"Niyə sual olunmur ki, iqtisadi vəziyyəti ağır olan Ermənistan qonşusu güclü Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və bu zəif, iqtisadi blokadada olan ölkə öz ərazisində hərbi baza saxlayır. Ermənistan qonşu dövləti hədələməklə, mülki əhaliyə atəş açaraq onları qətlə yetirməklə və tez-tez atəşkəsi pozmaqla məşğuldur. Bu məsələlər beynəlxalq təşkilatları və aparıcı dövlətləri düşündürməlidir".
Demokrat.az xəbər verir ki, bu sözləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Ermənistan tərəfinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaqla bağlı hədələrinə cavab olaraq bildirib.
O vurğulayıb ki, Ermənistan tərəfinin bu addımı atmağa heç bir imkanı yoxdur və bir-neçə dəfə Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən onlara cavab verilib: "Ermənistanın Azərbaycan ərazilərinə hücum etmək imkanı yoxdur. Bizim sərhəddə elə müdafiə qurğularımız var ki, onlar imkan tapıb Azərbaycana hücum etmək istəsələr belə bunun qarşısı dərhal alınacaq".
Cəlil Xəlilov bildirib ki, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələri Ermənistan tərəfinin bu ambisiyalarına təzyiq göstərməli, Ermənistanın qarşısında tələblər qoymalıdırlar: "Bu gün Ermənistan bütün dünyaya iqtisadi vəziyyətinin ağır olduğunu bəyan edir, dünyanın aparıcı ölkələrindən xahiş edir ki, onlara yardımlar göstərilsin. Lakin, niyə sual olunmur ki, iqtisadi vəziyyəti ağır olan ölkə, qonşu olan güclü ölkənin 20 faiz torpaqlarını işğal edib və bu zəif, iqtisadi blokadada olan ölkə öz ərazisində hərbi baza saxlayır. Bu sualları Ermənistana niyə vermirlər? Niyə onların qarşısı alınmır? Ermənistan qonşu dövləti hədələməklə məşğuldur, tez-tez sülh şəraitində yaşayan, kənd təsərrüfatı ilə məşğul olan dinc, mülki camaata atəş açaraq onları qətlə yetirir, bizim cəbhə zonasında xidmət göstərən əsgərlərimizi atəşə tutur. Bu məsələlər beynəlxalq təşkilatları və aparıcı dövlətləri düşündürməlidir".
QHT sədri qeyd edib ki, Ermənistanın bu cür təcavüzkar çıxışlarının qarşısını almaq və beynəlxaql ədaləti təmin etmək məqsədilə dövlətlər Ermənistana qarşı siyasi, iqtisadi və hərbi təzyiqlər göstərməlidirlər: "Ümumiyyətlə, Nikol Paşinyan beynəlxalq tribunalardan kənarlaşdırılmalıdır. Ermənistanı bütün qonşu və aparıcı dövlətlər işğalçı bir dövlət kimi tanımalıdır. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Ermənistana yerini göstərməlidir. Bu məsələdə Azərbaycana dəstək olunmalıdır". (SİA)


