Pandemiya dövrünün nümunəvi müəllimi — FOTOLAR/VİDEO

MARAQLI 09 avq 2020, 12:08

Onlar koronavirusla mübarizədə ön cəbhədə aktiv iştirak edirlər. Onlar koronavirusa yoluxan xəstələri sağaldırlar. Onlar bəzən özləri də ölürlər. Yox-yox, onlar ölmürlər, sadəcə dünyalarını dəyişirlər. Sağaltdıqları şəxslərin, onların ailələrinin, əzizlərinin, eləcə də bütün insanların qəlbində əbədi yaşayırlar. Təbii ki, belə bir durumda həkim itkisi bizim hamımızı təəssüfləndirir. Amma müharibə qurban tələb edir. Koronavirusla mübarizədə ön cəbhədə vuruşan həkimlərimiz nəinki günün, onlar tarixin qəhrəmanlarıdır.


Bu çətin günlərdə həkimlərlə yanaşı həyatlarını riskə ataraq fəaliyyət göstərənlər sırasında müəllimlər də dayanır. Elə bizim Elçin Abbasov kimi. Elçin müəllim Cəlilabad rayonunun Alar kənd 2 saylı tam orta məktəbin fizika-riyaziyyat müəllimidir. Onu pandemiyadan əvvəl də fəal vətəndaş kimi tanıyırdım. 

 


O, Milli Məclisin Gənclər və İdman komitəsinin təşəbbüsü, “AzEdu.az” təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi-2019” müsabiqəsinin qalibi olub. Elçin müəllim tədris apardığı siniflərdə yeni “STEM” təlim metodundan istifadə edərək uğurlu nəticələr əldə edib.


Pandemiya dövründə isə yorulmadan, sözün əsl mənasında gecə-gündüz çalışan müəllimlərdəndir. Hələ ilk günlərdən şagirdləri ilə onlayn dərslərə başlayan Elçin müəllim pandemiya dövründə yorulmadan fəaliyyət göstərib. Təbii ki, internet təchizatı əlverişli olmayan kənd şəraitində təhsilin onlayn növünün çətinliklər yaratması gözləniləndir. Amma görünən odur ki, müəllimin şagirdlərə olan sevgisi bu çətinliklərin öhdəsindən yetərincə gələ bilib. 


Elçin Abbasov pandemiya dövründə bununla yanaşı təhsil sahəsində təşkil olunan onlayn konfranslarda, vebinarlarda və rayondaxili videogörüşlərdə iştirak edir və müzakirələrə qatılır. 

 


O, pandemiya dövründə insanları evdə qalmağa təşviq edən videoroliklər hazırlayaraq geniş ictimaiyyətə çatdırıb. Elçin müəllim həyat yoldaşı ilə birlikdə ev şəraitində tibbi maskalar hazırlayaraq yaşadığı və işlədiyi kəndin bəzi sakinlərinə paylayıb. Bu işdə ona ailə üzvləri və rəhbərlik etdiyi "Turan" skaut dəstəsinin üzvləri köməklik göstəriblər. Bununla yanaşı şagirdləri ilə onlayn dərsləri davam etdirən Elçin Abbasov karantin rejiminin yumşaldıldığı vaxtlarda onlara müxtəlif növ test və bədii kitablar hədiyyə edib. 


Pandemiya dövründə müəllimlərin asudə vaxtlarının səmərəli keçirilməsi, eləcə də cəmiyyətin maarifləndirilməsi üçün yeni layihə ilə çıxış edən Elçin Abbasov respublikanın müxtəlif bölgələrində yaşayan gənc müəllimlərin dəstəyilə sosial şəbəkə üzərindən "Nərdivançı" verilişini ərsəyə gətirib. Hazırda davam edən layihənin indiyədək bir neçə buraxılışı yayımlanıb.

 


Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi yanında operativ qərargahın fəal üzvlərindən biri olan Elçin müəllim “Bir müəllim yetməz, sən də qoşul” şüarına qoşularaq digər iki müəllim həmkarı ilə birgə Şəki şəhər qarışıq tipli uşaq evində böyüyən şagirdlərlə onlayn abituriyent hazırlığına start verib.


Bütün bunlar bir kənd müəlliminin pandemiya dövründə fəaliyyətinin göstəricisidir. Təbii ki, pandemiya dövründə Elçin Abbasov kimi həyatını riskə atan müəllimlərimiz çox olub. Onlar həkimlərdən fərqli olaraq arxa cəbhədə vuruşsalar da, qəhrəmanlıq nümayiş etdirirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 


Mirsəid Bayramov


Yazı "NAR" və TƏBİB-in birlikdə keçirdiyi müsabiqə üçün hazırlanıb

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top