"Həmsədrlərin bəyanatı işğalı dəstəkləyən çağırışdır" — Konfliktoloq

MÜSAHİBƏ 01 iyl 2020, 23:02

Dünən Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə video-konfrans keçirib. 


Moderator.az video-konfrans haqqında konfliktoloq Elxan Mehdiyevdən müsahibə götürüb. Müsahibəni təqdim edirik.


- Minsk qrupu həmsədrlərinin son video konfransı haqqında nə deyə bilərsiniz?


- Nə deyə bilərəm. Həmsədrlər öz işlərini görürlər. Onların məqsədi nədir? Məqsəd Bakıya və Yerevana müntəzəm şəkildə zəng vurmaq, atəşkəsi qorumaq (onsuz da onu pozmaq istəyən də yoxdur) və ildə 3-4 videokonfrans edib öz maaşlarını almaq, ilin sonunda da  ATƏT-n Vyana ofisinə  hesabat verib 1 illik işlərini  başa vurmaqdır. Onlar gəlib bizə torpaq azad edən deyil ki… Bir də ki, əvvəllər Amerikadan Stiv Mənn adında bir həmsədr var idi. Deyirdi məni maraqlandırmır kim kimin torpağını işğal edib. Mən mexanikəm və əzilmiş maşını mənə veriblər ki, bunu təmir et. Və məni maraqlandırmır ki, maşını kim əzib və ya harda əzib. İndi də koronavirus onun sexini də bağlayıb və maşını video konfransla təmir edir. Həmsədrlərin işi budur. Ümumiyyətlə, indiki dönəmdə heç bir həmsədrə ehtiyac da yoxdur. Vasitəçi o vaxt lazım olur ki, tərəflər arasında heç bir əlaqə olmur və bir biri ilə hec bir yerdə və heç bir vəziyyətdə görüşmürlər. Məsələn, əvvəllər Suriya və İsrail kimi. Onların heç bir rəsmisi, parlament üzvləri və ya sivil toplumu bir yerdə görüşməzdi. Bizdə isə Prezidentdən tutmuş bütün dairələr hər zaman, hər yerdə heç bir məhdudiyyət olmadan görüşürlər. Hətta indi erməni və Azərbaycan hərbçiləri arasında qaynar xətt də var... 


- Bəs onda Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşmək məqsədi nə idi?


- Həmsədrlər müşahidə etdilər ki, son zamanlar həm Bakıdan və həm  də Yerevandan bir-birinə qarşı bəyanatlar gəlir. Və onlar o dəqiqə vəziyyəti sabitləşdirmək üçün ayağa qalxdırlar. Həm Mnasakanyandan, həm  də Məmmədyarovdan gərginliyin səbəbini soruşdular. Erməni dedi ki, Azərbaycan bizə ərazi iddiaları irəli sürür və Yerevan da daxil bütün Ermənistan bizim ərazilərdir deyir. Məmmədyarov da gərginliyin səbəbinin ermənilərin işğal bölgəsində apardığı məskunlaşma və infrastruktur siyasətinin olduğunu bildirb. Həmsədrlər də deyib ki, gəlin onda birgə video görüş keçirək və orda hər bir tərəf öz narazılıqlarını bildirsin. Və onlar da bildirblər. Nəticə də belə oldu ki, həmsdərlər hər iki nazirə ağıl verib və son bəyanatı veriblər.


- Bəyanatda nə deyilir? 


- Bəyanatı heç kim başa düşmür, ancaq onu iştirakçılar başa düşə bilər. Çünki onlar bəyanatı oradakı müzakirə və ittihamların əsasında dərin diplomatik dildə elə veriblər ki, biz müşahidəçilər bir cür, erməni tərəfi də başqa cür yorumlaya bilər.  Bu bəyanat işğalın davam etməsini dəstəkləyən çağırışdır. Əgər belə olmasaydı, onlar işğala qarşı da ifadələr işlədərdilər. Məsələn, orada deyirlər ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Amma davamı olaraq deməlidirlər ki, hərbi yolla tutulmuş ərazilər də qəbuledilməzdir. Ancaq demirlər. O zaman belə çıxır ki, Azərbaycan hərbi yola əl atmaq istəyir və bu münaqişənin hərbi yolla həlli yoxdur deməklə Azərbaycanı çəkindirməyə çalışırlar. Amma “bu münaqişənin hərbi yolla həlli yoxdur, hərbi yolla tutulmuş ərazilər qəbuledilməzdir” deyərsə, o zaman heç olmasa balanslaşdırlmış yanaşma olur.  Onsuz da bu ifadələr BMT TŞ-nın bütün qərarlarında getmişdir.


- Bəs onda bu görüşdən Azəbaycanın qazancı nə idi? 


- Heç nə. E. Məmmədyarov o ümidlə video-konfransa qatılmışdı ki, həmsdərlər də məskunlaşma və infrastruktur işlərini bəlkə pisləyər, onlar da elə bəyənat verib ki, heç bir ünvanlı və ya  heç olmasa məskunlaşmanı ifadə edən bir ifadə də getməyib. Mən hesab edirəm ki, erməni xarici işlər naziri “məskunlaşmanı və infrastruktur qurulmasını DQ-ın  yerli höküməti aparır, biz bu işlərə qarışmırıq  və gedin onlarla danışın” demişdir. Və hələ bir az da irəliyə gedərək yəqin deyib ki, “biz ona görə DQ-ın da danışıqlara qoşulmasını tələb edirik ki, siz də orada bütün narazılıqlarınızı onlara bildirəsiniz”- demişdir və yəqin ki, bu ifadə həmsədrləri də məmnun etmişdir. Və onun nə deyəcəyini yəqin ki, E.Məmmədyarovdan başqa hər kəs bilirdi.


- O zaman Azərbaycan nə etməlidir?


- Bilirsiniz, artıq Paşinyan və onun höküməti açıq şəkildə bu torpaqlardan dinc yolla çıxmayacağını dəfələrlə bəyan etmişlər. Bunun Yerevanda deyilməsini Azərbaycanda bir çoxları qulaqardına vursa da, Ermənistan xarici işlər naziri rəsmi şəkildə 2019-cu ilin dekabrında Bratislavada E.Məmmədyarovdan 1 m məsafədə oturaraq ATƏT XİN-nin zirvə görüşündə bunu bütün dünyaya elan etdi. Bu bəyanat DQ-ın Azərbaycandan tamamilə ayrılmasını və onun ətrafındakı yeddi rayonun da DQ-ın ərazisi kimi tanınmasını tələb edir. Belə bir bəyanatın beynəlxalq forumda dünyaya elan edilməsi, beynəlxalq hüquqda və beynəlxalq münasibətlərdə bu günə qədər rast gəlinməmiş bir halıdır. Ermənistan xarici işlər naziri bu cür bəyanatla rəsmi olaraq Azərbaycanın təslim olmasını tələb edib. Bu tələb, son illərdə ATƏT Minsk Qrupunun açıq və dolayısı ilə bəyan etdikləri və göstərdikləri səylərlə də tam ziddiyyət təşkil edir. İşğalçı tərəfin 27 il gedən “danışıqlardan”, “sülh prosesindən” sonra bu cür nöqtəni qoymasına cavab olaraq  Azərbaycan hökümətinin nə edəcəyi bütün dünyada bu günə  kimi maraq doğurur. Bu tələbdən altı ay keçməsinə baxmayaraq, bu günə qədər Azərbaycanın nə edəcəyi və nə etmək istədiyi hələ də bilinmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top