Səhiyyə Nazirliyi ilə TƏBİB arasında qalan KORONAVİRUS

GÜNDƏM 30 iyn 2020, 11:11

İndi də "koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətimizin qarşısında əlacsız qalıb"?


Koronavirus Azərbaycana gəlməzdən öncə ölkə rəhbərliyində olanların hər biri səhiyyə sistemimizin düzgün qurulduğuna və dünyanın bu bəladan tezliklə yaxa qurtaracağına inanırdı. Hətta bu dəvətsiz qonağı qarşılamaq üçün xeyli hazırlıqlar da görülmüşdü. Buna görə də "taclı virus"un öz qoşunu ilə sürətli şəkildə ölkəyə soxulmasının qarşısı peşəkar səviyyədə alındı. Bəzi yüksək çinli məmurlar və başbilənlər bu uğurdan o qədər həvəsə gəlmişdilər ki, az qala, toy-bayram etmək istəyirdilər. Ancaq bilmirdilər ki, əsl konsert hələ qabaqdadır. Hətta Milli Məclisə yeni seçilmiş qadın deputatlardan biri - Pərvin Kazımzadə kimi qabağa düşüb, bu uğurları millətin gözünə soxmağa çalışanlar hardan biləydilər ki, bu hələ, necə deyərlər, reklamlardır. Məsələn, yeni deputat, "Koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətimizin qarşısında əlacsız qalıb", - deyə mətbuata açıqlama verəndə bunları düşünməmişdi...


Amma...koronavirusun əlacsızlığı uzun çəkməyəcəkdi. Öncə dünya iqtisadiyyatını çökdürüb, neftin qiymətini 1 dollara qədər endirəcək, sonra da öz zərbələrini vuracaqdı. Buna baxmayaraq, ölkədə uzunmüddətli karantin rejiminin tətbiqi virusa yoluxmanın qarşısını almaqda müstəsna rol oynayırdı. Ancaq bir tərəfdən işsiz əhalinin dilənçi kökünə düşməsi, digər tərəfdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 190 manatlıq hoqqası, o bir tərəfdən də maska və spirtin qəhətə çəkilməsi əsəbləri tarıma çəkirdi. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və onun rəhbəri Ramin Bayramlı Operativ Qərargahda xüsusi rola malik olsa da, apteklərə nəzarət onun əlində deyildi. Ölkənin Səhiyyə naziri Oqtay Şirəliyev isə, sanki Aərbaycanda yox, başqa bir ölkədə bu vəzifəni yerinə yetirirdi.


Operativ Qərərgah tərəfindən tətbiq olunan 56 günlük karantin rejimini ölkə əhalisi bir qarnı aç, bir qarnı tox birtəhər yola verdi. Bu dövrdə yoluxma sayının artmasına imkan verilmədi. Koronavirusa qarşı mübarizədə ölkədə hər şey qaydasında idi. Lakin birdən-birə Operativ Qərargahın başbilənləri bu qərara gəldilər ki, daha ölkə koronavirusa qalib gəlib, hər şey yaxşıdır. Bütün kafelər, ticarət mərkəzlari açıldı.


Sən demə, "taclı düşmən" pusquda gözləyirmiş. Bu açılım sayəsində qısa müddətdə ölkədə yoluxma sayı elə sürətlə artdı ki, dünənə qədər koronavirusun olduğuna inanmayanlar belə, öz yaxınlarının yoluxduğunu etiraf etdilər. Bu zaman isə TƏBİB-in gənc və təcrübəsiz rəhbəri hədəfə çevrildi. İttihamlar məhz Operativ Qərargaha və onun rəhbərliyinə yox, Ramin Bayramlıya yönəldi. Qurşaqdan aşağı vurmaq prinsipi işə düşdü. Gənc rəhbəri gözdən salmaq üçün onu ölkədə koronavirus testi aparılan bir neçə klinikanın sahibi də etdilər. Hətta bir az da irəli gedərək, insanları qəsdən koronavirusa yoluxdurduğunu, bundan pul qazandığını da iddia edənlər oldu.


Bu zaman "TƏBİB, gəl əlləmə yaramı" sosial şəbəkənin ən çox oxunan "mahnısı"na çevrildi. Halbuki mavi ekranlarda hər gün TƏBİB tərəfindən insanlara maska taxmaq, məsafə qorumaq, hər kəsin özünü qoruması haqqında tövsiyələr yer alırdı. Təəssüf ki, ölkədə insanlar nəinki Operativ Qərargaha, heç kimə, hətta koronavirusa düz-əməlli inanmır. Ona qalsa, bəzi şəxslər aylardır bu ölkənin səhiyyə naziri olduğu yada düşməyən Oqtay Şirəliyevdən peyğəmbər düzəltməyə çalışmazdılar.


Gənc TƏBİB rəhbəri illərdir ölkə səhiyyəsini bərbad vəziyyətə salanlardan qurtarmaq, yeni bir sistem yaratmaq istədi. Amma o da tələsdi. Bu tələskənlik onun aylardır göstərdiyi çabanı yerə vurdu. Təcili və təxirəsalınmaz tibbi yardım xidməti TƏBİB-dən alınaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verildi. Bununla da ölkədə səhiyyə sisteminin, sosial şəbəkələrdə deyildiyi kimi, nə qədər bərbad vəziyyətdə olduğu, haça-paça vəziyyətində qaldığı bir daha ortaya qoyuldu. Bu şpaqat vəziyyətindən nəinki ölkə əhalisi, hətta koronavirusun özü də baş çıxara bilmir. İndi TƏBİB və Səhiyyə Nazirliyi arasında qalan koronavirus bilmir ki, bu iki qurumdan hansının dostu, hansının düşmənidir...


Koronavirus bu suala cavab tapmaqla baş-başaykən, sizə bir dost məsləhəti verim, indi elə bir vəziyyətlə üz-üzəyik ki, heç qardaşınıza belə, inanıb yaxınına getməyin! Bu “taclı” bəla heç özü də bilmədən qardaşınızda da ola bilər və qısa müddətlik olsa belə, bu yaxınlıq yaxşı halda sizi xəstəxanalıq, pis halda isə o dünyalıq edər. Və ya sizi yoluxdurdu deyə, qardaşınızla düşmən olarsınız. Eynən Səhiyyə Nazirliyi ilə TƏBİB kimi!


Nurlan Hüseyn (dominant.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top