Ermənilərin belə canfəşanlıq etmələrinin, son zamanlar atəşkəsi intensiv şəkildə pozmalarının səbəbi nədir? Əlbəttə, versiyalar çoxdur, ayrı-ayrılıqda hər bir hal üzrə xüsusi səbəblər göstərmək mümkündür. Məsələn, 2 gün öncə, avqustun 23-də Goranboy rayonu istiqamətində erməni diversiya-kəşfiyyat qrupunun törətdiyi təxribatı daha çox Ermənistan müdafiə naziri D.Tanoyanın Moskvaya səfəri, “Armiya-2020” hərbi-texniki forumunda iştirakı ilə əlaqələndirirlər. Erməni nazir forum çərçivəsində nümayiş etdirmək üçün yeni şou hazırlayıb. Amma istənilən halda, ayrı-ayrılıqda intensivşəkildə törədilən bu təxribatların ümumi bir səbəbi olmalıdır.
Bu fikirləri Demokrat.az-a Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib.
Onun fikrincə, bütün bunları Ermənistan hakimiyyətinin və Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel döyüşlərindən başlayaraq uğradıqları silsilə məğlubiyyətlərlə əlaqələlndirmək mümkündür. Bu sıraya 2020-ci ilin iyul ayında Tovuz rayonu isitiqamətində baş verən hərbi əməliyyatları da daxil etmək mümkündür. Ermənilər qisas üçün qalxdıqları hər səfərində ağır zərbə alaraq itkilərə məruz qalırlar. Onlar, Azərbaycanın 90-cı illərdəki durumunun dəyişdiyini, layiqli cavablar verməyə hazır olduğunu həzm edə bilmirlər. Tovuz hadisələrindən 40 gününn tamamında , cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Amma bu dəfə də Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.
Müşfiq Ələsgərli daha sonra vurğulayıb:
"Ermənistanın ombudsmanı A.Tatoyan bəyan edib ki, yayılan videolar tutulan kəşfiyyatçının hüquqlarının pozulduğunu göstərir. Əlbəttə, o, Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi barədə danışsaydı, daha obyektiv olardı.Amma indilik mövzu bir az fərqlidir. Ombudsmanla yanaşı, sosial şəbəkələrin Ermənistan seqmentində Qurgin Alberyanın dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülür. Digər qəribə hal odur ki, Ermənistan Müdafiə Nazirliyi adətinə xilaf çıxaraq, saxlanılan şəxsin statusunu azaltmaq üçün heç bir açıqlama verməyib. Ombudsmanın, sosial şəbəkə istifadəçilərinin və müdafiə nazirliyinin sinxron hərəkətləri onu göstərir ki, saxlanılan hərbçi onlar üçün kifayət qədər əhəmiyyətli şəxsdir".


