"Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn tələblərinin kobudcasına pozulmasıdır. Artıq dünyanın işğalçı Ermənistana qarşı ciddi addımlar atması gərəkir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədr müavini Onur Öymən bildirib.
İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində 60 Suriya vətəndaşının məskunlaşdırıldığını təsdiq edən sənədlərin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsinə toxunan Onur Öymən deyib ki, bütün bu faktlardan sonra beynəlxalq qurumlar nəhayət işğalçı Ermənistanı terrorçu dövlət olaraq tanımalıdır:
"Azərbaycan Ordusunun ələ keçirdiyi sənədlər Ermənistanı dünya qarşısında ifşa edir. Suriya vətəndaşlarının Qarabağda nə işi var? Niyə dünya bu sualı işğalçı Ermənistana vermir? Niyə Ermənistanın Suriyadan Qarabağa muzdlu döyüşçülər gətirməsini soruşmurlar? Bilirsiniz, bütün bunlar bir daha onu göstərir ki, dünyada türk-müsəlman fobiyası var. Qərb dövlətləri türk dövlətlərinin güclənməsini istəmirlər. Amma bu cür davranışlar qardaş Azərbaycanı haqq yolundan döndərə bilməz. Bu gün Azərbaycan dövləti BMT-nin Qarabağla bağlı 27 il əvvəl qəbul etdiyi qətnamələri uğurla özü icra edir. Çünki Qarabağ tarixi Azərbaycan torpağıdır, bütün dünya da Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil olmaqla tanıyır".
Türk diplomat qeyd edib ki, Ermənistan işğalçı dövlət olmaqla yanaşı həm də terror ölkəsidir:
"Ermənistan 1992-ci ildə Xocalıda və digər bölgələrdə azərbaycanlılara qarşı terror aktları törədib. Bu terror indi də davam edir. Ermənistan səngərdə məğlub olur, amma terrorçuluğundan əl çəkmir, Azərbaycanın şəhərlərinə raket atır, dinc insanları öldürür. Təkcə son bir ayda erməni terrorçuları Azərbaycanın onlarla körpə uşaqlarını, qadınlarını, qocalarını dünyanın gözü qarşısında qətlə yetiriblər. Çox təəssüf ki, bir sıra dövlətlər Ermənistanın terrorçuluq əməllərinə hələ də göz yumurlar, işğalçının terrorçuluğunu görmək, dilə gətirmək istəmirlər".
Qeyd edək ki, işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binadan bəzi sənədli materiallar aşakarlanıb. Həmin materiallara baxış zamanı 60 Suriya vətəndaşları olan ermənilərin adları qeyd olunan siyahı və onlardan bir neçəsinin şəxsiyyət vəsiqələrinin sürətləri ələ keçirilib.
Vaqif Hüseynli Demokrat.az


