“Döyüşmək istəyirsənsə, get, öz ölkənin sərhədində vuruş, Rusiyaya niyə gəlmisən?”

MÜSAHİBƏ 30 iyl 2020, 09:24

Bu günlərdə nəzərlərimiz dünyanın bir sıra ölkələrində haqq səsimizi ucaldan, Ermənistanın işğalçı siyasətinə etiraz məqsədilə küçələrə axışan soydaşlarımıza yönəlib. Amerika, Avropa qitələrində ucalan “Qarabağ” sədaları bəzən erməni təxribatçıların kəskin reaksiyası, qanunsuz əməlləri ilə qarşılanır. Qonşu Rusiyada da erməni təxribatlarını müşahidə etdik, bəzi hallarda soydaşlarımızın, həmçinin bu ölkədəki Azərbaycan vətəndaşlarının əsəbləri dözmədi, toqquşmalar oldu, həbslər var. Amma Rusiyadakı diaspor təşkilatlarımız, ağsaqqal ziyalılarımız yaxşı ki, kənarda qalmadılar, rəsmi qurumlarla birgə fəal şəkildə çalışıb toqquşmaların geniş miqyas almasına imkan vermədilər. 


Rusiyanın 70-dən artıq regionunu əhatə edən təşkilatın, Rusiyanın Azərbaycan İcmaları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov bu mövzuda “Yeni Müsavat”ın suallarını cavablandırıb.

 
- Fazil müəllim, bilirik ki, Tovuz döyüşlərini siz də nigaranlıqla izləyirdiniz və ürəyiniz Vətənlə birlikdə döyünürdü. Eynilə son həftə ərzində Rusiyada azərbaycanlılarla bağlı baş verənlər bizi ciddi şəkildə narahat etdi. Hazırda vəziyyət necədir və siz böyük bir diaspor təşkilatının rəhbəri olaraq bu günlərdə daha pis olayların baş verməməsi üçün hansı addımlar atmısınız?


- Mən əvvəlcə Tovuz rayonu istiqamətində gedən döyüşlərdə həlak olan oğullarımıza, generalımıza, polkovniklərimizə, digər zabitlərimizə, əsgərlərimizə Allahdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm. Həmin döyüşlər başlayan andan etibarən biz məsələləri operativ şəkildə reaksiya verdik. Bu günlər ərzində biz böyük işlər görmüşük. Biz baş verənlərlə əlaqədar olaraq altı dəfə, ayrı-ayrı ünvanlara müraciətlər etmişik. İyulun 13-də biz Rusiya azərbaycanlılarının diaspor təşkilatları olaraq bəyanat verdik ki, bəs, bu, Ermənistan tərəfindən törədilən təxribatdır. Biz müraciətimizi prezident Vladimir Putinə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkoya, Dövlət Dumasına, bütün siyasi partiyalara göndərdik. Müraciətimizdə Ermənistanın Azərbaycan sərhədində təxribata əl atdığını qeyd edərək, bu hərəkəti pisləmişik. 16 iyulda bizim Rusiyanın Azərbaycan İcmaları Konfederasiyası Evində dəyirmi masa təşkil etdik. Orada müxtəlif millətlərin diaspor təşkilatlarının təmsilçiləri iştirak edirdi. Tatarıstan, Özbəkistan diaspor təşkilatlarının rəhbərlərini, həmçinin Rusiya təmsilçlərini bir araya gətirib Ermənistanın Tovuz təxribatlarını, ermənilərin vəhşiliklərini müzakirə etdik.


- Həmin müzakirələrdə kimlər iştirak edirdilər?


- Rusiyanın “Vatandoş” Regionlararası Özbək Təşkilatının sədri Usman Baratov, Regional Tatar Milli-Mədəni Muxtariyyətinin sədri Ənvər Xusainov, “Soqlasiye” Milli-Mədəni Muxtariyyətinin sədri Vitali Şiroçenko, həmçinin Tacikistan, Pakistan, Qırğızıstan, Belorusun diaspor təşkilatlarının təmsilçiləri dəyirmi masada iştirak edirdilər.


- Fazil müəllim, belə fikirlər var ki, Rusiyadakı ziyalıların bir çoxu baş verənləri sükutla qarşılayır, səslərini qaldırmır, sözünü demir belə həssas məqamlarda. Məsələ kənardan göründüyü kimidirmi?


- Yox, elə deyil. İyulun 17-də biz Rusiyadakı azərbaycanlı ziyalılar adından bəyanat verdik. Görkəmli adamlarımızın həmin bəyanatında diplomat  Ramiz Abutalıbovun  da adı var. Həmçinin oftalmoloq,  akademik Sevinc Əsgərova, rəssam Əsgər Məmmədov,  professor  Gülarə Makarova və digərlərinin. Bu müraciətimiz Rusiya ictimaiyyətinə, prezidentinə, dövlət qurumlarına ünvanlanmışdı.


Bundan əlavə, sizə deyim, iyulun 22-də mən Rusiyanın 1-ci telekanalının şefi Konstantin Ernistə Ermənistanın təxribatları barədə müraciət etmişdim. Daha sonra elə həmin gün gənclərimizə müraciət etdim ki, təxribatlara getməyin, bunlar hamısı ermənilərin əl atdığı təxribatlardır, planlardır. Bir gün sonra isə mən şəxsən Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət yazdım. Həmçinin baş vermiş hadisələrlə əlaqədar “Exo Moskvı” radiosuna müsahibə vermişəm. 24 iyulda isə bizi Lubyankaya, Federal Təhlükəsizlik Xidmətinə çağırmışdılar. Orada Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin təmsilçiləri ilə görüş oldu. Onlar təklif etdilər ki, biz həmyerlilərimizə çağırış edək, ermənilər tərəfindən yol verilən təxribatlara uymasınlar, küçələrdəki qarşıdurmalarda iştirak etməsinlər. Həmin görüşdən sonra mən 25 iyulda bir daha gənclərimizə müraciət etdim. Həmin gün Leyla Əliyevanın təsis etdiyi Rusiya Azərbaycanlıları Gənclər Birliyinin (AMOR) təmsilçiləri, hardasa 30-a yaxın universitetin nümayəndələri gəldi, mənimlə, Kamran (professor Kamran Rüstəmov-E.P.) müəllimlə, diaspora üzvlərimizlə görüşdülər. Biz onlarla söhbət apardıq, gənclərə məsləhətlər verdik, təxribatlardan uzaq olmağı tövsiyə etdik. Dedik ki, biz burada millətimizi təmsil edirik, Vətənimiz Azərbaycan ordumuz tərəfindən yüksək səviyyədə qorunur. Bizsə burda, Rusiyada sözümüzü yumruqla, dava-dalaşla yox, biliyimizlə, intellektimizlə, sivil şəkildə, hüquqi müstəvidə deməliyik. Onsuz da hər kəs bilir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Ermənistan təcavüzkardır. Erməni təxribatçılar bizi əsas hədəfdən yayındırmaq üçün qarışıqlıq salırlar, amma bilin ki, həqiqət bizim tərəfimizdədir, tarix boyu hər kəs bunu bilir. Ona görə də həqiqətlərimizi çatdırmaq üçün Rusiya küçələrində dava-dalaş etmək lazım deyil. İyulun 26-da isə mən bir daha gördüyümüz işlər, görüşlərimiz barədə Rusiya prezidenti Vladimir Putinə, Federasiya Şurasına və Dövlət Dumasına bir daha müraciətlər ünvanladım. Həmin müraciətlərdə bizim bugünlərdəki fəaliyyətimiz haqqında məlumatlar əksini tapmışdı.


- Sizin Rusiya hakimiyyət dairələrinə ünvanladığınız müraciətlərə hansısa cavab verildimi?


- Hə, hamısından cavab gəldi ki, sizin müraciətiniz qəbul olunub, yüksək səviyyələrə, ünvanına çatdırılacaq.


- Akademik, bizim məlumatımız var ki, həbs olunan azərbaycanlıların hüquqlarının qorunması istiqamətində də işlər görürsünüz. Bu barədə geniş auditoriyaya nə deyə bilərsiniz?


- Bəli, bizim hüquqşünaslar həbs olunan azərbaycanlıların məsələsini həll elədilər. Biz Elman Paşayavə muraciət elədik, baxmayaraq ki, o, çox məşğul idi, dərhal bu işi öz üzərinə götürdü. Elman müəllim başda olmaqla, üç həmkarı ilə birlikdə uşaqları layiqincə müdafiə edərək, onların günahsız olduqlarını sübut elədi, 4 azərbaycanlı gənci buraxdılar. Hazırda həmin hüquqşünaslar digər gənclərimizin də müdafiəsi ilə məşğuldurlar. O soydaşlarımız Rusiya vətəndaşlarıdır. Çox ümid edirik ki, onlar da tezliklə buraxılacaqlar.


- Rusiyadakı ermənilər özlərini necə aparırlar, Azərbaycan diasporunun təmkinli davranışlarından sui-istifadə etmirlər ki?


- Onlar başqa nə deyəcəklər ki? Yalandan deyirlər ki, bu qədər adam zərər çəkib, yaxud bu qədər azərbaycanlı davada iştirak edib. Yəni işi şişirdirlər. Mən bu haqda “Exo Moskvı” radiosuna da dedim.


- Rusiyadakı ermənilərin bir çox qanunsuz hərəkətləri, təxribatçı, cinayətkar davranışları olub. O faktlar necə, nəzarətə götürülübmü, onların cəzalandırılması istiqamətində hüquqi addımlar atılırmı?


- Əlbəttə, biz bu istiqamətdə bütün addımları sivil yolla atacağıq, hüququn imkan verdiyi bütün imkanlardan istifadə edəcəyik, şikayətimizi edəcəyik. Biz çox yaxşı bilirik ki, haqq-ədalət bizim tərəfimizdədir, Ermənistan torpaqlarımızı işğal edib və Rusiyada da təxribatlara əl atıblar. Diqqət edin, Tovuz haradadır, Moskva harada, amma onlar qarşıdurmanı Rusiya paytaxtına daşıyıblar, aranı qarışdırıblar. Üstəlik, Tovuz özü də Qarabağdan kənarda olan bir ərazidir, ermənilərin Azərbaycana qarşı iddialarının heç bir əsası yoxdur. Ona görə biz bir an da olsun dayanmayacağıq, gecəli-gündüzlü əlimizdən gələni edəcəyik. FTX də bəyan edib ki, burada, Rusiyada belə şeylər keçməyəcək, Rusiya qanunlarını pozan ermənilər də, azərbaycanlılar da cəzalandırılacaqlar, qanunsuzluq edən hər kəs cəzasını çəkəcək.


- Bəs, Rusiya hakimiyyətindən Azərbaycan diaspor üzvlərinə, yaxud vətəndaşlarına qarşı hər hansı mənfi münasibət görürsünüzmü?


- Yox, yox. Rusiya hakimiyyətinin heç bir mənfi münasibəti yoxdur. Onlar məsələni obyektiv araşdırır, deyirlər ki, belə hərəkətlərə yol verməyin. Deyirlər etnik qarşıdurmalar yaratmaq olmaz. Əgər sən döyüşmək istəyirsənsə, get, öz ölkənin sərhədində vuruş, Rusiyaya niyə gəlmisən?


- Azərbaycanın Rusiyadakı səfirliyinin fəaliyyəti barədə nə demək olar?


- Səfirlik də öz xətti ilə çalışır, öz mövqeyini ifadə edir, rəsmi çıxışlar, müraciətlər olub.


- Fazil müəllim, bir çoxları hesab edir ki, Ermənistan Qarabağdan uzaq istiqamətdən Azərbaycan ərazisinə hücuma keçməyə cəsarət etməzdi, onu buna təhrik edən qüvvə var və bu, Rusiyadır. Bu kimi yanaşmalara münasibətiniz necədir.


- Yox, elə deyil. Əslində Ermənistan özü bu təxribatları törətməklə Rusiyanı öz tərəfinə çəkmək istəyirdi. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu üçün belə arxayın davranırdı. Çünki Rusiya da bu təşkilatın üzvüdür. Odur ki, Ermənistan bu təşkilatı, həmçinin Rusiyanı da Azərbaycanla müharibəyə cəlb etmək istəyirdi. KTMT nizamnaməsində belə bir maddə var ki, üzv ölkələrdən birinin ərazisinə təhlükə yaranarsa, təşkilat müdaxilə etmək hüququna malikdir. Amma mən bilirəm ki, Ermənistan xaric, KTMT üzvü olan heç bir dövlət Dağlıq Qarabağı “müstəqil” qurum kimi tanımır, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırlar. Həmçinin Rusiya dövlətçiliyi, prezident Putinin müdrikliyi imkan verməz ki, KTMT belə məsələlərə qarışsın. Putin ağıllı adamdır, belə şeylərə getməz və erməni təxribatına dəstək verməz. Özü də hər kəsə məlumdur ki, Ermənistan təxribatlar törədib.


- Əslində Ermənistan dediyiniz kimi, çox çalışdı, amma müsbət cavab ala bilmədi. Bundan sonra Nikol Paşinyan danışıqları davam etdirmək zərurətindən danışmağa başladı...


- Təbii ki, KTMT Ermənistana müsbət cavab verə bilməzdi. Çünki bu qurum üzvləri bilirlər ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğala məruz qalıb. Həmçinin Azərbaycanın KTMT-yə üzv ölkələrlə yüksək səviyyədə ikitərəfli münasibətləri var, Ermənistan xaric. Ermənistan Rusiyaya da kömək üçün müraciət edib. Amma mən əminəm ki, Rusiya dövləti, prezident Putin belə şeyə heç vaxt getməz. Bilirsiniz ki, Paşinyan komandasında çalışanlar əksəriyyəti Qərbə bağlı şəxslərdir, Amerikada təhsil alıblar, orda işləyiblər, Soros təşkilatına bağlıdırlar. Bir-bir deyə bilərəm, kim harda, hansı vəzifədə çalışıb. Paşinyan özü Amerikayönümlü şəxsdir, prezident Armen Sarkisyandan başlamış, digərlərinə qədər...


- Fazil müəllim, söhbətimizin sonunda demək istədikləriniz varmı?


- Ali Baş Komandan döyüş əmri versə, Rusiyadakı gənclərimiz torpaqlarımız uğrunda könüllü döyüşməyə hazırdırlar. Biz Rusiyadakı azərbaycanlılar bir nəfər kimi, möhtərəm İlham Əliyevin siyasətini müdafiə edirik. Gənci, yaşlısı fərqi yoxdur, hər kəs Qarabağ uğrunda döyüşə hazırdır. Hərçənd biz sülh tərəfdarıyıq, dövlətimiz çox istəyir ki, məsələ dinc yolla həllini tapsın. Amma işğalçı ölkə siyasətini dəyişməsə, savaşın alternativi olmayacaq. Hər halda ən düzgün qərarı Ali Baş Komandan, cənab prezident verəcək...


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top