Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi məqsədilə konsepsiya hazırlanır. Bu barədə qurumun özü məlumat yayıb.
Məlumatda qeyd olunur ki, indiyədək BNA-nın səlahiyyətləri çərçivəsində taksi fəaliyyətinin tənzimlənməsinə dair bir sıra tədbirlər həyata keçirilib. Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub: “Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır”.
BNA bildirir ki, bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə, konsepsiya hazırlayıb: “Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək”.
Əksər müstəqil mütəxəssislər BNA-nın hazırladığı konsepsiyanın ölkədə taksi fəaliyyətinin tənzimlənməsindən daha çox bu sahədə mövcud olan sağlam rəqabət mühitinin aradan qalxmasına gətirib çıxaracağı qənaətindədilər. Buna əsas kimi dövlətin taksi xidmətinin təqdimatçısı fəaliyyətini genişləndirməsi göstərilir. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyəti bu yaxınlarda ölkəyə 100 ədəd yeni London taksiləri gətirib. Taksilərin 6 nəfərlik müştəri salonu var, onlar hibriddir – elektrik enerjisi ilə də işləyir. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür.
Rəsmi məlumata görə, hazırda paytaxtda "Bakı Taksi Xidməti" MMC-nin 1200 taksisi xidmət göstərir. Bundan əlavə, Bakıda 50-dək müstəqil taksi şirkəti fəaliyyət göstərir. Hökumət qurumlarının məlumatına əsasən ölkə üzrə təxminən 44 min rəsmi və qeyri-rəsmi taksi fəaliyyət göstərir. Təhlillərə görə, bu taksilərin 27 mini Bakıda, 17 mini isə regionlarda fəaliyyət göstərir. Qeyd edilib ki, regionlarda xidmət edən 17 min taksidən 3800 ədədi fərqlənmə nişanı ilə, 13 mindən çoxu isə fərqlənmə nişanı almadan qeyri-rəsmi fəaliyyət göstərir.
Taksi fəaliyyəti Nazirlər Kabinetinin təsdiqlədiyi “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”lə tənzimlənir.
Bundan əlavə, taski fəaliyyəti Vergi Məcəlləsinə əsasən vergiyə sosial ödənişə cəlb olunub. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” ın 2019-cu il 29 noyabr tarixli müvafiq qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həm də məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Əvvəlki qanunvericilikdə isə “Fərqlənmə nişanı”nın alınması üçün sadələşdirilmiş vergi və reysqabağı texniki və tibbi müayinə üçün ödəniş edilirdi.
Koronavirus pandemiyasının vurduğu zərərlə bağlı taksi fəaliyyəti ilə məşğul olanların vergi və sosial ödəniş yükü bu ilin sonunadək azaldılıb. Belə ki, Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80,5 manat təşkil edir. Güzəştin tətbiqindən sonra taksi sürən 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirir, cəmi vergi və sosial yükü 39 manata enib.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda rəqabətli şəraitdə fəaliyyət göstərən çox azsaylı sahələrdən biri taksi xidmətidir: “Son beş ili götürsək, iki devalvasiyaya, benzinin qiymətinin artmasına baxmayaraq, bu sahədə qiymətin ciddi şəkildə enməsi müşahidə olunur. Bununda əsas səbəbi məhz xarici oyunçuların da iştirak etdiyi rəqabətli mühitdir. Dövlətin bu sahədə oyunçu kimi iştirakını genişləndirməsi doğru addım deyil, bazar qaydalarına ziddir. Bu yaxınlarda Prezidentin çıxışı olub, ölkədə iqtisadiyyatın liberallaşmasının zəruri olduğun bildirib. Taksi xidmətində dövlətin iştirakının artırılması bu çağırışla da ziddiyyət təşkil edir”.
Ekspertə görə, dövlət hər hansı sahədə yalnız hamı üçün bərabər şərtlər təmin edən oyun qaydalarını tənzimləməlidir: “Dövlət keyfiyyətli xidmət olsun deyə öz standartlarını müəyyənləşdirib tətbiq etməlidir. Qiymət, tarif sahəsində dövlətin iştirakı yolverilməzdir, bu, ciddi problemlərə səbəb olacaq”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətini tənzimləyən Konsepsiya hazırlaması barədə məlumatlar yer alıb.
İqtisadçı-ekspert Samir Əliyev də hesab edir ki, BNA-nın timsalında dövlətin taksi fəaliyyətini vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqi kimi məsələləri öz üzərinə götürməsi taksi xidmətinə mənfi təsir edəcək: “İlk gündən cəmiyyətdə bu Konsepsiyaya münasibət heç də birmənalı olmadı. Əksəriyyət yeni qaydaların qüvvəyə minməsindən narahatdır və onun fəsadlarının ağır olacağını ehtimal edir. Belə narahatçılığın yaranması başadüşüləndir. Hazırda taksi xidməti sektoru Azərbaycanda yüksək rəqabətin olduğu azsaylı sahələrdən biridir. Bu sektorda son 4-5 ildə yaranmış rəqabətin nəticəsi olaraq taksi xidmətinin qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Dövlət isə bu rəqabəti qorumaq əvəzinə əvvəlcə öz şirkətini yaradaraq bazara daxil oldu, sonra öz şirkətinə maliyyə dəstəyi verərək bahalı və müasir avtomobilər gətizdirdi, indi də müxtəlif tənzimləyici qaydalarla mövqeyni bazarda möhkəmləndirmək istəyir. Konsepsiyada nəzərdə tutulanlar həyata keçirilərsə, bazarda taksi şirkətlərinin sayı kəskin azalacaq və bazarda ancaq dövlət şirkəti və ən yaxşı halda bir neçə iri şirkət qalacaq. Rəqabətiz xidmət sonda bahalaşacaq, xidmətin keyfiyyətində isə ciddi artım olmayacaq”.
S.Əliyev deyir ki, BNA Konsesiyanı irəli sürəndə yəqin ki xarici ölkələrin təcrübəsinə istinad edib: “Doğrudan da bir sıra ölkələrdə taksi xidmətinə münasibətdə müxtəlif tənzimləmələr mövcuddur. Bu tənzimləmələr əsasən 3 istiqamətdə olur: 1) tarifin tənzimlənməsi; 2) lisenziyaların tənzimlənməsi; 3) keyfiyyətin tənzimlənməsi. Ancaq son illər əksər ölkələrində, o cümlədən OECD ölkələrində taksi xidmətinə münasibətdə şərtlərin yumşaldılması tendensiyası müşahidə edilir. Yeni tendensiya özünü qiymətin sərbəstləşdirilməsində və lisenziyaların sayına qoyulan limitlərin aradan qaldırılmasında göstərir. Bunun nəticəsində gözləmə vaxtı əhəmiyyətli dərəcədə azalır, qiymətlər isə ucuzlaşır. Bu gün dünyada ride-sourcing və ride-sharing kimi taksi xidmətləri bazarda getdikcə payını artırır. Biz isə hələ də sovetsayağı idarəetmə vərdişlərindən əl çəkmirik.
Gələk BNA-nın əsaslandırmasına. BNA və təəssüf ki, bəzi ekspertlər iddia edir ki, indiki tariflər çox aşağı olduğundan sürücülərin gəlirləri aşağı olur və onlar narazılıq edirlər. Bu iddia doğru deyil. Təsəvvür edin, hər gün xeyli sayda taksi Bakıdan Xırdalana (və əksinə), Sumqayıta (və əksinə) sərnişinin birini 1 manata aparır. Kifayət qədər böyük məsafəni taksi 4 manata qət edir. Eyni vəziyyət 20 yanvar – Koroğlu metrostansiyası, 20 yanvar – Müşviqabad istiqamətində də var. Və yaxud Koroğlu stansiyalarından Bakı kəndlərinə olan marşrutları qeyd etmək olar. Əgər qiymət belə ucuzdursa niyə minlərlə sürücü 1 manata sərnişin daşımağa maraq göstərir? Yəqin BNA xəbərdardır ki, avtobusların yükünü məhz bu “birmanatlıq” taksilər azaldır. Və ya UBER, Bolt, Maksim və s kimi xidmətlərdə işləyənləri götürək. Məhz bu xidmətlərin hesabına son vaxtlar taksi xidmətindən daha çox istifadə etməyə başlamışam və hər dəfə də sürücülərdən onların qazancları barədə münasibət öyrənirəm. Əksəriyyətinin cavabı belə olub ki, sərf edir. Bunların hamısı da öz şəxsi maşınlarından istifadə edirlər. Əsas narazılıq isə vergitutmanın ədalətsiz olması ilə bağlı olub. Sürücüləri taksi şirkətləri ilə əməkdaşlığa heç kim məcbur etmir, bu onların öz seçimidir. Metroların, dayanacaqların yanında bütün günü mürgüləyən, gün ərzində 1-2 sifariş qəbul etməklə kifayətlənən, sərnişindən ən azı 5 manat tələb edən sərbəst taksi sürücülərindən fərqli olaraq şirkətlərlə işləyənlər daha çox qazana bilir. Əlbəttə, pul heç zaman çox olmur və sürücülər daha çox xidmət haqqı almağa etiraz etməzlər. Ancaq mövcud tariflər sürücüləri hələ ki qane edir”.
Vahid çağrı mərkəzinə gəlincə, ekspert hesab edir ki, bunun Azərbaycanda nə dərəcədə effektiv işləyəcəyi məlum deyil: “Söhbət eyni anda yüzlərlə, minlərlə sərnişinin zəng vurmağından gedir. Bütün zənglər cavablandırılacaqmı yoxsa dövlət qurumlarında, banklarda, mobil operatorlarda olduğu kimi müştəri hər dəfə qulağında telefon 5-10 dəqiqə musiqiyə qulaq asmaq məcburiyyətində qalacaq”?
BNA-nın xidmət keyfiyyətinin aşağı olması ilə bağlı iradını isə S.Əliyev haqlı hesab edir: “Bu baxımdan dövlətin işi xarici ölkələrdə olduğu kimi taksi xidmətinə dair standartların qəbulu və onlara riayət edilməsinin təmin etməkdən ibarət olmalıdır. Dövlət tənzimləməlidir, taksi xidməti göstərməli deyil. Digər tərəfdən, xidmətin keyfiyyəti heç də təkcə avtomobilin təzə, rahat və səliqəli olması deyil. Xidmətin keyfiyyəti həm də gözləmə vaxtının az olması, qiymətlərin münasib olması və dispetçerlə qısa müddətdə əlaqə saxlamaq mümkünlüyüdür. Vahid tarifin tətbiqi mexanizmindən imtina edilməlidir. Çünki bu addım taksi xidməti sektorunda kiçik sahibkarlıq subyektlərini sıradan çıxaracaq, işsizliyi artıracaq və ən əsası qeyri-rəsmi taksi xidmətləri göstərən sürücülərin sayı daha da artacaq. Vergi ödəyicilərinin puluna baha qiymətə alınan və səmərəli olmayan taksi maşınlarına xidmət də bahadır. Onların tarifləri indiki tariflərlə rəqabət apara bilməz. Qiymətləri yeni taksilər üçün əlverişli həddə qaldırmaq üçün ortaya vahid tarif söhbəti atılıb. Bu siyasətin sonu bahalı və inhisarçı taksi xidməti ilə yekunlaşacaq”.


