“Hamımız "uşaqpulu" ilə böyümüşük, çalışacağıq ki, onu yenidən versinlər” — MÜSAHİBƏ

MÜSAHİBƏ 17 aprel 2024, 12:45
Deputat: "Azərbaycanda məhkəmə sistemi qənaətbəxş deyil"

"İranı gec-tez vuracaqlar"
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Modern.az saytına müsahibə verib.

Deputatla söhbəti təqdim edirik.
 
-   Vahid müəllim, keçmiş doğum gününüz mübarək, 80 yaşa doğru gedirsiniz, necəsiniz, sağlığınız yerindədirmi?

- Hər şey qaydasındadır. Hər altı aydan bir müayinəyə gedirəm. Sağlamlığım normaldır, heç bir problemim yoxdur. Babam 124, anam 101, dayım 106 yaşında dünyasını dəyişib. İndi mənə Allah nə qədər ömür veribsə, o qədər də yaşayacam. Hələ ki, problemim yoxdur.
 
- Onda yəqin ki, növbəti parlament seçkilərində də iştirak etmək istəyirsiniz...
 
- Bəli, bu barədə fikirləşirəm. Əgər dövlətimə, xalqıma xidmət etmək gücündəyəmsə, bundan məmnun oluram. 

- Yeri gəlmişkən, növbədənkənar parlament seçkiləri məsələsi tez-tez siyasi gündəmi zəbt edir. Sizcə, növbədənkənar seçkilər keçirilməlidirmi?

- Hesab edirəm ki, bu il parlament seçkiləri mütləq keçirilməlidir. Azərbaycanın bütün ərazisində bu il prezident seçkiləri keçirildi. Yeni parlament seçkiləri də keçilməlidir. Burada əsas məsələ ilk dəfə olaraq bütöv Azərbaycanda bütün seçkilərin keçirilməsidir.

- Vahid müəllim, bəs, Zəfər Konstitusiyasına ehtiyac varmı?

- Ümumiyyətlə, yeni Konstitusiyaya ehtiyac var. Müəyyən idarəetmə qurumları var ki, onlar dəyişdirilməlidir. Hazırda Nazirlər Kabineti də, vitse-prezidentlik institutu var. İcra hakimiyyətləri və Prezidentin xüsusi nümayəndəlikləri var. Bunların hamısını nizama salınması lazımdır.

- Bu il manatın məzənnəsində hər hansı dəyşiklik gözlənilirmi?

- Manatın məzənnəsi ilə bağlı hələlik hər hansı problem görünmür. Kifayət qədər ehtiyatımız var, neftin qiyməti də yüksəkdir. Ola bilər ki, büdcəyə yenidən baxılsın. Müəyyən dəyişikliklər edilsin. İlin axırına qədər hələlik heç bir dəyişiklik gözlənilmir.

- Bəs, inflyasiya?

- İnflyasiya kifayət qədər azalıb. Bizim aldığımız məlumatlara görə, hazırda ərzaqda inflyasiya var. Amma bilirsiniz ki, dünyada inflyasiya ilə bağlı ciddi problemlər var. Azərbaycanda isə əsas problem ərzaq idxalı ilə bağlıdır. Biz ölkəyə çox ərzaq məhsulları idxal edirik. Bəzi məhsullar var ki, Azərbaycanda istehsal olunmur. Amma mən inanmıram ki, bu il ciddi inflyasiya olsun. Birrəqəmli olması gözlənilə bilər.
 
- Bank sektorunda ümumi vəziyyəti necə qiymətləndirirsiniz?
 
- Vətəndaşın bank problemi depozitlə həll olunur. Kredit faizləri yüksəkdir, biz bunu qəbul edirik. Amma bu da depozitlə bağlıdır. Ciddi problem budur ki, insanlar pulu banka baha satdığına görə, bank da onun üzərinə öz xidmət haqqını qoyub bizə baha qiymətə satır. Az faiz olanda da insanlar banka pul qoymaq istəməyəcək. Pproblem buradan yaranır.
 
- Əvvəllər Hesablama Palatasının bəzi qurumları yoxlamağa gücü çatmırdı. İndiki durumu necə qiymətləndirirsiniz?

- Son vaxtlar Hesabla Palatasının rəyləri ciddi şəkildə nəzərə alınır. Məsələn, ötən il doqquz yoxlamanın nəticəsi hüquq-mühafizə orqanlarına göndərilib. Yeyinti halları olanda Palata məcbur edir ki, o vəsait dövlətə geri ödənsin. Əvvəlki illərlə müqayisədə Hesabla Palatasının fəaliyyəti çox genişlənib, səlahiyyətləri artırılıb. Onlara məhdudiyyət də yoxdur, istənilən yeri yoxlaya bilirlər. Məsələn, deputat olaraq biz hər hansı qurumun yoxlanmasını təklif etsək, onda Palata fəaliyyətə keçəcək. 

Bütün qurumlarda hazırda mühasibat uçotu ilə əlaqədar ciddi problem var. Mən təklif vermişəm ki, məsələni gündəliyə salsınlar, bu qanunun icrası ilə bağlı yoxlamalar aparsınlar. Hesablama Palatasının ən böyük problemi kadr azlığıdır. Bu məsələyə daha çox diqqət yetirilməlidir.

-  Maliyyə Nazirliyi ilə Palatanın fəaliyyət istiqamətində toqquşan məqamlar yoxdur ki?
 
- Dövlət sistemində əsas maliyyə yoxlaması Palataya aiddir. Maliyyə Nazirliyi büdcəyə cavabdeh təşkilatdır, büdcədə olan problemlər onun problemidir. Ola bilər ki, bəzi problemləri üzə çıxarmasın, maraqlı olmasın. Amma bu, Hesablama Palatası səlahiyyətindədir. 

- Hazırkı iqtisadi durumumuzu necə dəyərləndirirsiniz, digər ölkələrin iqtisadi modelləri Azərbaycanda tətbiq oluna bilərmi?
 
- Biz istəmirik ki, digər ölkələrin iqtisadi modeli ölkədə tətbiq olunsun. Azərbaycanın öz iqtisadi modeli var. Bizi  çox vaxt tənqid edirlər ki, manatı "üzən məzənnə"yə buraxmırsınız. Biz bunu necə edək? Bunun üçün zamana ehtiyac var. Çünki bununla bərabər də digər problemlər yaranır. 2015-ci ildə devalvasiya olarkən biz nə qədər problemlə qarşılaşdıq. Elə şeylər var ki, daxildə milli mentalitet nəzərə alınmalıdır. İslahatların aparılması da ağır və problemli məsələdir. Amma bütün bu işlərə dövlət başçısı ciddi nəzarət edir. Ona görə də narahatçılıq yoxdur. 
 
- Hazırda bizdə sahibkarların əsas problemləri nələrdir?
 
- Məhkəmələrlə bağlı ciddi sual doğuran məqamlar var. Məhkəmə sistemi Azərbaycanda qənaətbəxş deyil. İndi islahatlar aparılır, dəyişikliklər var. Bundan sonrakı mərhələyə inamımız çoxdur.
 
- Bu il sosial müavinətlərdə artım müşahidə olunmadı. Bu da müəyyən müzakirələrə səbəb olub. Sosial müavinətlərin artımına necə, sizcə, yenidən baxıla bilərmi?

- Azərbaycanda prioritet sahələr var, Qarabağ, sosial sahə, müdafiə məsələləri... Bunlar dövlətimizin diqqətindədir. 
 
- Azərbaycanda "uşaqpulu" verilməlidirmi?
 
- Biz əksər deputatlar olaraq, "uşaqpulu"nun verilməsinin tərəfdarıyıq. Çalışacağıq ki, verilsin. Çünki müəyyən müavinətlər var ki, uşaqların analarına çatmır. Amma "uşaqpulu" elədir ki, üç uşağın varsa, hərəsinə müəyyən edilmiş məbləğ verilir. Biz hamımız "uşaqpulu" ilə böyümüşük. Valideynlərimiz gözləyirdilər ki, "uşaqpulu" nə vaxt veriləcək? Bu, çox vacib məsələdir, amma çoxları bunu başa düşmür. Deyirlər ki, 600 min adam uşaq müavinəti alır. Hələ bilmək olmaz ki, pul onlara çatır, ya yox... Çalışacağıq ki, "uşaqpulu" yenidən verilsin.
 
- May ayında Azərbaycanda əfv sərəncamı gözlənilir. Bu sərəncamdan gözləntilər nələrdir?
 
- Elə insanlar var ki, ağır cinayət törədiblər. Əfv olanda hər şey nəzərə alınır. Sonda tərtib edilmiş siyahıya Prezident baxır, qərarını verir. Məlumata görə, böyük əfv olacaq. 

- Siyasi hesab edilən məhbusların da əfvi gözlənilirmi?

- Dəqiqləşdirmək lazımdır ki, siyasi məhbus nədir? Hər kəsi siyasi məhbus da adlandırmaq olmaz. Mən elə başa düşürəm ki, siyasi məhbus siyasətlə mübarizə aparıb, hakmiyyətə gəlmək istəyəndir. Ona görə də bu məsələlərə diqqət yetirilmlidir. Siyasətçi başqa əməlinə görə həbs edilirsə, ona siyasi məhbus demək yanlışdır. Təbii ki, mən kimsənin həbsdə olmasını arzulamıram. Amma kimsə dövlətçiliyə qarşı olacaqsa, o qanun qarşısnda cavab verməlidir. Bizim üçün əsas məsələ dövlətdir.

- Bir müddət əvvəl bəzi həmkarlarınız sizə qarşı çıxışlar etmişdi. İndi onlarla münasibətiniz necədir?

- Mənim hamı ilə münasibətim var. Ümumiyyətlə, kimin nə deməsindən asılı olmayaraq, münasibəti saxlayan insanam. Mən özümü çox yaxşı tanıyır və bilirəm. Həyatım dövlətimə bağlıdır. Fəaliyyətimə qiyməti ölkədə bir şəxs verir, kimin nə deməyindən asılı olmayaraq. Mən dövlət adamıyam, dövlətçilik uğrunda mübarizə aparan adamam. Mən Azərbaycanın müstəqilliyinə, SSRİ-nin dağılmasına səs vermişəm. İndi nə var ki? İndi çalışmaq, deputat olmaq asandır. Bunların hamısını mən görmüşəm. Həmkarlarımla da görüşürəm, danışıram. Salam verəndə salamlarını alıram, verməyəndə almıram.
 
- 2024-cü ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir, proqnozunuz nələrdir?

- Bu il dünya üçün də, bizim üçün də ağırdır. Çünki müharibələr azalmaq əvəzinə, daha da genişlənir. Bu il bizi narahat edən məsələ inflyasiya olacaq. Amma çox ciddi problemlərimiz yoxdur. Digər tərəfdən, əsas hədəfimiz idxalın azaldılması olmalıdır. Bundan başqa, bir nömrəli problemimiz iş yerlərinin az olmasıdır. Problem var, biz bunu da gizlətmirik. Amma problemdən də qaçmırıq, onun həlli üçün ciddi addımlar atılır.
 
- Bəs Qarabağ Azərbaycan iqtisadiyyatında hansı yeri tutur?

- Qarabağın iqtisadiyyatımızda çox böyük yeri var. Aqrar sahə, turizm, faydalı qazıntılar və s. Bu, özünü yaxın illərdə göstərəcək. 

- Su qıtlığı ilə bağlı Azərbaycanda vəziyyəti necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, mənə görə söhbət su qıtlığından getmir. Ola bilər ki, müəyyən yerlərdə su qıtlığı var. Lakin Azərbaycanda ən böyük problem suyun bölünməsindədir. Tutaq ki, kimsə Füzulidən 3 hektar ərazi alıb və imkanı da olduğu üçün suyun hamısını oraya verir. Ancaq mənim 1 hektar torpağım qalır susuz. Cənab Prezident niyə hər il 40-50 artezian quyusunun qazılması üçün göstəriş verir? Çünki su çatışmazlığı var və su düzgün bölünmür. Açığı, mən Azərbaycanda su qıtlığı olacağına inanmıram. Düzdür, su qıtlığı ilə əlaqədar Xəzər dənizinin duzsuzlaşdırılması prosesi gündəmdədir. Yəni belə bir proyekt var. Mən düşünürəm ki, elə eləmək lazımdır ki, su hər kəsə çatsın. 

- Bu il Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29-la bağlı fikirlərinizi bilmək istərdik... 

-  Fransanın Azərbaycana çox güclü təzyiq göstərdiyi zamanda Azərbaycan COP29-un ölkəmizdə keçirilməsinə nail oldu. Həmin tədbirdə çox sayda ölkə iştirak edəcək. Azərbaycana gəlib ölkəmizlə tanış olacaqlar. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, dövləti saxlamaq asan iş deyil. Ola bilər ki, bu tədbir ilə dövlət müəyyən qədər vəsait itirsin, ancaq COP29 kimi tədbirlər hər bir ölkə üçün vacibdir. Mən inanıram ki, COP29 tədbiri Azərbaycanda çox yüksək səviyyədə keçiriləcək. Bizim beynəlxalq tədbirlər sahəsində böyük təcrübəmiz var.
 
- COP29-la bağlı görülən işləri necə qiymətləndirmək olar?
 
- Mən tez-tez cənab nazir Muxtar Babayevlə danışıram, nə kömək lazımdırsa, hazır olduğumu deyirəm. Ötən dəfə deputat Qüdrət Həsənquliyev bildirib ki, bu qədər vəsait niyə xərclənir? Burada söhbət xərcdən yox, dövlətdən gedir. Son zamanlar bəzi Qərb ölkələrinin Azərbaycana qarşı çıxmasına baxmayaraq, Ermənistanla danışıqlara gedildi. Bu, çox böyük uğurdur. 150-dən çox dövlətin nümayəndəsi bu tədbirə gələcək, sonra gedib görülən işlərdən danışacaqlar. Azərbaycanın da beynəlxalq tədbirlərlə bağlı təcrübəsi çoxdur, ona görə də COP29 yüksək səviyyədə keçiriləcək.

- Hazırda İran-İsrail münasibətlərində gərginlik yaşanır. İki ölkə arasındakı münasibətlər fonunda Azərbaycan hansı mövqeni sərgiləməlidir?

- Azərbaycan burada neytral mövqe sərgiləyir. Başqa məsələlərə də diqqət yetirilməlidir. Məsələn, Rusiya-Ukrayna arasında müharibə iki ildir davam edir. Ukraynanı müdafiə edən oldu? Amma İsraili həmin dəqiqə hər kəs dəstəklədi. Əgər İsrailə İranı məhv etmək əmri gəlsə, ediləcək. Digər tərəfdən, İranın rəhbəri haradan gəlib? O, Fransada yetişdirilib, İrana göndərilib. Yəni bunların hamısı bir-biri ilə bağlıdır. Bunların hamısını idarə edən Amerikadır. İranı gec-tez vuracaqlar, amma kim edəcək, demək çətindir. Burada digər əsas məqsəd silah satışını həyata keçirməkdir. Dünyada kifayət qədər silah istehsalı var, ona görə də münaqişə ocaqları yaradılmalıdır. Bu da Yaxın Şərq və ya başqa yer ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:30
Top