“Moskva ermənilərin qayıtmayacağını dəqiqləşdirdi və sülhməramlıları çıxardı” — MÜSAHİBƏ

MÜSAHİBƏ 22 apr 2024, 15:40
Politoloq Zərdüşt Əlizadə Yaxın Şərqdə və Cənubi Qafqazda baş verən  son hadisələrlə bağlı Azpost.info-nun suallarını cavablandırıb:

-Cənubi Qafqazda da çox ciddi proseslər gedir. Bu günlərdə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı hərbi kontingenti bölgədən çıxmağa başlayıb. Nəzərə alsaq ki, Rusiya hərbçilərinin girdikləri ərazidən çıxması az qala mümkünsüz olur, o zaman, sizcə, bu nəyin hesabına baş verdi?

-Rusiya sülhməramlıları dediyiniz kimi, Qarabağda müvəqqəti yerləşmişdi. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sənəddə sülhməramlıların konkret qalma müddəti göstərilmişdi. O müddətə hələ bir il, il yarım qalmasına baxmayaraq, Rusiya hərbçilərini indi çıxarmaq qərarı verdi. Çünki onların Qarabağda fəaliyyəti üçün əsas qalmamışdı. Məncə, Rusiya anladı ki, sülhməramlıların Qarabağda qalmasının heç bir mənası yoxdur. Bəziləri deyirdilər ki, əşi, ruslar çıxmayacaqlar. Mən isə deyirdim ki, çıxacaqlar. Çünki sülhməramlılar üçtərəfli sənədə əsasən, Qarabağa yerləşmişdilər, o sənədə əsasən də tərk etməli idilər. Bizim bəzi “ağıllılar” deyirdilər ki, yox, çıxmayacaqlar. Rusların 2025-ci ilin 10 noyabrına qədər Qarabağda qalmaq hüquqları vardı. Sənəddə həmçinin qeyd olunmuşdu ki, vaxtın bitməsinə altı ay qalmış Azərbaycan tərəfi onlara qalmaları, yoxsa getmələri ilə bağlı mövqeyimizi bildirməliyik. Biz də həmin müddəti gözləyirdik ki, mövqeyimizi bildirək. Elə oldu ki, o vaxtı gözləməyə ehtiyac qalmadı.

-Ehtiyacın qalmamasını Rusiya dərk etdi, yoxsa diplomatik kanallarla Azərbaycan Moskvaya bu reallığı çatdırdı?

-Çox güman ki, pərdəarxası danışıqlar gedib, razılıq əldə edilib. Azərbaycan tərəfindən mesajlar ara-sıra verilirdi. Bizə Rusiya ilə qarşıdurma lazım deyildi ki…

Bilirsiniz, 2020-ci ilin 10 noyabrından sonra baş verən proseslərə baxmaq lazımdır. Bu müddətdə çox məsələlər dəyişdi. Qarabağdakı ermənilər bölgəni könüllü tərk etdilər, qayıtmaq niyyətində olmadıqlarını da göstərdilər. İndi bütün ərazilər Azərbaycan Ordusunun nəzarətindədir. Rusiya bunları təbii ki, görür, anlayır. Ruslar Qarabağdan gedən ermənilərin qayıtmaq ehtimalının sıfıra bərabər olduğunu dəqiqləşdirdi, ona görə də bölgədən çıxmaq qərarı verdi. Yarım ildir ki, sülhməramlılar orda istirahət edirlər, heç bir fəaliyyətləri də yox idi. Sanki sanatoriyada idi. Kreml də istirahət müddətinin bitdiyini elan etdi. Məsələ bu qədər sadədir.

-Belə fikirlər var ki, Rusiya Azərbaycan qarşısında hansısa öhdəlik qoyub, ondan sonra Qarabağdan çıxdı…

-Ola bilər ki, Azərbaycanla danışıqlar aparıblar, müəyyən şərtlər qoyublar. Azərbaycan da cavab verib ki, “yox, Bakı sülhməramlıları qovmur, amma vaxtı gələndə, müddət bitəndə çıxmalıdırlar”. Rusiya da fikirləşdi ki, həmin vaxtadək Qarabağda sülhməramlıları saxlamağın nə mənası var, artıq xərc çəkmək nyə lazımdır. Özü də bu gün Ukraynada müharibə aparan bir dövlət, şəxsi heyətə də, texnikaya da ehtiyacı var. Sonda da Rusiyadakı hərbi-siyasi rəhbərlik çıxmaq qərarı verdi. Azərbaycan qarşısında nə öhdəlik qoyula bilərdi ki… Onsuz da iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir, Azərbaycan Rusiyanın maraqları əleyhinə addımlar atmır. Eyni zamanda, ölkələr arasında müttəfiqlik haqqında sənəd imzalanıb və kifayət qədər də işlək bir sənəddir. Ona görə də mən Azərbaycanın hansısa öhdəlik götürdüyünü zənn etmirəm.

-Nəhayət, Qazaxın işğalda olan 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması barədə İrəvanla Bakı arasında razılaşma əldə olundu. Bunu necə qiymətləndirirsiniz?

-Çox yüksək qiymətləndirirəm, çox yaxşı bir razılaşmadır. Hesab edirəm ki, bu, sülhə gedən yolda etimadın yaradılmasında müsbət addımdır. Ermənistan rəhbərliyi də, cəmiyyəti də anlayır ki, Azərbaycanla, Türkiyə ilə razılaşmaqdan, sülhdən başqa yolları yoxdur. Baş nazir Nikol Paşinyan erməni cəmiyyətini yavaş-yavaş sülhə alışdırır, beyni zərərli ideyalarla doldurulmuş ermənilərin beyinlərini təmizləyir. Onsuz da o kəndləri Ermənistan qaytarmalı idi. Çünki o kəndlər Azərbaycanın əraziləridir və Azərbaycan heç bir ərazisinin işğalda qalmayacağı barədə mövqeyini bəyan etmişdi. Müsbət haldır ki, bu problem danışıqlar yolu ilə razılaşdırıldı, qan tökülmədi. Yerdə qalan anklav kəndlərin məsələsi də müzakirə olunacaq, müsbət qərar qəbul ediləcək. Mən buna inanıram və sülh prosesini alqışlayıram. İndi ermənilər içərisində bəzi başıboş adamlar, siyasi dəllallar sərhəd kəndlərində 4 kəndin qaytarılması ilə bağlı qızışdırıcı təbliğat aparırlar, delimitasiya və demarkasiya prosesinə mane olmağa çalışırlar. Hansısa təxribatlar da törədə bilərlər. Düşünürəm ki, bu razılığın pozulmaması üçün həm Ermənistan rəhbərliyi diqqətli olmalıdır, həm də Azərbaycan.

Kəndlərin qaytarılması ilə bağlı müsbət razılaşma həm də onu göstərdi ki, Azərbaycanla Ermənistan öz aralarında danışıqlar aparmaqla razılaşa bilirlər. Bu, həm də vasitəçilik etmək istəyən üçüncü qüvvələrə bir mesajdır ki, “baxın, siz burnunuzu bizim regionun işlərinə soxmayanda biz özümüz razılaşırıq, sülhə doğru addımlayırıq”. Azərbaycan tərəfi sülh prosesində vasitəçinin olmamasında, təkbətək danışıqlarda maraqlıdır, bunu da bəyan edib. Ümid edirəm ki, Ermənistan da bundan sonra üçüncü tərəfin prosesə qarışmasını istəməyəcək. Bütün hallarda, demək olar ki, iki qonşu dövlət və xalq sülhə yaxınlaşıblar.


– Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. İran ilk dəfə öz ərazisindən İsrailə raket və dronlarla hücum etdi. İsrail cavab verəcəyini bəyan etsə də, hələ ki, ciddi addım atılmayıb. Bununla yanaşı, İsrail Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirir. Yaxın Şərqdə baş verənləri necə qiymətləndirmək olarq?

-Adətən müharibə dövründə əxlaq, mənəviyyat arxa plana keçir, yaxud keçirilir. İndi Yaxın Şərqdə də mənəviyyat arxa plana keçib. İranın İsrailə hücumu bir müddət əvvəl İsrailin İranın Dəməşqdəki diplomatik korpusuna hücumuna cavab idi. Hər halda, Tehran bu hücumu səfirliyə hücumla əlaqələndirdi. Məlumdur ki, hər iki dövlət bir-birinə düşmən mövqedə dayanırlar, bir-birinə mümkün qədər çox ziyan vurmağa çalışırlar.

İsrail anlayır ki, İranla təkbaşına müharibə apara bilməz. Ona görə də uzun müddətdir çalışır ki, ABŞ-ni özünə qoşub İrana birlikdə hücum etsin. Amerika isə İranın müdafiə potensialını, gücünü nəzərə alır, İsrailin bu planına uymur, hər zaman bundan boyun qaçırır. Lakin İsrail rəhbərliyi öz niyyətindən əl çəkmir. İsrailin “cavab veriləcək” bəyanatı və bu cavabın gecikməsi də Vaşinqtonu müharibəyə cəlb edə bilməməsi ilə bağlıdır. Yaxın Şərqdə gərginlik hər zaman olub, bu dəfə bir az artan fazadadır.

-İsrail İranla müharibədə niyə bu qədər maraqlıdır?

-İsrailin məqsədi bəllidir – Fələstini tamamilə nəzarətinə keçirmək, Fələstin ərəblərini oradan tamamilə təmizləmək, yerdə qalanları da öz oyuncağına çevirmək. Bu, Təl-Əvivin son məqsədidir və bunun üçün istənilən texnologiyadan istifadə edir. İsrail məqsədə çatmaq üçün hərbi əməliyyatla yanaşı, diplomatik, təbliğat-təşviqat işindən də istifadə edir, bunun üçün çoxlu maliyyə vəsaiti xərcləyir. Bu yolda uğur da qazana bilir.  Təsəvvür edin, Səudiyyə Ərəbistanı da, İordaniya da açıq şəkildə bildirdi ki, bu əməliyyatlarda İsrail tərəfində döyüşəcəklər. Yəni “müsəlman həmrəyliyi”, “İslam həmrəyliyi” nağıldır. Əsas məsələ siyasi həmrəylikdir ki, bunun da arxasında maliyyə və geosiyasi mənafelər dayanır. İran da İsrailin bu siyasətinə qarşıdır, Fələstini tamamilə nəzarətinə keçirməsinə imkan verməmək istəyir. İsrailin xəbis planlarına Tehran qarşı gəlir ki, münaqişə də beləcə davam edir, bitmir.

-İranın planları xəbis deyilmi?

-Mən İranı mələk qiyafəsində təqdim etmirəm, amma İsrailin planları daha məkrlidir. Baxın, sual olunur: İsrail-Fələstin münaqişəsinin əsası var? Əlbəttə, yoxdur. Sadəcə Qərb belə bir münaqişənin süni şəkildə əsasını qoyub və davam etdirir. Qərb guya ki, yəhudiləri sevir?! Əlbəttə, sevmir. Hətta Qərbin bir çox siyasi qüvvələri yəhudilərə nifrət edir. Amma geosiyasətdə nifrət, yaxud məhəbbət yoxdur, maraqlar var. Qərb məqsədli şəkildə ərəb dünyasının ortasında bir yəhudi dövləti yaratdı, məqsəd də ərəb dünyasını ram etmək idi. İsraildən gözəl alət olar?! Məsələnin mahiyyəti budur. Hər zaman demişəm ki, rəsmi Tehran böyük siyasi səhvə yol verir. O mənada ki, İran İsrail dövlətini tanımalıdır. Eyni zamanda, İsrail dövlətindən Fələstin xalqının öz dövlətlərində yaşamaq hüququnu tanımasını kəskin şəkildə tələb etməlidir. Bununla mübarizənin məqsədi dəyişmir, amma təsir üsulu qanuni məcraya düşür.

– İsrail bildirir ki, İranın məqsədi İsraili məhv etməkdir, ona görə də İran zərərsizləşdirilməlidir. Təl-Əviv haqlıdırmı?

-Haqlı deyil. İranın məqsədi İsraili məhv etmək deyil. Tehranın siyasətinin mahiyyəti budur ki, Fələstin dövləti tanınsın. Bu məqsədi ABŞ da bölüşür, Rusiya da bölüşür, BMT- də, digər böyük güclər də. Dünyanın bütün dövlətləri bölüşür, amma İsrail bölüşmür.

-Amma Tehrandan İsraili nəzərdə tutaraq bəyan edilir ki, “sionist rejim məhv edilməlidir”…

-Bu ritorika olmalıdır, təbiidir. İsrail Fələstin dövlətinin yaradılmasına qarşıdırsa, o zaman İrandan nə deyilməlidir ki… HƏMAS-ı İsrail yaratmayıb? İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə HƏMAS-ı yaratdıqlarını etiraf etmişdi. Məqsəd də o idi ki, fələstinliləri parçalasınlar, iki döyüşən radikal hissəyə ayırsınlar və dünyaya desinlər ki, bu iki radikal qrupdan hansı birini dövlət kimi tanımaq olar?! Biz niyə düşünməyək ki, ötən ilin 7 oktyabr hadisəsində, yəni HƏMAS-ın İsrailə hücumunda Təl-Əvivin və Mossadın rolu olmayıb? Axı HƏMAS-ı İsrail yaradıb. Həmçinin HƏMAS-ın atdığı raketləri İsrail zərərsizləşdirə bilməzdi? Yaxud da, Mossadın bu hücumdan əvvəlcədən xəbəri yox idi? Suallar çoxdur, təxmini cavablar da var.

-İddia edirsiniz ki, HƏMAS-ın hücumunda İsrail maraqlı idi?

-Konkret nəticələrə baxmaqda fayda var. HƏMAS-ın İsrailə hücumundan, vəhşiliklərindən, yəhudilərin öldürülməsi, işgəncələrə məruz qoyulması, təhqir edilməsi dünyada yayılandan, Fələstinin müqaviməti beynəlxalq aləmdə xeyli rüsvay ediləndən sonra İsrail əməliyyatlara başladı. İlk 10 gün ərzində dünya buna çox soyuqqanlı yanaşırdı. Hətta belə fikir formalaşmışdı ki, cinayət törətmiş cani fələstinlilərə, HƏMAS-a qarşı İsrail əməliyyat keçirməkdə haqlıdır. Bir-iki ay keçəndən sonra dünya gördü ki, yox, burada nəsə əmma var. 1200 yəhudinin öldürülməsi müqabilində 32 min fələstinli öldürüldü, hansı ki, onların 12 mini uşaqdır. Bundan sonra İsrailin siyasətinə qarşı etiraz dalğası başladı. Bir çox siyasətçilər, ekspertlər deyirlər ki, bu əməliyyatın əsas məqsədi HƏMAS-ın zərərsizləşdirilməsi yox, Fələstin ərəblərinin öldürülməsi, qalanının tamamilə bölgədən qovulmasıdır. ABŞ-dən da buna etiraz gəldi. ABŞ Prezidenti Co Bayden qarşıdan gələn seçkiləri də nəzərə alaraq Netanyahudan tələb etdi ki, İsrail ordusu hər yeri onsuz da dağıdıb, fələstinli qaçqınların yerləşdiyi Misirlə sərhəddəki Refaha müdaxilə etməsin. İsrail də guya Refahdan çıxdığını elan etdi, amma əməliyyatlar bu gün də davam edir. Bir sözlə, baş verənlər hər iki xalqın bəlasıdır, bədbəxtliyidir, faciəsidir.

-İranın İsrailə hücumu bir çox ekspertlər tərəfindən “şou” adlandırıldı. Ümumiyyətlə, bu, şou idimi və nə gərək vardı?

-İran ABŞ ilə genişmiqyaslı müharibədə maraqlı deyil. Tehranda anlayırlar ki, bu, İrana böyük ziyan vurar, fəlakətli nəticələr doğurar. ABŞ da İranla müharibədə maraqlı deyil. Ona görə də İranla ABŞ diplomatları oturub danışdılar, müzakirə apardılar. İran öz niyyətini, məqsədini Amerika diplomatına bildirdi, səfir də bunu öz ölkəsinin rəhbərliyinə çatdırdı. Vaşinqton da bu barədə İsrailə xəbərdarlıq etdi, hücuma qarşı əvvəldən hazırlıq görüldü. İran öz nüfuzunu saxlamaq üçün İsrailə zərbələr endirdi, İsrail də bu zərbələrin 99 faizini zərərsizləşdirdi. Bununla da məsələ bitdi. Mən deyə bilmərəm bu proses şou idi, ya yox. Amma onu bilirəm ki, İran səfirliyinə hücuma cavab verməli idi, öz sifətini qorumalı idi, bunu da həyata keçirdi.

-İran-İsrail münaqişəsinin geniş miqyas alması, şiddətli müharibəyə çevrilmək ehtimalı nə qədərdir?

-İnanmıram ki, şiddətli müharibə olsun. Dediyim kimi, İran da, ABŞ da bunda maraqlı deyil. İsrail istəyir ki, Amerikanın da iştirak etdiyi geniş eskalasiya olsun. ABŞ hökuməti isə bunu istəmir və Vaşinqtondan bəyan edildi ki, İsrailin hücumuna dəstək verilməyəcək. Özü də deyim ki, eskalasiyanı istəyən Netanyahu hökumətidir. Bayden isə Netanyahunun müharibə istəklərinə “yox” deyir. İsraili qoruyan ABŞ açıq şəkildə Təl-Əvivə bildirir ki, özbaşına addım atsan, yeni faciələrə səbəb olsan, məsuliyyəti də özün daşıyacaqsan.

İranın İsrailə zərbə endirmək üçün kifayət qədər imkanları mövcuddur. Hansı ki, bunu ABŞ da bilir. İranda elə silahlar var ki, heç bir “Dəmir qübbə” İsraili bu silahlardan xilas edə bilməz. İran proksi qrupları ilə də İsrailə zərər verə bilər. Amma bunu İran istəmir. Ümumiyyətlə, heç kim istəmir, bircə Netanyahu hökumətindən başqa. Netanyahunun dəstəsinin də son məqsədi Fələstini zərərsizləşdirmək, öz nəzarətinə almaqdır. Ona görə də, hazırkı İsrail hakimiyyəti müharibənin genişlənməsində maraqlıdır. Amma inanmıram ki, geniş müharibə baş versin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top