“Paşinyan çalışır ki, ermənilər onu qovsun” — Azərbaycanlı politoloq

MÜSAHİBƏ 26 iyn 2020, 11:30

“Yəhudilər erməniləri ona görə sevmirlər ki, onlar yəhudilərin yolunu getmək istəyirlər. Ermənilər də iddia qaldırırlar ki, biz də “soyqırım"a məruz qalmışıq, yəni yəhudilərin siyasətini “kopiyalayırlar”. Yəhudilər də bu saxtakarlığı heç sevmirlər”.


Politoloq Cümşüd Nuriyev belə düşünür. Onun müsahibəsini təqdim edirik.


- Ermənistanın birdən-birə İsraildə səfirlik açmaq niyyəti nədən qaynaqlanır, hədəf nədir?


- Ermənistan bu məsələdən istifadə edərək, Azərbaycanı başqa bir səmtə təhrik etmək istəyir. İsrail Ermənistanın öz ərazisində səfirlik açmasını istəmir. Bunun reallaşacağına inanmıram. İrəvan isə iddia edir ki, İsrail icazə versə, səfirlik Qüdsdə açılacaq. Bununla da o mesajı verir ki, Amerikanın yanındayıq. Həm də Azərbaycanı qıcıqlandırmaq istəyir ki, biz də İsraildə səfirlik açaq. Hər halda bizim orada səfirlik açmağımız dövlətin işidir. Ortada müəyyən strategiya var, Azərbaycan hələ ki, düzgün mövqe tutur. Biz, indi İsraildə səfirlik açmaqla, ciddi bir məsələyə nail olmayacağıq, əvəzində müəyyən problemlər yarana bilər.

 
Ermənistan həm ABŞ-ın, həm də Rusiyanın yanında olmaq istəyir. Amma başa düşmür ki, onun yeganə nəfəsliyi İrandır. İndi İsraildə səfirlik açsa, İran həmin nəfəsliyi bağlayacaq, bu zaman Ermənistan daha da çətin vəziyyətə düşəcək. Elə bil Paşinyan çalışır ki, ermənilər ayağa qalxıb onu qovsun, onsuz da Ermənistanda vəziyyət gərgindir. Yəni bu niyyət erməni xislətindən doğan bir məsələdir. Ortada bir erməni hiyləgərliyi də var ki, Azərbaycanı yeni bir siyasi oyuna salsınlar.


- Amma görünən budur ki, İran Ermənistanın bu səyləri qarşısında o qədər də sərt mövqedə durmayıb, susqunluq nümayiş etdirir.


- Ermənistanın bu günə qədər belə qudurğan statusda qalmasının əsas günahkarı İrandır. İran Rusiyanın tapşırığını yerinə yetirir. Məlumdur ki, həm cənub, həm də şimal bizi sevmir. Hər iki dövlətin öz maraqları var. Bu müstəvidə də Rusiya və İranın maraqları kəsişir. Bir müsəlman dövlətin, yəni İranın qriqoryan xristianı olan Ermənistanı müdafiə etməsi, heç bir islami qaydalara sığmır. Adı “İslam” olan bir dövlət nə şəriət qaydalarına, nə Quranda göstərilənlərə əməl edir, nə də peyğəmbərin göstərdiyi yola gəlir. Çünki din İranda kifayət qədər siyasiləşdirilib. Bu günə qədər də İran bizi sevməyib və sevməyəcək də. 1813-1828-ci illərdə Azərbaycan ərazilərinə erməniləri yerləşdirməklə özlərini “xilas” etmiş oldular. Azərbaycanı elə bir bəlaya saldılar ki, Böyük Azərbaycan haqda fikirləşə bilməsin. 1920-ci ildə 114 min kvadrat kilometr əraziləri olan Azərbaycan sovet dövründə işğal oluna-oluna 86.6 min kvadrat kilometr ərazisi qaldı. İndi də bunun 20 faizi işğal altındadır.


İran və Rusiyanın məqsədi budur ki, Azərbaycan bir dövlət kimi mövcud olmasın: şimalı ruslar özlərinə götürsünlər, cənubu da İrana versinlər, Qarabağ da Ermənistana qalsın, bir hissəsi də Gürcüstana verilsin. Bu dövlətlərin məqsədi budur ki, Azərbaycanı dörd yerə parçalayıb, özlərinə lazım olan əraziləri götürsünlər. Buna görə də İranın susqunluğunun arxasında Azərbaycana olan nifrət və ona qarşı etdiyi satqınlıq durur.


- İranın Azərbaycana yönəlik nifrətinin arxasında hansı faktorlar dayanır, bu, təkcə Güneylə bağlı məsələyə görə belədir?

 
- Ortada bir neçə amil var. Birincisi, son 1300 ildə İranı dövlət kimi qoruyub saxlayan Nizamülmülkdən üzü bəri hamısı türklər olub. Yəni bu dövlətin başında türklər durub. Cəmi iki dəfə 30 il – Şah İsmayıl Xətaidən əvvəl və sonra İranda hakimiyyətdə farslar olub. İndinin özündə də İrana türk rəhbərlik edir. Məlumdur ki, Xameneyinin farslara heç bir dəxli yoxdur. İran da tarixə baxır və görür ki, onu həmişə türklər xilas edib.


İkincisi, ABŞ-ın İranı 5 yerə parçalamaq planı var. Urmiyaya qədər Böyük Azərbaycan yaratmaq istəyirlər. İranın həmin plandan xəbəri var, bu, 1997-ci ildə qəbul edilib, 2025-ci ilə qədər reallaşdırılması planlaşdırılır. Bu gün İranın Ermənistanı dəstəkləməsinin ikinci bir səbəbi budur.


Üçüncüsü, İran Türkiyəni də sevmir. Rusiya ilə burada da maraqları üst-üstə düşür. İran çalışır ki, Rusiya və Türkiyə arasındakı münasibətlərdən yararlansın. İranın nifrətinin bir səbəbi də, Türkiyənin Azərbaycanı dəstəkləməsidir.


Dördüncüsü, Azərbaycan qısa zaman kəsiyində dünyaya açılan bir dövlət oldu, öz enerji resurslarını Avropa bazarlarına çıxardı. Baxmayaraq ki, İran neft-qaz ehtiyatlarına görə dünyada ilk üçlükdə olan bir dövlətdir, amma bir şey edə bilmir. Günbəgün də vəziyyəti ağırlaşır. Buna görə də, İranın o biri tərəfə gücü çatmadığına görə, acığını bizdən çıxarmağa çalışır.


Ortada beşinci bir faktor da var. İranda təxminən 80 milyon əhali yaşayır, onu cəmi dörddə biri farsdır. Əhalinin 65 faizi təmiz türkdür, bir milyon ərəb var, 5 milyona qədər də kürd. Farsların sayı 23-25 milyonu keçmir. Bu da İranı zaman-zaman çox narahat edib və edir. Çünki nə qədər çalışırlarsa, türkləri öz içlərində assimilyasiya edə bilmirlər. Yüz illərdir bunu bacarmırlar. Yəni İran bu istiqamətdən də narahatdır. Amma bunu başa düşmürlər ki, biz onlara bu qədər qızğın deyilik. Bizim faciəmiz budur ki, həddən çox safıq, həmişə də “İslam həmrəyliyi” ilə başımızı aldatmağa çalışıblar.


- Bəs İsrail və Ermənistan arasındakı soyuq münasibətlər nədən qaynaqlanır?


- Soyqırım sözünü ilk dəfə 1943-cü ildə polyak əsilli bir yəhudi gündəmə gətirib. Dünyada artıq Holokostu soyqırım kimi qəbul ediblər. Ermənilərin türklərə qarşı “soyqırım” iddiası isə faktlara əsaslanmır. Bunun soyqırım kimi qəbul olunması üçün 6 şərt var, bunların heç biri də uyğun gəlmir. Amma farslar zaman-zaman – həm Gülüstan müqaviləsi imzalanarkən, həm də bundan sonrakı dövrlərdə Azərbaycan türklərinə qarşı soyqırım həyata keçiriblər. İndi bunları sübut etmək çətindir, amma ermənilərin bizə qarşı törətdiyi Xocalı soyqırımı ortadadır.

 
Yəhudilər də erməniləri ona görə sevmirlər ki, onlar yəhudilərin yolunu getmək istəyirlər. Ermənilər də iddia qaldırırlar ki, biz də “soyqırıma” məruz qalmışıq, yəni yəhudilərin siyasətini “kopiyalayırlar”. Yəhudilər də bu saxtakarlığı heç sevmirlər. Hətta onların bir misalı da var ki, yəhudinin olduğu yerdə erməninin işi olmamalıdır. Ermənilərin ikiüzlü, riyakar və saxtakar olması da yəhudilərin xoşlarına gəlmir, buna görə də onları sevmirlər. Bundan başqa, İsrail onu da çox gözəl bilir ki, Azərbaycanda yəhudilərə çox böyük rəğbət və hörmət var. Nə fərqi var ki, yəhudilər başqa dindəndir, onlar bizim vətəndaşlardır, onları sevirik, onlar da bizi sevirlər. Hər şey qarşılıqlıdır. Bu da erməniləri çılğınlaşdırır. Yəhudilər də bunu bildiklərinə görə, erməniləri yaxın buraxmırlar.(teleqraf.com)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top