Siyasət

İlham Əliyev önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb

İlham Əliyev önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb

BMT Azərbaycanın çağırışı ilə COVID-19-a qarşı mübarizəyə həsr olunan xüsusi sessiyanın keçirilməsini qərara alıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyası çağrılıb. Bu, ölkəmizin həyata keçirdiyi uzaqgörən, humanist xarici siyasətin növbəti parlaq qələbəsi olmaqla yanaşı, pandemiya ilə birlik, həmrəylik və çoxtərəfli əməkdaşlıq əsasında əlaqələndirilmiş şəkildə qlobal mübarizənin aparılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Xatırladaq ki, Qoşulmama Hərəkatının (QH) sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu hərəkata üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdi. Bu təşəbbüs həm QH ölkələri, həm də BMT-yə üzv digər dövlətlər tərəfindən dəstəklənmişdi. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdi.

BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdi. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdı. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb. Qeyd edək ki, 2020-ci ilin iyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq öz işinə başlayıb. Çoxsaylı müzakirələr zamanı Xüsusi Sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər haqda qərarlar verilib. Müzakirələrin sonunda, 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib. 150 ölkə bu qətnamənin lehinə səs verərək Prezident İlham Əliyevin təşəbbüsünü növbəti dəfə dəstəkləyib.

Qətnaməyə əsasən, Azərbaycan Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunan, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınıb... Yeri gəlmişkən vurğulamaq lazımdır ki, Ermənistan hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Bütün dünya birliyi COVİD-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda, Ermənistan əvvəldən bu təşəbbüsə qarşı çıxdı. Bu qətnamə ilə bağlı müzakirələrdə də məsələni qəbul etməyib və lehinə səs verməyib.

Bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışı nəzərdə tutulur.

Ermənistan hətta bu məqamda da özünü ədəbli aparmağı bacarmayıb, belə ki, açılış mərasimində Qoşulmama Hərəkatı sədrinin çıxışının olmaması üçün cəhdlər edib, lakin öz məqsədinə nail ola bilməyib.

Covid-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır. BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın təşkilində mərkəzi rol oynamalı idi. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Təəssüf ki, pandemiyanın ilk günləri göstərdi ki, BMT effektiv şəkildə bu təhdidə qarşı mübarizəni təşkil edə bilmədi. Xüsusilə, BMT Təhlükəsizlik Şurası öz effektivliyini nümayiş etdirmədi və bu vacib məsələ ilə bağlı vahid mövqe formalaşdıra bilmədi. Sanki BMT və onun Təhlükəsizlik Şurası, sadəcə texniki məsələləri müzakirə edirdi və pandemiyaya qarşı mübarizə bir kənarda qalmışdı. Onların əsas müzakirə predmeti pandemiya dövründə iclasların necə keçirilməsi, onlayn formatda müzakirələrin necə təşkil olunması idi. BMT prosedur qaydalarının girovuna çevrilmişdi.

Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürdüyü təşəbbüs həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı.

İnamla demək olar ki, pandemiya ilə mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü; bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi.

Bu təşəbbüs pandemiyaya qarşı mübarizədə müstəsna əhəmiyyətə malikdir və inanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar veriləcək.

Bu prosesdə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da böyük rol oynadı. QH üzvləri Prezident İlham Əliyevin təşəbbüsünü ilk gündən dəstəklədilər.

Məlumdur ki, QH-nın beynəlxalq aləmdə böyük rolu və çəkisi vardır. Hazırda Azərbaycan bu önəmli beynəlxalq təsisata uğurla sədrlik edir və pandemiyaya qarşı dövlət, hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının Xüsusi Sessiyasının açılış mərasimində QH sədri kimi İlham Əliyevin çıxışı ölkəmizin QH-yə sədrliyinin növbəti böyük uğuru olacaq.

Elman Babayev

Əməkdar jurnalist

D
demokrat.az