"Hər gün telefonuma gənc müğənnilərdən mesajlar gəlir, xəcalətimdən cavab vermirəm" — Prodüsser

MÜSAHİBƏ 19 aprel 2024, 13:51
Ötən il oktyabrın sonlarında Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində ilk dəfə ölkəmizdə Musiqi Forumu keçirildi. İncəsənətimizin vacib sahələrindən biri olan musiqidəki müxtəlif problemlərlə bağlı açıq söhbət və geniş müzakirələr aparıldı. Həmin forumdan 6 ay keçib.

Konkret.az bu müddət ərzində hansısa nəticənin əldə olunub-olunmaması, eləcə də musiqi sahəsindəki aktual problemlər barədə “Xaqan” instrumental qrupunun bədii rəhbəri, populyar mahnılar müəllifi, tanınmış prodüsser Asif Kərimovla danışmaq qərarına gəlib.

– Musiqi forumunda çoxlu məsələlərdən, o cümlədən klassik mahnı nümunələrinin geniş təbliğinə ehtiyacdan söhbət açılmışdı. Bu sahədə hansısa dəyişikliklər hiss olunurmu?

– Xeyr. Kim bunu hiss edir ki? Bunu haradan hiss etməliyik? Televiziyalardan? Orada klassik mahnı nümunələrinin təbliğatı, ümumiyyətlə, görünmür.

– Belə çıxır ki, özümüz deyir, özümüz eşidirik…

– Elə çıxır…

– Bu durum nə qədər davam edəcək, sizcə?

– Mən bunu bilmirəm.

– “Mədəniyyət” TV-də göstərilən müsiqi verilişlərini qənaətbəxş hesab edirsinizmi?

-Azərbaycan musiqisini və mədəniyyətini təbliğ etməyə çalışırlar. Sadəcə, “Mədəniyyət” TV bu veriliş və proqramları köhnə üslubda təqdim edir. Bu da indiki gənclər tərəfindən qəbul edilmir. Mütləq yeniliklər olmalıdır. Geniş kütləni, xüsusilə də gəncləri ələ almaq üçün musiqi verilişlərinin müasir formatda təqdimatına böyük ehtiyac var. Bu, mənim düşüncəmdir. Ümumiyyətlə isə ölkə teleməkanında “Mədəniyyət”dən başqa Azərbaycan Televiziyasını (AzTV), İctimai Televiziyanı (İTV), ARB 24 və “ARB Günəş”-i izləyirəm.

– Müsahibəyə hazırlaşarkən sizin musiqinin təbliğinə dair bir sıra çıxışlarınızı izlədim. Çox düzgün olaraq xalqın musiqisinə böyük zərbə vurulması ilə bağlı “həyəcan təbili” çalırsınız. Yad ladlarda olan mahnıların efirdə nümayiş etdirildiyinə, musiqi redaksiyalarına peşəkarların rəhbərlik etmədiyinə diqqət çəkirsiniz. Sizcə, bunun səbəbləri nədir?

– Bu çox geniş mövzudur. Əvvəla, ondan başlayaq ki, özəl telekanallarda musiqi redaksiyaları yoxdur. Gərək redaksiya yaradılsın ki, musiqi redaktoru da olsun. Görün, İTV musiqi ilə bağlı necə gözəl verilişlər hazırlayır. İnsanların ora yazdıqları rəğbət dolu şərhlərə baxın. Siz İTV efirindən qeyri-peşəkar müəllif musiqisi və ifa eşidirsinizmi? Yox. Musiqi verilişlərinin və proqramlarının sayı az olsa da, verilişlər peşəkarcasına hazırlanır. Sadəcə, İTV də yalnız musiqidən ötrü yaradılmayıb axı.

– Hər bir telekanal məlumatlandırma, maarifləndirmə və əyləndirmə prinsipi əsasında hərəkət etməlidir.  

– Musiqinin təbliğatı ilk növbədə maarifləndirmə istiqamətində aparılmalıdır, sonra isə yüksək səviyyədə əyləncəli musiqili veriliş və proqramlar hazırlanmalıdır. Bir musiqiçinin yetişməsi ən azı 10 il zaman alır. 10 ildən sonra anlayırsan ki, bundan peşəkar musiqiçi olacaq, ya olmayacaq. Musiqimizin indiki durumu bu günün işi deyil. Bu, 30 il öncədən ardıcıl olaraq musiqi sənətinə damla-damla vurulan zərbələrin nəticəsidir. O dövrdə peşəkarlar çox danışdılar, sonra gördülər ki, bunun heç bir əhəmiyyəti yoxdur, susmağa üstünlük verdilər.

Ən maraqlısı, ən təəccüblüsü, ən qorxulusu isə odur ki, Azərbaycanda ciddi musiqi ilə məşğul olan insanlar Azərbaycan televiziyalarına baxmadıqlarını deyirlər. Bu, biabırçılıqdır. Sənin baxmamağın məsələnin həll olunması demək deyil. Sən baxmalısan və mövcud probemlərdən danışmalısan. Pis musiqi ilə pis, yaxşı musiqi ilə yaxşı insan tərbiyə olunur. Sən baxmayanda, məsələn, əxlaqlı, intellektual nəvən ictimai yerlərdə həmin pis musiqi ilə tərbiyə olunmuş pis insanla qarşılaşmayacaqmı? Onların düşüncə tərzi toqquşanda isə problem yaranacaq. Odur ki, mütləq Azərbaycan telekanallarına baxmaq, problemləri dilə gətirmək və həll emək lazımdır.

–  Bir məqam da var. Bəzən peşəkar musiqiçinin də rəhbərliyi telekanalların musiqi siyasətinə müsbət təsir etmir. Layiq olmayan mahnılar və ifaçılar hansısa yolla efirlərə yol tapırlar. Burada, yəqin ki, telekanal rəhbərliyi amili də rol oynayır. Hər şey heç də təkcə musiqi redaktorundan asılı olmur.

– Yox, rəhbərlik sənə musiqi siyasətini tapşırıb, bu işi görməlisən. Rəhbərlik hər işə qarışan idisə, musiqi siyasətini də özü aparardı, daha işi sənə niyə həvalə edirdi? Bir ara hər yerdə anarxiya dövrü idi. Dediyiniz məsələlər həmin dövrə aid idi,  telekanallar da həmin mərhələdən keçməli oldular.

– İş ondadır ki, qeyri-peşəkarlar indi də efirə yol tapırlar və onları “sənətkar” adlandırırlar. 

– Ortaya 4-5 balaca qızın çıxması problem deyil. Onlar nə boydadır ki, Azərbaycan musiqisini yaman günə qoysunlar? Okeanda heç damla da deyillər. Problem başqadır və problemin həlli bir telekanaldan asılı deyil. Bütün teleməkan birləşməsə, problem həll olunmayacaq.

– Vaxtilə Azərbaycan estradasının Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu kimi müğənnilərinin, “Qaya” vokal kvartetinin səsi dünyanın müxtəlif ölkələrindən eşidilirdi. Hətta Müslüm Maqomayev beynəlxalq müsabiqələrin birincisi olurdu. İndi Azərbaycan estradasını dünyaya tanıdacaq müğənnilərimiz sanki yoxdur. Hazırda Qazaxıstan bu sahədə böyük inkişafa nail olub. “Nədən bizdə belə durum yaranıb” deməyəcəyəm. Bu durumun düzəlməsi üçün nə etmək lazımdır?

– Media nümayəndələri nə zaman konservatoriyadakı pedaqoqlardan neçə tələbənin beynəlxalq müsabiqələrdə iştirak etdiyini, hansı yerləri tutduqlarını soruşublar və bu barədə məlumat veriblər? Gəlin belə danışaq, başda mən olmaq şərtilə hamı özünü professor kimi göstərmək istəyir. Hamıya şou maraqlıdır, media ciddi musiqidən yazmır. Deməli, jurnalistikadan başlayır hər şey. O zaman niyə gileylənirik? Bizim jurnalistlər şou əhlini, guya yalançı oxuyanları biabır edib, dəbə mindirir. Amma kimsə bəstəkar Ceyhun Allahverdiyevdən yazmır. Niyə onun haqqında yazmırsınız? Ceyhun Allahverdiyev kimi bəstəkarlara hərtərəfli şərait yaratmaq lazımdır ki, onlar böyük əsərlər ortaya qoysunlar və klassik musiqiyə həvəs də artsın.

– Arif Məlikovun bəstəkarlıq məktəbinin davamçısı kimi ondan məqalələr yazılır, müsahibələr götürülür.

– Mən yazıldığını görməmişəm. Musiqidə hansısa problemin yaranması qlobal məsələdir. Burada hamının, mənim də, mənim kimilərinin də, sizin də, başqasının da günahı var. Hər şeyi bir televiziyanın üstünə atmayaq.

– Biz televiziyanın üstünə atmırıq. Sadəcə, müasir estradamızdakı durumla bağlı faktı konstatasiya etdim.    

– Mən nə qədər işlər görmüşəm, media nə vaxt yazıb? Müharibədən sonra ilk dəfə Moskvada konsert təşkil edən adamam. Media nə vaxt yazdı ki, afərin, qələbədən sonra bu insanlar ilk dəfə Moskvada min nəfərlik konsert salonunda (hansısa restoranda yox!) konsert veriblər, Azərbaycanı və mədəniyyətini təbliğ ediblər. Tamaşaçılar arasında azərbaycanlılar qədər ruslar, ukraynalılar və başqa millətlər də vardı. Niyə media yazmadı?

– Bəlkə medianın bundan xəbəri olmayıb. Bu, sizin piar kampaniyanızın xətası deyilmi? Müasir dövrdə piar xidməti olmalıdır axı.

– Piarı media etməlidir.

– Siz jurnalistlərlə əməkdaşlıq etməlisiniz ki, piarınız da mediada görünsün.

– Mən bu barədə telekanallarda müsahibələrimdə demişəm, amma heç kim yazmayıb. Bilirsinizmi, bu, ümumi bəlamızdır. Media da şou, qalmaqal və qırğın xəbərləri axtarır.

– Biz sizinlə dava-qırğın çıxarmağa gəlməmişik. Əksinə, müsiqinin problemlərindən danışmağa gəlmişik.

– Azərbaycanda Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Fikrət Əmirovu yetişdirən xalq bundan sonra da istedadlar yedişdirəcək. “Onlardan olmayıb, daha  olmayacaq” fikri yanlışdır. Sadəcə, istedadlara kömək edib, o səviyyəyə qaldırmaq lazımdır.

– Söhbətimiz bu yerə gəldiyi üçün bəstəkarlıq mövzusunda daha bir ağrılı məqama toxunmaq istərdim. Qəribə paradoks yaranıb. Çar Rusiyası dövründə Azərbaycanda Üzeyir Hacıbəyov kimi dahi şəxsiyyət meydana çıxır, senzuralı sovet dövründə onun xidməti sayəsində musiqidə təlatüm yaradan Azərbaycan bəstəkarları yetişir. 33 ildir müstəqillik dövründəyik, keşməkeşli keçid dövrünü arxada qoymuşuq, hətta Qarabağda parlaq zəfər əldə etmişik. Amma informasiya texnologiyasının inkişaf etdiyi əsrdə Azərbaycanda bəstəkarlıq məktəbi tükənməkdədir. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bu problemlə bağlı deyir ki, indi Almaniyada da Bax, Bethoven yetişmir. Amma məsələ ondadır ki, Avropada müasir musiqi inkişaf etməkdədir. Bu durumda nə etməliyik?  

– Mən Fərhad Bədəlbəylinın sözünün qarşısında o barədə bir söz deyə bilmərəm. Fərhad müəllim böyük musiqiçidir. Onun savadı da, təcrübəsi də məndən çoxdur, statusu da fərqlidir. Hərənin bir düşüncəsi var. İndi başqa tələbatlar o qədər çoxalıb ki, artıq ciddi musiqiyə gedən yoxdur. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Səid Rüstəmov və digər korifeylərimiz qarşılarında Üzeyir bəyi görüblər və böyük ustad tərəfindən qiymətləndiriliblər. Baxın, neçə illər əvvəl bizdə idmana da gedən yox idu.

– Muğama da gedən yox idi…

– Nə oldu, bəs indi niyə idmana gedirlər? Çünki idmana verilən yüksək qiyməti və təbliğatı gördülər. Ölkəmizə medallar gətirən nə qədər idmançılarımız yetişdi. Siz demişkən, muğama da gedən yox idi, muğam ifaçıları tükənirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə muğam televiziya müsabiqəsi keçirildi. Bu müsabiqəyə çıxanların təbliğatı güclü şəkildə aparıldı və dövlətin onlara qayğısı hiss olundu. Gənclərdə klassik muğam musiqisinə böyük həvəs oyandı.

Bayaq dedim, bir adamın peşəkar musiqiçi olub-olmayacağını müəyyənləşdirmək üçün 10 il lazımdır. Sonra peşəkarlığın artırılması üçün konservatoriya təhsili lazımdır. Hamımız hər gün 8 saat musiqi ilə məşğul olmuşuq və öyrənmişik. Mənim mahnılarım populyar olmuşdu, amma Vasif Adıgözəlov, Ramiz Mirişli, Süleyman Ələsgərov kimi bəstəkarlardan utanaraq radioda xahiş etmişdim ki, mənim adımı çəkməsinlər. İndiyədək də adımın bəstəkar kimi çəkilməsinə razı deyiləm ki, ayıbdır. Bəla burasındadır ki, hazırda 15 il əziyyət çəkərək gözləri kor olan bir bəstəkara klassik əsər yaratmaq üçün sifariş yoxdur. Fitlə mahnı yazanlar 3–4 min manata mahnı “bəstələyirlər”. Belə halda klassik bəstəkarlığa gedən olacaqmı? Fərhad müəllimin məsələnin bu tərəfindən xəbəri yoxdur ki, axı fitlə mahnılar yazırlar. O, oturub klassik musiqinin içində. Bayaq dedim ki, peşəkar musiqiçilər Azərbaycan televiziyalarına baxmadıqlarını deyirlər.

– Hətta “utanırıq baxmağa” deyənlər də var.

– Qurban olum sənə, utanmaqla iş düzəlir? Düzəltmək lazımdır.

– Qarabağı qaytarmışıq, televiziyaları düzəldə bilmirik…

– Mən heç vaxt başqa mövzuda danışmaram, çünki ixtisasım deyil. Hətta mahnının sözlərindən də danışmaram, çünki haqqım və hüququm yoxdur. Yalnız musiqidən danışıram, çünki haqqım və hüququm var. Klassik musiqidən danışmalı olan insanlar susmamalıdırlar. Məndən böyükdürlər. Mən bunu nəyə görəsə danışmıram. Hamımızın balası, qohum-əqrəbası var. Onlar bu cəmiyyətdə böyüyəcəklər. Qarabağ problemini həll etmişik, artıq intellekt məsələlərinə keçməliyik. Cəmiyyətimiz intellektual olmalıdır.

– Telekanallarda muğam və ya estrada müsabiqələrinin keçirilməsi mövzusuna toxundunuz. Ötən il “Bakı payızı 2023 – 35 il sonra” estrada müsabiqəsi də keçirildi. Musiqi müsabiqələrini izləyirsinizmi?

– Bəli, televiziyalardan izləyirəm. Bir müsabiqədə 500 gəncin içindən 20 nəfəri yarışmaq üçün seçilir. Maksimum (onu da etsələr) həmin müsabiqələrdə ilk üç yeri tutanlar efir üzü görürlər. Qalan 17 nəfər bu imkandan məhrum olur.

– Bilirsinizmi, “Bakı payızı 2023 – 35 il sonra” müsabiqəsinin qala-konsertində mən məyus oldum. Bu müsabiqənin və qala-konsertin keçirilməsi üçün prodüsser Sevinc Kərimova və bəstəkar Mikayıl Vəkilov böyük əziyyət çəkmişdilər. Amma müsabiqəyə soyuq münasibət məni heyrətləndirdi. Mükafatlar təqdim olunarkən, müvafiq qurumlar tərəfindən ilk üçlüyə layiq görülən qaliblərə heç bir dəyərli təklif belə edimədi. 

– Onların musiqi karyerasının sonrakı mərhələsi yenə də təbliğatla bağlıdır. Yenə də gəlib çıxırıq televiziya mövzusuna. Mədəniyyət Nazirliyi kiminsə təbliğatının aparılması ilə bağlı televiziyalara göstəriş verə bilməz. TV-lər özləri hansısa istedadın üzə çıxarılmasında, tanıdılmasında maraqlı olmalıdır.

– Siz musiqi müəllifi və ya prodüsser kimi son dövrdə keçirilən həmin müsabiqələrdəki ifaçılardan kiminləsə maraqlanırsınızmı?

– Bildiyiniz kimi, 4 ildir vaxtilə “Azəri star” mahnı müsabiqəsinin iştirakçısı olan Kəmalə Qaramollayeva ilə çalışıram. Onun ilk növbədə pianoçu olması pop müsiqisində çox önəmlidir. Mənə müraciət edəndə ifasını da dinlədim, istedadlı xanımdır. Bilirsinizmi, hər gün telefonuma gənc müğənnilərdən mesajlar gəlir, xəcalətimdən cavab verə bilmirəm.

– Onlar müsabiqə iştirakçılarıdır?

– Xeyr. İstedadlı uşaqlardır. Zəng edirlər ki, Asif müəllim, mənə kömək edin. Sadəcə, həmin uşaqları təbliğ etmək lazımdır. Təbliğat isə internet saytlarından və televiziyalardan başlayır. Ümumiyyətlə isə teleməkanda keçirilən bütün müsabiqələrin iştirakçılarından mənə müraciət edənlər var. Belə çıxır ki, həmin gəncləri sonrakı karyeraları ilə bağlı aldadıblar. Halbuki onlar hansısa ümidlə müsabiqələrə gəlirlər. Müsabiqə bitir, vəssəlam. Müğənniliyə həvəsləndirirlər, sonra isə heç bir kömək etmirlər. Heç olmasa, hər televiziya öz efirində yayımlanan müsabiqələrin iştirakçılarına kömək etsinlər. İstedadsızdan söhbət getmir. Bir də görürsən efirə musiqiyə heç bir dəxli olmayanı çağırırlar və deyirlər ki, biz bütün xalqa açığıq, hamıya köməklik göstəririk. Kaş belə köməyi göstərməz olaydınız! Ya da görürsən ki, tv-lər “filankəsdən iddialı addım” deyib, kiminsə çılpaq şəklini göstərirlər. Ayıb deyilmi? İddialı addım sənətlə, hansısa müsabiqədə yüksək yer tutmaqla bağlı ola bilər.

– Görünür, bizim musiqi sistemində hansısa həlqələr qırılıb, amma bərpasına tələsən yoxdur…

– Bilirsinizmi, statusundan asılı olmayaraq 10 – 20 nəfər peşəkar musiqi ilə sıx bağlı olan fədakar insanları bir araya gətirmək lazımdır. Vacib deyil ki, həmin şəxs Əməkdar, ya da Xalq artisti olsun. Hərə vəziyyəti düzəltmək üçün təkliflə gəlməlidir. Həmin təkliflərin əsasında konsepsiya tərtib etmək və onun əsasında təcili hərəkətə keçmək vacibdir. Birləşək, vəziyyətin düzəlməsinə kömək edək. Mən bundan öncə də bəyan etmişəm, indi də bir daha təkrar edirəm: hansısa telekanalda pulsuz işləməyə hazıram.

– İndiyədək hansısa telekanal rəhbəri sizi dəvət edərək, “Asif bəy, musiqi sahəsini sizə həvalə edirəm, durumu düzəldin” təklifini edibmi?

– Məni çağırmayacaqlar.

– Niyə?

– Çünki bütün telekanallarda asiflər və ya Asif kimilər oturmalıdır ki, onlar eyni anda işə başlasınlar. Bu olmasa, mənim çalışdığım telekanala maddi ziyan dəyər. Mən ciddi musiqini təbliğ edəcəyəm, telekanalın reytinqi aşağı düşəcək və sponsor pul ayırmayacaq. Bir tanışım var, əvvəllər telekanal rəhbəri olub, xətrimi çox istəyir. Ondan soruşdum ki, yenidən telekanala qayıtsa, məni işə götürərmi, açıq şəkildə üzümə dedi ki, götürməz. Dedi, səni işə götürsəm, 3 aydan sonra telekanal müflis olar. Haqlıdır. Çünki zövqləri korlayıblar. Bütün telekanallar bu işə eyni anda başlamasa, heç nə alınmayacaq.

– Tanış vokal müəllimlərindən birinin sözüdür. Danışırdı ki, tələbələrinə toylara da getməyi tövsiyə edir. Bunu millətimizin zövqlü musiqi dinləyə bilməsi üçün dediyini bildirirdi.

– Mən özüm dolanışıq naminə 2-3 aydan bir hansısa toyda musiqi rejissorluğunu üzərimə götürürəm. Bütün toyları klassik musiqi ilə açıram. Hətta monitorlarda da “Arşın mal alan”və digər məşhur filmlərimizin fraqmentlərini nümayiş etdirirəm. Gücümüz buna çatır. Elə bilirsiniz, camaat qulaq asmır? İnandırım sizi, Ağsunun kəndində mən bunu təşkil edəndə camaat alqışlarla qarşıladı. Günahı xalqın üzərinə atmaq lazım deyil. Günah bizdədir – musiqiçilərdə, televiziyalarda. Sən nə vaxt belə təbliğat apardın, adamlar dinləmədi? Bizdə musiqi bünövrəsi var axı. O bünövrəni qorumaq lazımdır. Əgər klassik janrda fəaliyyət göstərən bəstəkarlara yol açılsa, maddi tərəfdən təmin olunsalar, meydana gözəl əsərlər çıxa bilər.

– Məsələn, əvvəllər Azərbaycan televiziyası klassik əsərlərə və mahnılara görə bəstəkarlara qonorar ödəyirdi. Belə sistemin bərpası peşəkar musiqiçilər üçün stimul yarada bilər.

–Üzdə olmayan istedadlı peşəkar musiqiçilər var. Onları meydana çıxarmaq lazımdır. Bu yaxınlarda Heydər Əliyev Sarayında konsertdəydim. İndi həmin sarayın direktoru işinin peşəkarı olan İlham Qasımovdur. Qiraət gecəsi idi. Yalçın Adıgözəlovun rəhbərliyi ilə Niyazi adına Dövlət Simfonik Orkestri çıxış edirdi. 2 saat 15 dəqiqə orkestrin müşayiətilə şeirlər səsləndirildi. Çox sevindim ki, simfonik orkestrdə bütün alətlər vardı və həmin alətlərdə məhz azərbaycanlı gənclər çalırdılar. Deməli, inkişaf var. Mən tamaşaçı olaraq həmin gecədən böyük zövq aldım. Tamaşaçıların kübar davranışı da insana ayrı zövq verirdi.

– Sonda ənənəvi sualdan biz də yan keçmək istəmirik. Hazırda hansı layihələri həyata keçirirsiniz? Deyəsən, qrupunuzla konsertə hazırlaşırsınız.

– Martın 16-da biz Heydər Əliyev Sarayında “Arif Babayevin Muğam Dünyası” adlı konsert keçirdik. O konsert iki gün olmalı idi. Sadəcə, həmin anda müğənnilərin çoxu qastrola getməli olduqlarından ikinci konsert may ayına qaldı. Birinci konsertdə iştirak etməyən müğənnilər və xanəndələr bu dəfə yeni repertuarla çıxış edəcəklər. Bundan başqa bir qlobal layihə var. Layihənin təşkilatçısının icazəsi olmadan bu barədə hələlik ətraflı məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, bu layihədə Elnarə Abdullayeva və Kəmalə Qaramollayeva da iştirak edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top