verdilər. Ləzgi balası Tehran Mənsimovun qəhrəmanlığından türklər, talışlar ləzgilərdən əvvəl qürur hissi ilə yazdılar. Bu gün Azərbaycanda, Qusarda yaşayan ləzgi balası Tərlan Çinqiyevin Dağıstanda yaşayan öz həmyerlisi Ruslan Kurbanovla söhbətini dinlədim və öz həmvətənimlə qürur duydum. Tərlan hansı qürurla öz Vətəni Azərbaycandan danışdığını gördüm və fəxr etdim ki, Azərbaycan adlı cənnət-məkanda yaşayıram. Tərlan qürurla deyirdi ki, müharibədə şücaət göstərən qəhrəman zabitimiz polkovnik Tehran Mənsimovun ləzgi olmasını ilk olaraq elə ləzgi olmayanlar yazdılar. Bu günlər hamı Azərbaycanı öz Vətəni gördü, onun uğrundan canından keçməyə hazır oldu və bu günkü möhtəşəm Qələbəni qazandı! Əminəm ki, məhz bu xüsusiyyətinə görə Azərbaycan günü gündən inkişaf edəcək və hamımızın fəxr etdiyimiz qüdrətli Azərbaycan yaşayacaq. Bu günlər bizi yaşadan şəhidlərimizə rəhmət diləyib, onların valideynlərinə səbr, sağlamlığını itirmiş əsgər, zabitlərimizə şəfa diləyirəm, Əsgər, Zabitlərimizə, Ali Baş Komandana can sağlığı və uğurlar arzulayıram. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Xalqı!” – Aslan İsmayılov qeyd edib.


