Gündəm

Azərbaycanın diplomatik gedişi və Ermənistana verilən son şans

Azərbaycanın diplomatik gedişi və Ermənistana verilən son şans

Razılaşmanın mürəkkəbi qurumamış düşmən atəşkəslə bağlı razılaşmanı ayaqlar altına atır

Dünən Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs bu gün saat 12-dən qüvvəyə minib. Bu heç də tərəflər arasında uzunmüddətli razılaşmanın əldə olunması anlamına gəlməməlidir. Humanitar atəşkəsin müvəqqəti xarakter daşıdığını hər kəs bilməmiş deyil. Bu zaman kəsiyində hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradılacaq.

Azərbaycanın indiki məqamda tutduğu mövqe həm də diplomatik bir gedişdir. Anlamaq lazımdır ki, diplomatiyada səhvə yol verilməsi vəziyyəti dəyişə, hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Qısası humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada “yox” deməsi düşmənin əlinə oynamaqdan, Ermənistanın mövqeyini gücləndirməkdən başqa bir şey olmayacaqdı...

Söhbət ondan gedir ki, əgər bundan sonra Ermənistan yenə də təcavüzkar siyasətini davam etdirəcəksə, xüsusilə işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, atəşkəsin ömrü razılaşmanın əldə olunduğu müddət başa çatan kimi bitəcək. Bu baxımdan hərbi əməliyyatların bərpa olunması an məsələsidir. Humanitar atəşkəs birinci mərhələ kimi növbəti mərhələni gətirməsə, bu kövrək anlaşma başa çatmamış belə pozula bilər. Növbəti mərhələdə hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmasa, əldə edilmiş nailiyyətlərin güclənməsi mümkünsüz olacaq.

Azərbaycan tərəfinin tələblərində dəyişiklik yoxdur: mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalı, icraya yönəlməlidir.Artıq ictimaiyyət Prezident İlham Əliyevin mövqeyi ilə tam tanışdır və bununla bağlı əlavə nəsə deməyə ehtiyac yoxdur.

Azərbaycan hec bir halda prosesin uzanmasını, danışıqları dalana aparan yanaşmanı yaxın buraxmayacaq. Nəzərə almaq vacibdir ki, indi danışıqların gedişində şərtləri müəyyən edən tərəf məhz Azərbaycandır. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmək durumunda deyil, ona diktə edilən şərtləri qəbul etməkməcburiyyətndədir. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür. Münaqişənin hərbi həlli yoxdur tezisini darmadağın edən Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı anlamamış deyil.

Xüsusilə, onu da nəzərə almaq lazımdır ki, bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə peşəkarlıqla, məharətli və vaxtında atılan diplomatik addımları ilə duruş gətirir və bütün bu təzyiqləri neytrallaşdırır. Ermənistan düşünürdü ki, havadarlarını bir araya gətirərək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdıra biləcək. Bu, baş verdimi? Xeyr! Məhz İlham Əliyevin yürütdüyü çevik siyasət, bu 10 gündə Azərbaycana qarşı belə bir cəbhənin yaranmasını əngəllədi. Azərbaycanın ərazi bütövlüyünə zidd olan açıqlama və addımlar ortalıqda olmadı. İlham Əliyev Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən bir addım belə olsun geri durmadı. Azərbaycanın milli maraqlarının İlham Əliyev üçün ən ali dəyər olduğunun sübuta ehtiyacı yoxdur...

Prezident İlham Əliyev nə etdi?

Birinicisi, bunu daha aydın görmək üçün 10 gün bundan əvvələ nəzər salaq. Vəziyyət belə idi: münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilirdi, həmçinin danışıqlar prosesi imitasiya olunmuş forma almışdı. Başlıca hədəf tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev məhz bu oyunu pozdu. Güclü syasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi çökdürdü. Azərbaycanın işğalla heç zaman barışmayacağı cəbhədə düşmənə vurulan zərbələrlə tamamlandı, torpaqlarımızın bir qismi düşməndən təmizləndi.

İkincisi, status-kvo tamamilə dəyişdi. Təmas xətti deyilən anlayış yoxdur. İndi hərbi və siyasi şərtləri Azərbaycanın diktə etdiyi birmənalıdır. Prezident İlham Əliyev diplomatik gedişlərlə, həmçinin cəbhədə qazanılan uğurlarla regionun geosiyasi mənzərəsini dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsi bunun əyani göstəricisidir.

Ücüncüsü, Ermənistanın danışıqlar formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejimi danışıqlar prosesinə tərəf kimi cəlb etdirmək istəyi tamamilə gündəmdən çıxdı. Eyni zamanda, 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiası dəfn edildi. Ermənistan reallığı etiraf etmək zorunda qaldı. Etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir.

Dördüncüsü, hədəfimiz dəyişməyib və İlham Əliyevin istər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addımı bizi əsas hədəfə daha da yaxınlaşdırmağa hesablanıb. “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”- deyən Prezident İlham Əliyevin başlıca niyyəti Azərbaycanı az itkilərlə Böyük Qələbəyə qovuşdurmaqdır.

Beşincisi və ən əsası bu günlərdə bütün dünya Azərbaycan xalqının əzmini gördü. Xalq bir nəfər kimi ərazilərin işğaldan azad edilməsi üçün Ali Baş Komandanın ətrafında birləşib. Bu birlik olduqca qələbə bizimlə olacaq. İndiyə qədər olmayan milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırdı. Tutduğu mövqedən, yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız bir olub fədakarcasına mübarizə apardılar. Azərbaycandan fəqrli olaraq Ermənistanın düşdüyü durum göz önündədir.

- Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusu darmadağın edilib. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirilib.

- Ermənistanın özünə yeni ordu qurmaq imkanları qalmayıb. Düşmən ordusunun peşəkar zabit heyəti və peşəkar müddətdən artıq hərbi xidmətçiləri böyük sayda məhv edilib. Bu ordunun, silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunduğunu nəzərə alsaq, bu imkanları bərpa etmək üçün neçə ilin lazım olduğu məlumdur.

- Ermənistan ordusunun və cəmiyyətinin özünə güvəni tam sarsılıb. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarılıb. Bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları yoxdur. 10 günlük müharibə Ermənistan iqtisadiyyatını tam çökdürdü.

- Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması tam ifşa edildi və bunu bütün dünya gördü. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir.

- Ermənilərin işğal olunmuş əraziləri qanunsuz məskunlaşdırmaq cəhdi tam iflasa məhkum oldu. İndi bundan sonra heç kəs daim Azərbaycan ordusunun hədəfində və atəş zonasında yerləşən ərazilərə köçməyi ağlından belə keçirməyəcək. Üstəlik, Qarabağı tərk edən ermənilərin əksəriyyəti bir daha geri dönməyəcək. Əksinə, hər an hərbi əməliyyatların bərpa oluna biləcəyini anlayan erməni əhalisi Qarabağı tərk edəcək.

Beləliklə, Azərbaycan bütün parametrlərinə görə qalibdir və bu qalibiyyətin hədəfinə catacağı şübhəsizdir. Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirib. Azərbyacan tarixi günlər yaşayıb; Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edilib. İndi həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanmasından keçirdiyimiz qürur hissini sözlə ifadə etmək asan deyil.

Yaxın günlərdə prosesin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkündür. Yuxarıda vurğuladığımız kimi, əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində real addımlar atmayacaqsa, hərbi əməliyyatlar anında bərpa olunacaq və Azərbaycan Ordusu tarix yazmaqda davam edəcək. Bunun olmaması üçün BMT TŞ-nin qətnamələri və Helsinki Yekun Aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Türkiyə region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır.

Bu, Ermənistana verilən son şansdır. Qarşıdan gələn iki gün ərzində Ermənistan mövcud reallığa adekvat addımlar atmalıdır. Nəhayət ayılıb, iddialarından geri çəkilməli, işğal siyasətinə son qoymalı, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində konkret davranış ortaya qoymalıdır.

Ancaq görünən odur ki, bunun reallaşması çətin olacaq. Razılaşmanın mürəkkəbi qurumamış düşmən atəşkəslə bağlı razılaşmanı ayaqlar altına atdı. Artıq atəşkəs pozulur...

Elman Babayev Demokrat.az

D
demokrat.az