Gündəm

Deputat: "Torpaqlarımızın son metrinin azad edilməsinə qədər anti-terror əməliyyatları davam etdiriləcək"

Deputat: Torpaqlarımızın son metrinin azad edilməsinə qədər anti-terror əməliyyatları davam etdiriləcək

"Ötən 26 illik atəşkəs rejimi dövründə Azərbaycan tərəfi bir dəfə də olsun ki, atəşkəsi pozmayıb, ona riayət edib. Amma bu müddətdə ermənilər milyon dəfə təxribatlar törədiblər".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Deputat deyib ki, ermənilər bu yaxınlarda da Tovuzda dinc əhaliyə atəş aşaraq, növbəti dəfə təxribat tördiblər:

"Cənab Prezident İlham Əliyev ermənilərin son təxribatları ilə bağlı məlumatları dünya ictimaiyyətininin diqqətinə çatdırıb. Dövlət başçısı ən azı 10 gün ard-arda dünya ictimiyyətini məlumatlandırdı ki, Ermənistan Azərbaycana qarşı növbəti dəfə işğalçılıq addınmları, terror aktları planlaşdırır, Mingəçevir Su Anbarını, 10-dan çox ölkəni enerji ilə təmin edən Səngəçal terminalını vurmağa hazırlaşır. Amma Prezidentin bu xəbərdarlıqlarına dünya birliyi əhəmiyyət vermək istəmədi. Nəticədə bu gün səhər ermənilər Azərbaycana qarşı gözlənilən təxribata əl atdılar. Cənab Prezident İlham Əliyev bütün təzyiqlərə baxmayaraq, işğalçılara qarşı anti-terror əməliyyatına başlanılması ilə bağlı lazımı qərarı verdi".

Vahid Əhmədov Azərbaycana yaxından dəstək verən dövlətlərə də təşəkkür edib:

"Bu gün Azərbaycana qarşı olan dövlətlər bizi danışıq masasına dəvət edirlər. Onlar anlamalıdır ki, artıq sülhdən söhbət gedə bilməz. Sülh danışıqları artıq dalana dirənib və bunun da əsas təqsirkarı cəbhədə hərbi təxribatlardan əl çəkməyən işğalçı Ermənistandır. Bundan başqa, mən Azərbaycana göstərdiyi dəstəyə görə, qardaş Türkiyəyə, Pakistana və İsrailə öz təşəkkürümü bildirirəm".

Vahid Əhmədov qeyd edib ki, indi artıq Ermənistanın təxribatlarına qarşı cavab addımları atılır:

"Hesab edirəm ki, anti-terror əməliyyatları son işğal altında qalan torpaqların azad olunmasına qədər davam etdiriləcək. Azərbaycan Ordusu düşmən tapdağında olan torpağın son metrinin azad edilməsinə qədər anti-terror əməliyyatlarını davam etdirəcək və xalqımız hamılıqla Prezidentin ətrafında sıx birləşəcək. Bütün siyasi və ictimai təşkilatlar da dövlət başçısının ətrafında bir nəfər kimi birləşməlidir.

İnanıram ki, biz yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağı günü qeyd edəcəyik.

Bu gün Milli Məclis də hərbi vəziyyətlə bağlı qanun qəbul etdi. Bu qanunun qəbulu çox vacib idi. Biz bu qanunu qəbul etməyə məcburuq. Çünki torpaqlarımız terrorçuların işğalı altındadır. İndi bizim üçün tarixi şans yaranıb və biz bu şansdan məharətlə istifadə etməliyik. Mən Azərbaycan əhalisindən və hökumət qurumlarından bu qanunun tələblərinə əməl edilməsini xahiş edirəm.

Sonda mən öz cəsarətli addımlarına və güclü siyasi iradəsinə görə millətim adından cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Allah Ali Baş Komandanımızı qorusun!".

Zaur Hacılı Demokrat.az

D
demokrat.az