“Mənə tapşırılarsa şəhid generalımızın büstünü pulsuz hazırlayaram”.
Bu sözləri “MediaPost”a açıqlamasında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov deyib. O bildirib ki, Tovuz hadisələrində şəhid olan bütün əsgər və hərbçilərimizi Allah rəhmət eləsin və ailələrinə səbr versin: “Hazırda 93 yaşındayam. Səhhətim çox çalışmağıma imkan vermir. Amma buna baxmayaraq generalımızın büstünü özüm hazırlamaq istəyərəm. Bunun üçün heç bir qəpikdə zəhmət haqqı istəmirəm. Bu işin sifarişi mənə tapşırılsa edərəm”.
Qeyd edək ki, general-mayor Polad İsrayıl oğlu Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhramancasına şəhid olub.


