“Bu vəziyyət 1 il də çəkə bilər” — AÇIQLAMA

SOSİAL 11 iyl 2020, 08:47

Bu yay turizm sektoru üçün itirilmiş il olduğu kimi, vətəndaşlar üçün də yay istirahəti baxımından itirilmiş bir il oldu. Belə ki, pandemiya səbəbindən ölkəmizdə sərt karantin rejimi tətbiq olunduğundan rayonlararası gediş-gəliş də bağlıdır. O cümlədən  çimərliklərin işləməsinə də icazə verilmir. İnsanlar yay istirahətinə gedə bilmədikləri üçün psixoloji olaraq qızmar yay günlərini gərgin keçirirlər.


Hamı təbiət qoynuna, çimərliklərə getmək istəsə də, görünən odur ki, yay fəslinin sonuna kimi bu mümkün olmayacaq. Paralel olaraq, karantin qaydalarını, cərimələri, maddi sıxıntıları da əlavə etsək, əhalinin əksəriyyəti bir psixoloji boşluq içərisindədir  ki, bunun da fəsadları sonrakı dövrdə özünü göstərə bilər. Bəs belə durumda nə etmək olar? İnsanların psixoloji durumunun düzəlməsi üçün nələrin dəyişməsinə ehtiyac var?


“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran psixoloq Azad İsazadə bildirdi ki, bu sualı cavablandırmaq çox çətindir, çünki davamlı olaraq oyun qaydaları dəyişir: “Vətəndaş əmin deyil ki, bu gün icazəsi var və harasa istirahətə gedirsə, sabah qaydalar dəyişəcək və onun istirahəti peşmançılıqla bitəcək. Ona görə də, insanlar heç nə etməməyə çalışır. Bu birmənalı olaraq mənfi təsir edəcək və daimi olaraq karantində yaşamaq mümkün olmayacaq. Biz nə zamansa bu karantindən imtina etməliyik. Karantindən birmənalı imtina etmək doğru deyil, ancaq hansısa məntiqli qaydalar çərçivəsində insanların istirahəti üçün tədbirlər görülməlidir. İstər gündəlik istirahət, istərsə də, uzunmüddətli tətil imkanları yaradılmalıdır. Paralel olaraq bu daxili turizmin də inkişafına xidmət edər və iqtisadiyyatı canlandırar. İnsanlar da az da olsa istirahət etmiş olacaqlar”.

 
A.İsazadənin sözlərinə görə, konkret təkliflər vermək çətindir, çünki vəziyyət demək olar ki, nəzarətdən çıxıb: “Bu gün rəqəmlər onu göstərir ki, biz sadəcə, vəziyyətin arxasınca qaçırıq. Birinci karantin dövründə biz vəziyyətə nəzarət edə bilirdik, onu idarə edirdik. İndiki karantində isə çalışırıq ki, vəziyyət daha pisə doğru getməsin. İnsanlar görür ki, atılan addımlar bir-birinə ziddir, əksər qərarların effektiv olmadığı ortaya çıxır. Bu da onlarda özbaşınalıq və sistemsizlik yaradır. Əhaliyə vəziyyət birbaşa izah olunmalıdır ki, bu durum uzunmüddətli olacaq. Onu elə şəxslər açıqlamalıdır ki, əhali ona inansın, sözü keçərli olsun. Bu vəziyyət 4-5 ay da, 1 il də çəkə bilər. Hökumət bütün tədbirləri görməlidir, ancaq əhalinin də fikrini eşitmək lazımdır. Vətəndaş cəmiyyəti, ictimai nüfuzu olan şəxslər də bu prosesə qoşulmalıdır. İndi hamımız kənara çəkilmişik, balaca bir qrup çıxış yolu axtarır və biz görürük ki, onlar necə özlərini itiriblər. Təklif etdikləri çıxış yolları bizi qane etmir və cəmiyyət də çıxış yolu axtarmağa cəlb olunmalıdır. Biz işin içində olsaq, özümüzü daha rahat hiss edəcəyik, hiss edəcəyik ki, biz nəsə edirik, cəmiyyətin də səsi eşidilir. İnsanlarda da psixoloji gərginlik xeyli azalacaq”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top