Gürcüstanda yenidən epidemioloji vəziyyət dəyişib. Son bir neçə gün ərzində ölkə üzrə virusa yoluxanların ümumi sayında artım müşahidə olunur. Azərbaycanlıların yaşadığı Qaracalar, Ağtəhlə və Qaratəhlə kəndləri isə vəziyyətlə bağlı tam təcrid oluna bilər.
Demokrat.az bildirir ki, bu barədə Pressklub.TV-yə Gürcüstanda fəaliyyət göstərən 24news.ge portalının rəhbəri Azər Məmmədov məlumat verib.
Hökumətin Dövlət Qurumlararası Koordinasiya Şurasının qərarı ilə bu gündən etibarən, Qaracalar, Ağtəhlə, Qaratəhlə kəndlərinin və Qaçiani qəsəbəsinin giriş-çıxışlarında hüquq-mühafizə orqanları səfərbər olunub.
Bundan öncə Gürcüstanda cəmi bir məntəqədə - azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Muşevani - Dəllər kəndində sərt karantin rejimi idi. Dəllər kəndində indiyədək 80 yoluxma faktı qeydə alınmışdı.
Xatırladaq ki, Dəllər kəndində sərt karantin rejimi aprelin 25-də tətbiq edilib. Gürcüstanda koronavirusa yoluxanların sayı 1085-ə çatıb. Hazırda 5724 nəfər karantində saxlanılır, 247 nəfər isə stasionar şəraitdə müalicə olunur. Qonşu ölkədə virusa yoluxanlardan 907 nəfər sağalıb, 16 nəfər vəfat edib.


