“Azəriqaz” İstehsalat Birliyi ilə Salyan rayonu, Qarabağlı kənd sakini Məmmədov İlkin Nəbi oğlu arasında məhkəmə çəkişməsi olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismar İdarəsi ilə Məmmədov İlkin Nəbi oğlu arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli, 197 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə cavabdehə məxsus istixana “Azəriqaz” İstehsalat Birliyinin Salyan RQİİ-si tərəfindən təbii qazla təchiz olunub.
Cavabdeh İlkin Məmmədov “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismar İdarəsi ilə bağlanmış 23 oktyabr 2017-ci il tarixli, 197 nömrəli qazın alqı-satqısı barədə” müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və istixanada təbii qazdan istifadəyə görə 1 iyul 2019-cu il tarixə 3110,40 manat məbləğində borcu yaranıb.
Borcun yaranmasına səbəb qeyd edilən akt əsasında hesablanmış 3132 manat məbləğində dəymiş ziyanın ödənilməməsi olub.
Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən 15 yanvar 2019-cu il tarixdə cavabdeh İlkin Məmmədova məxsus Salyan rayonu Qarabağlı kəndində yerləşən istixananın qaz təsərrüfatına baxış keçirilən zaman istixanada istismarda olan qaz cihazlarının saatlıq qaz sərfiyyatının qaz sayğacının saatlıq qaz buraxma gücündən artıq olması müəyyən olunub, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 yanvar 2019-cu il tarixli 0195297 saylı akt tərtib edilib, 3.132 manat məbləğində dəymiş ziyan hesablanıb.
Dəymiş ziyanın hesabatı istixanada istismarda olan qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 19 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat 76 gün, orta günlük iş rejimi 12 saat və hesabat müüdəti 31 gün qəbul edilməklə aparılıb və itirilmiş qazın dəyəri hesablanıb.
“Azəriqaz” İstehsalat Birliyinin Salyan RQİİ-si tərəfindən 3.110,40 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmasına baxmayaraq o, borcunu ödəməyib, kreditorla borclu arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozub.
Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.
Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bü müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.
Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəflərindən 1 iyul 2019-cu il tarixli, 01İR/13-662 saylı xəbərdarlıq məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməyib.
Bundan başqa, İlkin Məmmədov da “Azəriqaz”a qarşı qarşılıqlı iddia qaldırıb. İlkin Məmmədov qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılıb ki, o sahibkarlıq fəaliyyətli ilə məşğul olaraq Salyan rayonu Qarabağlı kəndində yerləşən həyətyanı sahəsində tərəvəz məhsulları yetişdirmək və satışını təşkil etmək üçün istixana quraşdırıb.
İstixanaya qanuni əsaslarla qaz xətti çəkərək qaz sayğacı quraşdırıb. 23 oktyabr 2017-ci il tarixdə Salyan RQİİ-si ilə müqavilə bağlayıb və müqavilədə layihəyə uyğun olaraq istixananın qızdırılması üçün 1 ədəd su qızdırıcı, 2 ədəd qaz cihazından istifadə edilməsi nəzərdə tutulub O isə 1 ədəd su qızdırıcısını quraşdırıb, 2 ədəd dəmir sobanı isə ehtiyat üçün saxlayıb və zərurət yaranarsa (hava kəskin soyuduqda) istifadə etməyi nəzərdə tutub.
Salyan qaz idarəsinin nümayəndələri təxminən 2018-ci ilin dekabr ayının əvvəlində istixanaya quraşdırılmış qaz cihazına və qaz sayğacına baxış keçirərək bütün işlərin qaydalara uyğun aparılmasını təsdiq edərək onun istixanasına qazın verilməsinə icazə veriblər. O qanuni əsaslarla istixanada qazdan istifadə edərək dəyərini ödəyib.
15 yanvar 2019-cu il tarixdə Salyan qaz idarəsinin nümayəndələri onun istixanasına gələrək baxış keçiriblər. İstixanada olan qaz cihazının saatlıq qaz sərfinin sayğacın qaz buraxma gücündən artıq olduğunu bildirərək bu barədə akt tərtib ediblər. O buna etiraz edərək aktı imzalamayıb. Sonradan ona verilən bildirişdə 3.132 manat cərimə edildiyini öyrənib.
İlkin Məmmədov hesab edib ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona yazılmış borc qanunsuzdur. Qeyd olunanlar nəzərə alınaraq ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib.
Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsinə əsasən, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 15 yanvar 2019-cu il tarixli, 0195297 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi, həmin akt əsasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov İlkin Nəbi oğluna hesablanmış 3.132 (üç min bir yüz otuz iki) manat borcun silinməsi qət edilib.
Qətnamədən “Azəriqaz” İB-nin nümayəndəsi Xəqani Salahov tərəfindən apelyasiya şikayəti verilib.
Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Mülki kollegiyanın hakimi İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda şikayətin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Xəqani Salahov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyib.
Fariz Məlikli Demokrat.az


