"Tofiq bəy Yaqublu ilə görüşdüm. Çox gec gəldi. Halı yox idi, rəngi solmuş və əvvəlki tək yerimirdi, gözləri çuxura enmişdi sanki".
Demokrat.az xəbər verir ki, bu sözləri Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublunun vəkili Aqil Layıc “facebook”da yazıb. O bildirib ki, aclıq aksiyasının 6-cı günündə T. Yaqublu artıq 9 kilo çəki itirib: “ Deyir ki, 91 kilodan 82 kiloya düşüb. Aclığının 6-cı günüdür. Deyir ki, müəssisə rəisinin müavini Rasim Əsgərov və psixoloq yanına gəlibmiş və nəsə psixoloji durumuna görə akt tərtib etmək istəyirlərmiş. İddia edir ki, sanki o, aclığı psixoloji vəziyyətinə görə edirmiş. Amma psixoloji halının çox normal olduğunu qeyd etmiş, aclığı ədalətsizliyə qarşı etdiyini bildirmişdir, psixoloji durumuna görə deyil”.
Qeyd edək ki, sentyabrın 3-də Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 2-dən etibarən isə o, aclıq aksiyasına başladığını elan edib.


