Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Sosialistlər Partiyasının deputatı Qayk Vartanyan və prezident İqor Dodonun müşaviri Ernest Vardanyanın 22 iyul səhər saatlarında azərbaycanlı və erməni icmaları arasında baş verən qarşıdurmada günahkar olduğunu söyləyib.
Bu haqda məlumatı Moldovanın “Newsmaker.md” saytı yayıb.
Osmanov vurğulayıb ki, hər ikisi “etnik erməni” olan bu şəxslər həmin an Moldovanın deyil, Ermənistanın maraqlarını təmsil ediblər.
Qeyd edək ki, Moldovadakı Azərbaycanlılar Konqresi 22 iyul səhər saatlarında Ermənistanın Moldovadakı səfirliyində Bakı ilə İrəvan arasındakı münaqişənin kəskinləşməsinə etiraz olaraq aksiya keçirib. Onlarla insan Ermənistanı Qarabağı geri qaytarmağa və “beynəlxalq hüquqa riayət etməyə” çağırıb.
Səfirlikdəki aksiya polis əməkdaşları və səfirliyi dəstəkləməyə gələn erməni icmasının nümayəndələri ilə toqquşma ilə başa çatıb.
Sosialistlər Partiyasından olan deputat və erməni icmasının rəhbəri Qayk Vartanyan, Moldova prezidentinin müşaviri və erməni icmasının üzvü Ernest Vardanyan da həmin vaxt orada olublar.
Münaqişə həll olunduqdan sonra etiraz Kişinyovun mərkəzindəki Stefan cel Mare abidəsi önündə davam edib. Orada Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanov rəsmi açıqlama verərək səhər baş verən qarşıdurma ilə bağlı səfirliyin mövqeyini təqdim edib.
Azərbaycanlıların dinc yürüşlərinin Moldova qanununa uyğun şəkildə tənzimləndiyini vurğulayıb.
“İnanırıq ki, bu təxribatın günahkarları etnik erməni olan iki nəfərdir. Biri Moldova Parlamentinin üzvü, digəri Moldova Prezidentinin müşaviridir. Qayk Vartanyan və Ernest Vardanyan” deyib. (Konkret.az)


